Bayılda neft buruqlarının mühərrikləri oğurlandı - GÜNÜN TƏZADLARI

18:43 25.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Səbail rayonu Bayıl qəsəbəsində yerləşən neft buruqlarının mühərrikləri oğurlandı. Hafta.az yazır ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinə müraciət edilərək, qəsəbə ərazisində müxtəlif  vaxtlarda 5 ədəd neft mühərrikinin naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verilib.  Dərhal “isti” izlərlə əməliyyat-axtarış tədbiri keçirilib və qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan İbadov və İmişli rayon sakini Elnur Ağayev saxlanılıblar. Hər iki şəxs ifadələrində 5 ədəd mühərrik oğurladıqlarını və paytaxtın Nizami rayonunda satdıqlarını bildiriblər. Qeyd edək ki, oğurlanmış əşyalar polis əməkdaşları tərəfindən satıldığı obyektdə aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. Hazırda saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Uşaq ürəyi sinəsindən kənar vəziyyətdə doğuldu

Hindistanın şimalındakı Haryana əyalətində uşaq nadir xəstəlik - ürək ektopiyası ilə dünyaya gəldi. Hafta.az-ın yazdığına görə, Oxu.az xəbər verir ki, “Daily Mail” yeni doğulmuş uşağın videosunu yayımlayıb. Xəstəxanada çəkilən görüntülərdən aydın olur ki, çarpayıda yatan körpənin ürəyi sinəsində vurur. Körpənin bədəninə çox sayda kateter və borular quraşdırılıb. Həkimlərin dediyinə görə, uşaq ağır vəziyyətdə reanimasiyadadır. Ürək ektopiyası ürəyin sinə xaricində inkişaf etdiyi anadangəlmə, nadir xəstəlikdir. Ondan əziyyət çəkən uşaqların əksəriyyəti həyatının ilk ilində ölür. Bu qüsurla ən uzun ömür yaşamaq amerikalı Kristofer Uolla nəsib olub. Belə ki, o, bir neçə əməliyyat keçirərək 34 il yaşaya bilib.

 

Nazir Trampın çıxışı zamanı yatdı

ABŞ-ın ticarət naziri Uilbur Ross ölkə başçısının BMT Baş Assambleyasındakı çıxışı zamanı mürgülədi. Hafta.az Musavat.com-a  istinadla xəbər verir ki, bu barədə “CNBC” kanalı məlumat yayıb. Nazir özü bunu inkar etsə də, müşahidəçilər onun prezidentin çıxışı zamanı düz 15 dəqiqə mürgülədiyini bildirirlər.  Donald Trampın Uilbur Ross üçün yaxın mövzu sayılan Çinlə ticarət savaşı barədə danışmağa başlaması belə nazirin yuxusunu qaçırmayıb. Bundan başqa, ölkə başçısı İran mövzusundakı fikirlərini ifadə etdiyində  cənab Rossun gözləri yumulu halda olub. Ondan fərqli olaraq vitse-prezident Maykl Pens və dövlət katibi Maykl Pompeo Ağ Ev rəhbərinin sözlərini diqqətlə dinləyiblər. Qeyd olunur ki, 82 yaşlı nazir dövlət tədbirlərində tez-tez belə vəziyyətlərdə jurnalistlərin diqqət mərkəzinə düşür; məsələn: 2017-ci ildə Trampın Səudiyyə Ərəbistanına rəsmi səfərinin gedişatındakı nitqi zamanı hər kəs Uilbur Rossun yuxuladığının şahidi olub.

 

MSK-nın 37 yaşlı əməkdaşı öldü

Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin İnformasiya mərkəzinin baş məsləhətçisi Hikmət Əhmədov dünyasını dəyişdi. Hafta.az-ın yazdığına görə,“Report” xəbər verir ki, H.Əhmədov uzun sürən xəstəlikdən vəfat edib. Xatırladaq ki, o, 1982-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub.

 

Rusiyadan gələn avtomobildə 7 min güllə aşkarlandı

Azərbaycan vətəndaşı sərhəddən qanunsuz olaraq külli miqdarda güllə keçirmək istərkən yaxalandı. Hafta.az Musavat.com-a istinadla yazır ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes-Benz Viano” markalı avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerinin sol tərəfindəki örtüyün altında və ön sağ oturacağın altında olan boşluqlarda 14 ədəd metal qabda üzərində “Exact Jumbo Heavy Diabolo” yazısı olan 7000 ədəd yarımkürə formasında tir tüfənginin gülləsi aşkar olunub. Faktla bağlı araşdırma aparılır.