BƏƏ ilə Azərbaycan arasında geniş əlaqələr var" - BƏƏ səfiri  

19:15 02.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı Səfirliyi Əmirliklərin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib. Dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət təmsilçilərinin qatıldığı tədbirdə öncə hər iki ölkənin himni səsləndirilib.

BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd əl-Qubaisi öncə ölkəsinin yaranma tarixindən söz açıb.

"Dövlətimizin yaranmasının 48-ci ildönümünü qeyd edirik. Birlik günəşi 1971-ci ilin eyni günündə yüksəlmiş, dövlətimiz inkişaf yolunda inamlı addımlar atmağa başlamış, "Baxış-2021"in əsasında yaranmasının 50-ci ildönümündə dünyanın ən yaxşı dövlətlərindən birinə çevrilib. "BƏƏ vətəndaşları hər il dekabrın 2-də qeyd etdikləri Milli Gün əsasında dövlətin böyük uğurıarı ilə tanış olurlar. Bu uğurların bariz nümunəsi Şeyx Xəlifə bin Zayed əl-Nahyanın tolerantlıq prinsipləri ilə birgə yaşayış və qarşılıqlı hörmət əsasında 200-dən artıq millətin yaşadığı bir dövlətdə 2019-cu ili Tolerantlıq ili elan ediblər", – deyən səfir əlavə edib ki, bu il həmçinin Şeyx Zayedin baxışlarını əks etdirir. Səfir bildirib ki, BƏƏ ilə Azərbaycan arasında geniş əlaqələr var.

"Hər iki dövlət başçısının qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən Azərbaycana gələn turustlərin sayının artması əlaqələrin inkişafına təkan verib", – deyən səfir bildirib ki, BƏƏ-nin iqtisadiyyat naziti Sultan əl-Mənsurinin azərbaycanlı həmkarı Mikayıl Cabbarovun iştirakı ilə 4-cü BƏƏ-Azərbaycan Ticarət Məclisi keçirilib. Bunun özü də gələcəkdə əlaqələrin genişlənməsinə zəmin yaradır.

"Heç şübhəsiz, bu göstərici və uğurlar iki ölkə arasında mövcud əlaqələrin inkişafına töhfə verən birgə səylərimizin nəticəsidir", – deyib diplomat.

İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, 48 il əvvəl dövlətçiliyinə qovuşan BƏƏ bu müddətdə böyük uğurlar qazanıb və dost ölkənin nailiyyətləri Azərbaycanı sevindirir. "Biz Qarabağ nünaqişəsinin həlli məsələsində Azərbaycana verdiyi dəstəyə görə təşəkkür edirik. İqtisadi sahədə də böyük əlaqələrimiz taranıb. BƏƏ Azərbaycan iqtisadiyyatına 347 milyon dollar sərmayə yatırıb və bu gün də əməkdaşlıq davam edir", – deyən nazir əlavə edib ki, hazırda ikitərəfli əlaqələr iqtisadiyyatın bir çoxbsahələri üzrə inkişaf etməkdədir.

Ölkələrimiz arasında dostluq əlaqələrinə bir az da müəllifin nəzərləri ilə baxaq:

BƏƏ ilə ölkəmiz arasında da - istər siyasi, istər iqtisadi, istər sə də mədəni-humanitar sahələrdə -  yaxşı münasibətlər mövcuddur. BƏƏ Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb. İkitərəfli diplomatik əlaqələr isə 1992-ci il sentyabrın 1-də qurulub. Azərbaycanın BƏƏ-də səfirliyi 11 aprel 1997-ci ildə təsis edilsə də, Əbu Dabidəki iqamətgahında rəsmən fəaliyyətə 2001-ci il iyunun 16-da başlayıb. Eyni zamanda, 2012-ci il martın 14-dən Dubayda Azərbaycanın Baş Konsulluğu açılıb. Azərbaycanın BƏƏ-də səfiri Mahir Əliyev, BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd əl-Qubaisidir.

Bu gün Milli Məclisdə Azərbaycan - BƏƏ parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 2016-cı il martın 4-dən qrupun rəhbəri Cavanşir Paşazadədir.

İki ölkə arasında iqtisadi əlaqələr də inkişaf etməkdədir. Azərbaycanın Asiya ölkələri ilə ticarətində idxalın 6, ixracın isə 4 faizi BƏƏ-nin payına düşür. Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir, qarşılığında isə ora kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.

Bu yerdə qeyd edək ki, BƏƏ ilə Azərbaycan arasında  münasibətlər 2011-ci ildə bu ölkənin Bakıda səfirliyi açıldıqdan sonra daha da inkişaf etməyə başlayıb. Ümumilikdə, ölkələrarası münasibətlər iki dövrə bölünür: birinci dövr səfirlik açılmazdan öncə, ikinci dövr səfirlik fəaliyyətə başladıqdan sonrakı dövr. Əməkdaşlıq davamlı yolla inkişaf edib. Azərbaycan, əsasən, BƏƏ-yə meyvə, meyvə şirələri, qoz-fındıq, qida və metal məhsullar ixrac edir. BƏƏ isə Azərbaycana, əsasən, elektronika, yüksək texnologiya məhsulları, tikinti materialları və sənaye məhsulları satır. Əlavə olaraq, polietilen polimer, mebel, maşın hissələri də, həmçinin, BƏƏ-nin Azərbaycana ixracatları sırasındadır.

Hazırda BƏƏ ilə Azərbaycan arasında birgə Hökumətlərarası İqtisadi Komitə fəaliyyət göstərir ki, onun məqsədi ticarət və investisiyanı genişləndirməklə, gələcəkdə ikitərəfli investisiyalar və birgə layihələr üçün yeni təşəbbüslər  araşdırmaqla  iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirməkdir.

Qarşılıqlı rəsmi səfərlər və görüşlər  iqtisadi əməkdaşlığa dair müzakirələrə və doqquz mühüm sektor üzrə gələcək əməkdaşlıq qurmağa yol açıb. Bu sahələrə kənd təsərrüfatı, bərpa olunan enerji, turizm, ətraf mühit, su, kommunikasiya, müasir texnologiya və hava nəqliyyatı daxildir. Ən önəmlisi BƏƏ və Azərbaycan böyük həvəs və inamla hər iki ölkədə bizneslər arasında əməkdaşlığın genişlənməsi naminə ticarət və investisiya imkanları yaratmaq üzərində çalışırlar.

Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk ofisinin məhz Bakıda açması da BƏƏ və Azərbaycan arasındakı əməkdaşlığın digər əsas məqamlarındandır.

Azərbaycan da Dubayda Ticarət Evi açıb. Ticarət Evi müxtəlif sahələr üzrə Azərbaycana dair müfəssəl məlumat təminatı rolunu daşıyır. Qiymətləndirmələr göstərir ki, Ticarət Evinin fəaliyyəti BƏƏ-yə qeyri-neft ixracatını artırır. Burada 600-dan artıq Azərbaycan məhsulu var. Rəqəmlər həm də 2017-ci il ilə müqayisədə 2018-ci ildə ikitərəfli ticarət dövrüyyəsinin 50,8 faiz artdığını göstərir. 2018-ci ildə ölkələrimiz arasında ticarət əlaqələrinin həcmi 55 milyon dollar olub. Onun da 32 milyon dollardan artıq hissəsi BƏƏ-dən Azərbaycana ixracın payına düşür.

İki dövlətin hökumətləri arasında 23 sənəd imzalanıb.

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq BƏƏ-nin ölkəmizdəki səfirliyinin başda səfir Məhəmməd Əhməd əl-Qubaisi olmaqla bütün diplomatlarını təbdik edirik