Bərdədə 99 yaşlı qadına ilk dəfə vəsiqə verildi - Günün təzadları 

19:52 09.08.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 99 yaşlı qadına ilk dəfə şəxsiyyət vəsiqəsi verildi.  "Report"un Qarabağ Mərkəzi xəbər verir ki, bununla bağlı müraciət Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə “ASAN xidmət” mərkəzində qeydə alınıb. Belə ki, rayonun Qaraqoyunlu kənd sakini, 1920-ci il təvəllüdlü Tuyğun İmran qızı Mustafayeva ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib. Həmin vətəndaşın şəxsiyyət vəsiqəsi avqustun 9-da Bərdə “ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən ona təqdim olunub.

 

19 yaşlı müsəlman qız 4 kişiyə qalib gəldi

19 yaşlı malayziyalı müsəlman xanım  Nur Diana rinqdə  hicabla çıxış edərək ölkəsindəki böyük restlinq-güləş turnirində qalib  gəldi. Hafta.az  “Qardian”(“The Guardian”) nəşrinə istinadla xəbər verir ki, turnirin qalibi adını qazanmaq üçün Nur Diana dörd güclü kişini məğlub etməli olub.  “Feniks” təxəllüslü qızın qələbəsi hakimləri və tamaşaçıları heyrətləndirib. Çünki onun çəkisi cəmi 43 kq, boyu isə 152 sm-dir. "Real həyatda çox utancaq və təmkinli olsam da, rinqə girəndə sanki mənimlə nəsə baş verir və mən tamamilə fərqli bir insan oluram. Buna görə də restlinqi çox sevirəm - real həyatda heç vaxt cəsarət etməyəcəyim işlərin öhdəsindən gəlməyə nail oluram...” -deyir Nur Diana.  Gənc müsəlman qız restlinqə 14 yaşında qardaşı ilə “PlayStation”  oynayaraq maraqlanıb və o vaxtdan bəri qadınlar üçün olmayan bu idman növündə bacarıqlarını inkişaf etdirir. Qeyd edək ki, reystlinq hələ XVIII əsrdən Şimali Amerikada əsası qoyulan, teatrlaşdırılmış və rəqibə qalib gəlmək üçün istənilən priyoma icazə verilən amansız bir güləş-döyüş növü, idman şousudur.

 

Tanınmış klarnet ifaçısı tələbə oldu

“Dostlar, tələbə adı mənə də qismət oldu. Yaşım 35 olsa da, dedim, qoy oluramsa, ali savadlı musiqiçi olum. Bu il Universitetə qəbul olan hər kəsi təbrik edirəm”. Hafta.az  Musavat.com-a istinadla bildirir ki, bu barədə tanınmış klarnet ifaçısı Hüseyn Məmmədoğlu öz “İnstagram” səhifəsində məlumat paylaşıb. 35 yaşlı ifaçı Milli Konservatoriyanın estrada sənəti fakültəsinə daxil olduğunu qeyd edib. Onun bu sevincinə tanınmışlar da qoşulub, təbrik şərhləri yazıblar.

 

Yasamalda avtomobil restorana girdi

Bakıda idarəetməni itirən avtomobil restorana çırpıldı. Hafta.az-ın yazdığına görə, “Report”un əməkdaşı xəbər verir ki, hadisə Bakının "Yasamal rayonunda yerləşən “Ali Usta” restoranının qarşısında qeydə alınıb. Belə ki, yolun kənarında avtomobilini park etmək istəyən sürücü idarəetməni itirərək yaxınlıqda fəaliyyət göstərən restorana girib.

 

Böyük Kəsik- Bakı qatarında sərnişin vəfat etdi

Cümə günü saat 00.18-də Böyük Kəsik-Bakı sərnişin qatarı Dəliməmmədli stansiyasında ləngidi. Hafta.az yazır ki, Azərbaycan Dəmir Yolları QSC-dən Axar.az-a verilən məlumata görə, vaqondakı sərnişinlərdən biri -1978-ci il təvəllüdlü Elşən Tanrıverdi oğlu Hüseynovun vəziyyəti pisləşib. Bu səbəbdən qatarın hərəkəti dayandırılıb və bələdçilər tərəfindən hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb. Lakin buna baxmayaraq, Elşən Hüseynov dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, mərhum uzunmüddətdir xəstəlikdən əziyyət çəkirmiş. Mərhumun nəşi hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verildikdən sonra, qatar saat 02:02-də təyinatı üzrə yola salınıb. Onu da bildirək ki, hadisə nəticəsində Böyük-Kəsik-Bakı sərnişin qatarı 1 saat ləngimə ilə Bakı sərnişin stansiyasına çatıb.