Bərdə bazarında 12 mağaza yanıb - YENİLƏNİB

15:25 21.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gecə saat 03:00 radələrində Bərdə rayonunda "Köhnə bazar" adlanan ərazidə güclü yanğın olub.

Hafta.az-ın "Report"a istinadən məlumatına görə, nəticədə qalayçı dükanı, mebel və məişət avadanlıqları satılan 12 mağaza yanıb.

Sahibkarlar hadisədən səhər saatlarında xəbər tutublar. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Dəymiş ziyanın hələ dəqiq məlum olmadığını deyən sahibkarlar, 400 min manata yaxın məhsulun yandığını bildiriblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bərdə rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Onların müdaxiləsindən sonra alov ram edilib. Yanğının digər obyektlərə və yaxınlıqda yerləşən məktəb binasına keçməsinin qarşısı alınıb. Hadisə zamanı FHN-in bir əməkdaşını cərəyan vurub. Vəziyyəti ağır olan həmin şəxsin nitqi tutulub. Hazırda şəxsiyyəti məlum olmayan FHN əməkdaşı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdədə ticarət obyektində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, şəhərin Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb. Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.