Bərdənin Bəcirəvan kənd sakinlərinin içməli su dərdi - REPORTAJ

15:53 07.10.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Vaxtilə Bərdə iqtisadi cəhətdən Azərbaycanın ən zəngin rayonlarından biri olub. Sovet postməkanında ən çox pambığı da elə Bərdə rayonu verərdi. Çünki bu rayon ən münbit torpaqlara malikdir.  Bu gün Bərdənin əksər kəndləri problemlər içərisində yaşayır. Rayonun belə kəndlərindən biri də 1780 nəfər əhalisi olan Bəcirəvan kəndidir. Bəcrəvan kənd sakinlərinin redaksiyamıza ünvanladıqları müraciətdə bildirilir ki, yaşadıqları Bəcirəvan kəndi rayon mərkəzindən təxminən 23- 25 kilomet aralıda yerləşir. Kəndin əhalisi içməli sudan əziyyət çəkir. Kənd sakinləri içməli su üçün böyük yol qət edərək qonşu kəndlərdən gətirirlər:

“Qadınlarımız gündüzlər tarla işlərində, əkində olurlar, alaq vururlar. Gecələr işdən gələndə isə içməli su tapa bilmədikləri üçün bilmirlər ki, nə etsinlər?” – deyə sakinlər bildirib.

Onların sözlərinə görə, hətta sakinlərin istifadə etməyə belə axar, məişət suyu yoxdur: ”Axar su olmadığından paltar və qab-qacaqlarımızı yuya bilmirik. İsti yay günündə heyvanlara və toyuq-cücələrə bir misqal su tapa bilmirik. Bağlardakı ağaclar sussuzluqdan yanaraq tələf olur. Bu səbəbdən də həyətimizdə  dirrik, böstan bitkiləri  əkib-becərə, toyuq-cücə saxlata bilmirik. Biz kənd sakinlərinin böyük əksəriyyəti maldarlıqla məşğuldur. Su olmadığı üçün bu sahədə çox əziyyət çəkirik”.

Sakinlərin müraciəti ilə əlaqədar yolumuzu Bəcirəvan kəndindən saldıq.  Kəndin yolu asfaltlanmadığından gəlib gedən avtomobillərin təkərlərini altından çıxan toz ətrafı duman kimi görünməz edir.

Kənd Ərazi Nümayəndəliyinə toplaşan bir qrup  sakinlə görüşdük. Onların sözlərinə görə, kəndin yollarına sakinlər öz vəsaitləri hesabına çınqıl tökdürüblər.

“Deyilənə görə, yolumuzu asfaltlayacaqlar. Əsas problem içməli sudur. Yaşadığımız kənddə cəmi 2 ədəd köhnəlmiş və yarasız hala düşmüş artezian vardı. Həmin artezianlardan nazik şlankla kəndin  aralıqlarına su çəkmişik. Bu köhnə  və antisanitar vəziyyətinə düşən şlanqlardan gələn su uşaqların və sakinlərin həyatı üçün təhlükəlidir. 20 il öncə, xeyriyyəçiliklə məşğul olan Füzuli adlı kənd sakini öz vəsaiti hesabına kəndə artezian quyusu vurdurmuşdu. Bu da sakinləri təmin etmir. Artıq 20 gündür artezian yanıb, işləmir. Əhali isə susuz qalıb, içməli suyu ucqar kəndələrdən, Ağcəbədi rayonunun Qaravəlli kəndindən maşınla  daşıyırlar”.

  Ümidvar Hüseynov adlı sakin bildirdi ki, 1 kilometr məsafədən su daşıyır. Uzaq məsafədən ağır sənəklərlə su daşımaqdan çiyinlərimiz də  yara olub.

Rövşən Şükürov və digər sakinlər də eyni sözü dedilər. Sakinlər bildirdilər ki, bu barədə Bərdə Rayon Subartezian İdarəsinin rəisinə, Və Bərdə RİH-nin başçısı Vidadi İsayevə dəfələrlə müraciət ediblər: “Yalandan vəd verirlər ki, su probleminiz tezliklə öz həllini tapacaq, amma ortalıqda real nəticə yoxdur”. 

Bəcirəvan kənd İcra Nümayəndəliyindən “Həftə içi”nə bildirdilər ki, yolun təmiri artıq plana salınıb, qısa bir zamanda bu problem öz həllini tapacaq. Yolun təmirinə artıq vəsait də ayrılıb: “Əsas sakinlərin içməli su problemidir. Kənd 74 hektar ərazini əhatə edir, 500-dən çox yaşayış evi var. Sakinlərin şikayətləri ilə bağlı Bərdə rayon Subartezian İdarəsinin rəisi Namik Əliyevə müraciət etmişik. Bununla bağlı hər il rəsmi məktub yazıb göndərmişik. Kənddə ən azı 3 artezian əraziləri suvarmaq, 3 artezian da içməli su üçün lazımdır. Bu haqda yuxarı dairələrin də məlumatı var”.