Bərk məişət tullantılarının yığılmasında yenilik

20:04 08.07.2019
Yazını böyüt
Yazını kiçilt

İyulun 10-dan bununla bağlı paytaxtda yeni konsepsiyanın həyata keçirilməsinə start veriləcək  

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi konsepsiyası həyata keçirilir. Layihə bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə birgə görülür və ilkin olaraq Nərimanov rayonunda başlanılıb.Şəhər icra hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 10-dan konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start veriləcək və bununla əlaqədar hazırlıq işləri görülür.

Xarici mütəxəssislərin hazırladıqları layihədə sakinlərlə maarifləndirmə-izahetmə işlərinə böyük mühüm əhəmiyyət kəsb edir. Ona görə də layihənin həyata keçiriləcəyi Nərimanov rayonunun bütün məhəllə və həyətlərində sakinlərlə maarifləndirici görüşlər keçirilir. Həmin görüşlərdə Bakı Şəhər və Nərimanov rayon icra hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və könüllülər fəal iştirak edirlər.

Paytaxt sakinləri ilə görüşlər zamanı qeyd olunub ki, Avropanın əksər dövlətlərində tullantıların çeşidlənməsi işləri aparılması təmizlik, ekoloji şəraitin yaxşılaşdırılması və iqtisadi səmərə əldə olunmasına kömək göstərir. Bəzi ölkələrdə, o cümlədən Rusiya, Türkiyə və Gürcüstanda buna nail olmaq mümkün olmasa da, ümid edirik ki, sürətlə inkişaf edən ölkəmizdə buna nail olacağıq və bu işdə sakinləri fəal olmağa çağırırıq.

Rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır. Həmin konteynerlər iki rəngdə - yaşıl və narıncı rəngdədir. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılmalıdır. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə iki cür - yaşıl və narıncı çeşidləyici paketlər paylanılır. Bütün proses sakinlərə əyani şəkildə izah olunur. Görüşlərdə sakinlərə broşürlər paylanılır, həyətlərə, binalara və bloklara izahedici reklamlar yapışdırılmaqla yanaşı mənzillərə də bukletlər çatdırılır. Təbliğat və izahetmə işlərinin kütləvi-informasiya vasitələrində də aparılması nəzərdə tutulub.

Bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Bakının təmiz saxlanılması, gözəlləşməsi, ətraf mühitin və sağlamlığın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək. Layihənin paytaxtın digər rayonlarda da davam etdirilməsi qərara alınıb.

Qeyd edə ki, Bakı Şəhər İcra Hakimiyyətinin sifarışınə əsasən, “Mott MacDonald” şirkətinin nümayəndələri paytaxtımızda apardıqları araşdırmalardan sonra Bakının mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq, şəhərin sanitar təmizliyinin normal səviyyədə olduğu qənaətinə gəliblər. Amma buna baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması ilə bağlı islahatların aparılması üçün bu sahədə böyük təcrübəsi olan Böyük Britaniyanın "Mott MacDonald" şirkətinə müraciət olunub və onun mütəxəssisləri yeni islahatlar konsepsiyasının hazırlanmasına başlayıb. Əsas məqsəd paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirməkdir.

Həyata keçirilən işlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətin təqdim etdiyi layihə əsasında Monitorinq Mərkəzi yaradılıb. Mərkəzdə işçi qrup tərəfindən konsepsiyanın hazılanması və həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan işlərin görülməsi üçün ən müasir şərait yaradılıb.

Yeri gəlmişkən, məişət tullantısı problemi ölkəmizdə illərdir ki, müzakirə predmetidir. Bu problem Bakının mərkəzi ərazilərində müşahidə edilməsə də, ətraf rayon və qəsəbələrdə, kəndlərdə özünü qabarıq büruzə verir. Lakin məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə bu sahədə nümunəvi şəraitin yaradılacağından xəbər verir. Bu isə geniş mənada ekologiyanın təmizlənməsinə, məişət tullantılarının isə gəlir mənbəyinə çevrilməsinə səbəb olacaq.

Məlumat üçün bildirək ki, tullantıların toplandığı poliqonlara pestisidlər, rənglər, həlledicilər, turşular və başqa zəhərli maddələr atılır. Baxmayaraq ki, bu cür tullantılar ümumi tullantıların 1 faizini təşkil edir, onların ətraf mühitə yayılmaması üçün nəzarət olunmalıdır. Tullantıların toplandığı poliqonlarda mikrobioloji proseslərin getdiyinə görə bioqaz adlanan qaz yaranır. Həmin qazın məişətdə istifadəsi mümkündür. Mütəxəssislər bildirirlər ki, bioqaz iqtisadi cəhətdən enerji potensiallıdır (onun tərkibində Metan 44-66 faizdir) və istilik-qüvvə qurğularında, həmçinin təmizləndikdən sonra qaz-turbin qurğularında istifadə edilə bilər. Hazırda dünyada 150 ədəd bu cür qurğular quraşdırılmışdır və şəhərlərdə üzvi maddələrin anaereb qıcqırdılması metodu ilə bioqaz istehsal edilir. Məsələn, Birminhemdə (Böyük Britaniya) torpaqda qazılmış bunkerlərə yığılan üzvi maddələr 3 aydan sonra fasiləsiz olaraq 15-20 il ərzində  bioqaz istehsal edirlər. Hər bunker 17 m3/dəq bioqaz istehsal edir və bu qaz təmizləndikdən sonra 1,73 Mpa təzyiq altında gücü 64,5 Kvt olan qaz-turbin qurğusuna ötürülür.

Almaniyada tullantı poliqonlarını elektrik enerjisi almaq üçün istifadə edirlər. Erfurt və Şverbornda tullantıları emal etmək üçün təcrübi sənaye qurğusu quraşdırılmışdır. Bu qeyri-adi elektrik stansiyası artıq neçə ildir ki, üzvi maddələrin qıcqırdılması hesabına alınan bioqazdan istifadə edir. Bioqazın tərkibinin 3-dən iki hissəsi metandır. Tullantı yerlərinin 5-dən bir hissəsini istifadə edən Şverborn şəhərində gündə 5700 m3 qaz alınır. Bu qaz evlərin qızdırılmasına sərf olunur. Bundan başqa Nordhauzen və Finstervarde zavodlarında kompleks avadanlıqlar tətbiq etməklə alınmış bioqazı yandırmaqla elektroenerji alırlar. Alınmış qaz yaxınlıqdakı istilik məntəqələrinə verilir. Britaniyanın Eveli şəhərində tullantı məntəqələrinə bioqazdan yanacaq kimi istifadə etməklə 3,5 Mvt gücü olan qaz-turbin qurğusu quraşdırılmışdır. Eveli şəhəri bu metodla özünün enerjiyə olan tələbatının bir hissəsini bu mənbədən ödəyir.

"Mott MacDonald" şirkətinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymonun bildirdiyinə görə, layihə geniş miqyaslı tullantıların idarəetməsi sistemində inkişaf əldə etməyə kömək olacaq: “Şirkətimiz tullantı və tullantıların yenidən emalını araşdırmaq üçün böyük məmnuniyyətlə Bakı İcra Hakimiyyəti ilə əməkdaşlıq etməyə razılıq verib. Bu araşdırmalarin nəticələri Bakı şəhərində tədbiq olunaraq 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradacaq. Bakıda hər il təxminən 1,5 milyon ton tullantı yaranır. Bu rəqəmlər Bakı şəhəri genişlənib inkişaf etdikcə daha da artacaq. Tullantıların düzgün yığılması, emalı və çeşidlənməsi vacib şərtdir. Tullantıların çoxu şəhərkənarı poliqonlara aparılır. Buna baxmayaraq, tullantıların Balaxanıda yerləşən tullantı çeşidlənməsi və onlardan enerji əldə etmə zavodlarına göndərilməsi ilə bu işdə inkişaf əldə edilib”.

Şaymonun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, Bakıda tullantı menecmenti sistemini təkmilləşdirmək vacibdir: “Bu, böyüyən və inkişaf edən şəhəri muasir ximətlərlə təmin edəcək, həm ətraf mühitə, həm də iqtisadi inkişafa müsbət təsir göstərəcək. Turizm sahəsində inkişaf edən, müxtəlif beynəlxalq tədbirlər keçirən, Bakı Ağ Şəhər kimi innovativ layihələrə imza atan bir şəhər kimi, Bakıda yüksək səviyyəli tullantı idarəedilməsi sistemi əldə etmək zərruriyyəti yaradır. Bakı Şəhər İcra Hakimiyyəti sakinlər üçün tullantıların yığılması, çeşidlənməsi və idarəedilməsi sisteminin təkmilləşdirilməsində məqsədlidir və bizim Mott MacDonald şirkəti olaraq rolumuz bu hədəfin əldə edilməsində dəstək olmaqdır”.

Şaymon qeyd edib ki, yeni tullantı konteynerləri və nəqliyyat vasitələri daxil olmaqla, yeni tullantı yığılması sistemlərinin tətbiq olunması gözlənilir: “Bununla bərabər, Bakı sakinlərinin də tullantıları emal oluna bilən və emal oluna bilməyən tullantılara bölməsinə həvəsləndirməyə çalışırıq. Bu, böyük miqdarda tullantıların poliqondan kənarlaşdırılmasına kömək edəcək”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Sosial rubrikasından digər xəbərlər