Azərbaycan Diplomatik Akademiyasında maqistraturaya qəbul başladı

15:15 06.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Diplomatik Akademiyası (ADA) 2012-2013-cü tədris ili üçün Diplomatiya və Beynəlxalq Münasibətlər (MADİA proqramı) üzrə magistraturaya tələbə qəbuluna başlayıb. “Həftə içi“nə ADA-dan verilən məlumatda deyilir ki, magistraturada təhsil iki illikdir və ingilis dilində aparılır. Verilən məlumatda o da qeyd olunur ki, əlaçı tələbələr tam pulsuz təhsil alırlar. Həmçinin, təhsil xərclərini ödəmək üçün təhsil krediti də mövcuddur. ADA-dan daxil olan məlumatda deyilir ki, dərslər beynəlxalq münasibətlər, beynəlxalq hüquq və beynəlxalq iqtisadiyyat sahələrini əhatə edir və tanınmış xarici və azərbaycanlı professorlar tərəfindən keçirilir. Seçilən tələbələr İngiltərənin Qlazqo Universitetinə və İsveçrənin Cenevrə Təhlükəsizlik Araşdırmaları Mərkəzinə bir semestrlik mübadilə proqramlarına göndərilirlər. Eyni zamanda, təhsil müddətində tələbələr bir sıra xarici ölkələrə qısa akademik səfərlərdə iştirak edirlər. Məlumatda deyilir ki, ADA öz maqistrlərini yayda ABŞ, Avstriya, Rusiya, İtaliya, Gürcüstan və digər ölkələrin nüfuzlu qurumlarında təcrübə keçirlər. ADA-da təhsil almaq istəyən gənclər üçün hər çərşənbə axşamı saat 16:00-da Məlumat Sessiyaları keçirilir. Daha ətraflı məlumat ADA-nın veb səhifəsində yerləşdirilib. ADA-nın məlumatına görə, həmçinin, 6-8 oktyabr tarixlərində keçiriləcək Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisində Akademiyanın stendində ADA-nın bütün proqramları haqqında məlumat almaq olar. Qeyd edək ki, bu günə kimi ADA-nın MADİA proqramında azərbaycanlı tələbələrlə yanaşı Çexiya, Meksika, Pakistan, Rusiya Federasiyası, ABŞ, Macarıstan, Qambiya, Gürcüstan, Keniya, Argentina, Ukrayna və Fici adaları vətəndaşları da təhsil alıblar və ya almaqda davam edirlər.


Nahid Canbaxışlı
Oxunma sayı 107