Bəs sizin toyunuz nə vaxta qaldı? - Restoran və şadlıq saraylarının son durumu

13:06 31.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Sabahdan karantin rejimi əməlli-başlı yumşaldılır. Ticarət və əyləncə mərkəzləri fəaliyyətinə start verəcək. Özü də iki ay yarımdan sonra... Amma bu qərar restoran və şadlıq saraylarına şamil olunmayacaq. Onlar hələ ki, gözləyəcəklər. Ən azından 15 iyuna qədər. Əmr isə böyük yerdəndi - Operativ Qərargahdan.

Bəs restoran və şadlıq saraylarında hazırkı durum nə yerdədir? Onların hazırkı durumuna hafta.az-ın obyektivindən baxmaq istəyirsinizsə, monitora bir qədər də yaxın oturun. Son 45-50 gündə koronavirus pandemiyasının üzərinə kükrədiyi kafe, restoran, sadlıq sarayları ilə bağlı gördüklərimizi sizinlə bölüşmək istəyirik.

Əvvəla onu deyək ki, bəzi restoranların giriş qapısı bağlı olsa da, bəziləri açıq idi. Təkəmseyrək adamlar vardı. Texniki işçilər, adminstratorlar, təmizlikçilər...

Onların da sayı 2-3 nəfəri keçmir. Restoran yetkililəri ara-sıra fəaliyyəti dayanmış obyektlərinə gəlir. Müəyyən məsələləri kontrol edir. Toylarla bağlı sifarişlər qəbul olunur. Amma toylara qadağanın nə zaman götürüləcəyini bilmirlər. Ofisiantlar isə demək olar ki, gözə dəymirlər. İşləməsələr də dövlətin qərarına əsasən pulları ödənilir. Restoran əməkdaşları belə deyir.

"Xan sarayı"dan bildirildi ki, iyunun 15-dən sonra hər şeyin düzələcəyinə ümid edirlər.

Restoran əməkdaşları onu da əlavə etdilər ki, maaşlarını alırlar. Yəni, maaşsızlıq problemi yaşamırlar. Amma koronavirus pandemiyası onların da aylıq və gündəlik qazanclarına təsirsiz ötüşməyib.

Sarayın adminstratoru onu da əlavə etdi ki, fəaliyyətləri Operativ Qərargahın qərarından asılı olacaq: "Onlar hansı qərarı verəcəksə, biz də həmin qərarlar əsasında fəaliyyət göstərəcəyik. Pandeniya hamımızın sosial durumuna, işinə mənfi təsir göstərib. Ümid edirik ki, yaxın günlərdə, əsasən də iyunun 15-dən sonra hər şey yoluna düşəcək".

"İmperial" şadlıq sarayından bildirdilər ki, toy və nişan mərasimlərinə yaxın zamanlarda icazə veriləcəyinə ümid edirlər:

"İyun və iyul aylarına yerimiz yoxdur. Bütün günlər doludur. Avqust ayına yerimiz var. Menyulardakı qiymətlərimiz dəyişməyib. 40-45 və 55 manatadır. Ümidimiz var ki, bu yaxın günlərdə bərpa olunacaq. Sifarişləri qəbul etmişik".

"Cıdır düzü" restoranının əməkdaşları isə maaşlarını qanunvericiliyə uyğun qaydada aldıqlarını bildirdilər.

Restoran rəhbərliyi, adminstratorlar isə qeyd etdilər ki, 3 aydır ki, faktiki olaraq heç nə qazanmırlar. Onlar tezliklə toy və nişan mərasimlərinə icazə veriləcəyinə ümidli olduqlarını söylədilər.

Toyların bərpası ilə bağlı Operativ Qərargaha ünvanlanan hər hansı təkliflərinin olub-olmadığını soruşduq. Onlar bildirdilər ki, buna ehtiyac yoxdur: "Operativ Qərargahın əməkdaşları hər şeyin ən doğrusunu bilirlər və onu edirlər. Bizim təklif hazırlamağımıza ehtitac yoxdur. 15 iyundan sonra toy və nişan mərasimlərinin bərpa ediləcəyi isə dəqiq deyil. Sadəcə olaraq həmin dövrdə karantin müddəti başa çatır. Restorqnların fəaliyyətinin davam etdirilməsinə isə aydınlıq gətirilməyib".
Restoranlardan onu da bildirdilər ki, qarşıdakı aylar üçün bütün yerlər doludur. Təqvim günlərində boş yer yoxdur. İcazə nə vaxt veriləcəksə, siyahı üzrə mərasimlər gerçəkləşdiriləcək. Qiymətlərdə də hər hansı dəyişikliyin olmayacağını vurğuladılar. Yəni, karantindən əvvəl qiymətlər necə idisə karantindən sonra da eyni qaydada olacaq.

Oxunma sayı 1601