Beşmərtəbəli binaların sökülməsi kirayə bazarına necə təsir edəcək? - Ekspert

14:00 02.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir müddət əvvəl xəbər yayıldı ki, beşmərtəbəli binalar söküləcək. Şəhər əhli üçün səngiməyən söz-söhbət geniş vüsət aldı. Evini təmir etdirmək istəyən də çəkilib bir kənarda oturdu.

2016-cı ildə Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarına əsasən adları qeyd olunan rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdu.

Pilot layihələrə əsasən 5 il müddətində Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 ev sökülməli idi.

25 fevral 2016-cı il tarixli qərara əsasən2021-ci ildə artıq bu layihə başa çatmalı idi. Lakin hələ ki, bu sökülmə işləri demək olar ki, dondurulmuş vəziyyətdədir. İşlərin tam həyata keçirilməsini Bakı şəhərində görmək mümkün deyil. Ola bilsin ki, hansısa ərazidə bir neçə belə bina sökülüb. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev beşmərtəbəli binaların sökülməsi və ya təmir olunması məsələsinə aydınlıq gətirib.

A.Quliyev mətbuatda verdiyi açıqlamasında bildirib ki, hazırda Bakının Baş Planı üzərində işlər gedir:

"Bu sənədin əsas mahiyyəti şəhərin zonalaşdırılması, ərazidən daha səmərəli istifadə etmək, şəhərin müəyyən hissələrində yeri gələndə məhdudiyyətlərin tətbiq olunması və yaxud da inkişaf üçün perspektivli olan ərazilərin müəyyən edilməsidir. Baş Plan və onun miqyası, konkret binalar, məhəllələr, küçələrin problemlərini həll etmir, onun miqyası daha yüksəkdir. Amma Baş Plan çərçivəsində inkişafı zəruri olan böyük ərazilər, 50, 100 hektarlıq və daha böyük ərazilər müəyyənləşdiriləcək. Həmin ərazilərdə gələcəkdə yeni tikinti layihələri həyata keçirilə bilər. Baş Plan formatında həll olunan məsələ deyil. Bu binaların vəziyyətindən asılı olaraq, hər biri ilə bağlı qərarlar müvafiq icra hakimiyyəti tərəfindən veriləcək".

Heç də sirr deyil ki, hazırda Bakı şəhərində kirayə mənzillər bahadır. Bəs beşmərtəbəli binaların sökülməsi mövcud vəziyyəti necə dəyişəcək? Kirayayə tələbat artacaq, bu da öz növbəsində kirayə qiymətlərinə təsir göstərəcək.

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı alim Vüqar Bayramov hesab edir ki, beşmərtəbəli binaların yeniləri ilə əvəzolunması məsələsi mənzil bazarında kirayə qiymətlərinə təsirsiz ötüşməyəcək:

"Beşmərtəbəli və ya digər plana düşəcək evlərdə yaşayan insanlara şirkətlər tərəfindən vəsait ayrılır. Onlar da başqa yerlərdə kirayə qalmalı olurlar. Biz zaman-zaman şahidi oluruq ki, bu hallarda kirayəyə ehtiyac çoxaldığından qiymətlər yüksəlib. Düzdür, yeganə səbəb olmasa da, ancaq səbəblərdən biri kimi xarakterizə edə bilərik. Bundan əlavə tikinti şirkətləri işə pilot layihəsi kimi başlasalar, dövlət bu proqrama maliyyə yardımı göstərərsə mənzil bazarında qiymətlərə təsir edər. Mənzil sahibi olmaq istəyənlər şəxsi mənzillər əldə edə bilərlər. Beşmərtəbəli binanın yerində on və ya da daha çoxmərəbəli bina inşa olunursa, bu, o deməkdir ki, daha çox mənzil təklif etmək olar. Daha çox mənzilin təklif olunması birbaşa bazara təsir edir. Bu gün isə pilot layihələrin sayı bazara təsir edəcək qədər geniş deyil. Proses uzanarsa, bir neçə ildən sonra bir çox beşmərtəbəli binaların sökülüb, yeniləri ilə əvəzlənməsi, mənzil sayının artması tələb-təklif qanuna təsiri müsbət rol oynayar. İndiki halda kirayə bazarına təsir göstərdiyi halda, gələcəkdə isə bu, əmlak bazarında qiymətlərin azalmasına gətirib çıxara bilər".

Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov idə dedi ki, bu gün ən çox kirayə verilən evlər Sovetdən qalan evlərdir:

"Beşmərtəbəli və çoxmərtəbəli evlərin bir hissəsi bu gün kirayə verilir. Belə binalar söküldükcə kirayə bazarında təklif portfelində azalmalar olur. Son illə götürsək kirayə portfelində 40 faiz azalma müşahidə olunub. Bunun nəticəsidir ki, qiymətlərin artmasına gətirib çıxarıb. Söküntülər davam etdikcə qiymətlər yenə qalxacaq. Satışla, kirayə fərqlidir. Kirayədə isə mənzillər çox olarsa boş qalmasın deyə məcbur verməli olacaq. Bu da qiymətlərin azalmasına gətirib çıxaracaq".

N. İbrahimov həmçinin söküləcək binaların hansı ərazilərindən başlana biləcəyi məsələsinə də toxundu. O, bildirdi ki, hələlik demək olmaz ki, hansı ərazilərdə sökülmə işləri başlayacaq:

“İstismar müddəti tam başa çatmış, tam köhnəlmiş mənzillərin söküntüsü ilk olaraq həyata keçirilər.  Belə mənzillər Bakının istənilən yerində vardır. Qərarlar verilib, müvafiq icra qurumlarının, tikinti şirkətlərinin öz ideyaları, qərarları var. Həm də bu maliyyə imkanlarına baxan bir işdir”

Sosial rubrikasından digər xəbərlər