Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

16:11 27.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalı çərçivəsində oktyabrın 27-də “Son illərdə Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.

Hafta.az xəbər verir ki, konfransda ingilis dilində çap olunmuş Azərbaycanın klassik bəstəkarlarının yaradıcılığına və əsərlərinə aid kitablar da nümayiş edilib.

Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə əvvəlcə musiqi festivalı haqda məlumat verib. Bildirib ki, festival zamanı gənc bəstəkarların yeni əsərləri Azərbaycan Dövlət Filarmoniyasında səsləndirilir. Qeyd edib ki, bu əsərlər populyarlaşacaq, tamaşaçı kütləsi yığacaq, gənc bəstəkarları və dirijorları püxtələşdirəçək. Onlar isə öz növbəsində Azərbaycan musiqisini digər ölkələrdə layiqincə təbliğ edəcəklər.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova qeyd edib ki, əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan ənənələri ittifaqın rəhbərliyi layiqincə davam etdirir. Bildirib ki, burada hər zaman konfranslar, təqdimatlar, yubileylər keçirilir. Çox zaman gənc bəstəkarlar tanınmır, onların əsərləri dinlənilmir və arxivdə qalır. Ancaq belə festivalların keçirilməsi yeni bəstəkarlarımızı kəşf etməyə kömək edir, bir növ bu məsələni aradan qaldırır. “Konsertlər zamanı biz gənc bəstəkarlarımızın fərdi yaradıcılıq üslubuna malik olduğunu da görürük. Bu isə bizi çox sevindirir”, -deyə Z.Qafarova əlavə edib.

Sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Azərbaycan Bəstəkarlar İttifaqının beynəlxalq musiqi festivallarında rolu” mövzusunda məruzəsində deyib: “Bu gün Azərbaycan festivallar ölkəsi kimi tanınır. Novruz bayramı ərəfəsində iki ildən bir keçirilən “Muğam aləmi” Beynəlxalq musiqi festivalı dünyanın müxtəlif millətlərindən olan muğamsevərləri, muğam ustadları və muğamşünas alimləri bir araya gətirir. Bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir ki, Azərbaycan muğamı, tar ifaçılığı sənəti, eləcə də aşıq sənəti UNESKO-nun Qeyri Maddi Mədəni İrsi Siyahısına daxil edilib”.

Tədbirdə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Son illərdə Azərbaycan bəstəkarlarının yaradıcılıq axtarışları” mövzusuna məruzəsində müasir bəstəkarlarımızın fəaliyyətindən, yaradıcılıq axtarışlarından söz açıb. Bildirib ki, müasir bəstəkarlarımız mahnı janrı ilə yanaşı, opera, balet, simfoniya kimi iri janrlara da müraciət edirlər. Bu isə yaxşı göstəricidir. Burada Pikə Axundovanın “Məhsəti”, Vasif Adıgözəlovun üçpərdəli “Natavan” operalarını nümunə çəkmək olar.

O, təəssüflə vurğulayıb ki, əsası Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan operetta janrına çox az müraciət edilir.

Konfrans mövzuya uyğun çıxış və müzakirələrlə davam edib.