Beyləqanda 14 yaşlı oğlan maşınla üç qızı vurdu – Günün təzadları

18:09 04.10.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Beyləqanda məktəbliləri avtomobil vurdu. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə oktyabrın 3-ü, saat 13 radələrində rayonun 1-ci Şahsevən kəndi ərazisində qeydə alınıb. 14 yaşlı Vüsal Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı, 49-BA-942 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarı ilə gedən 3 yeniyetmə qızı vurub. Xəsarət alanlar - 2005-ci il təvəllüdlü Aynur Kərimli, 2005-ci il təvəllüdlü Rəqsanə Cəfərli və 2005-ci il təvəllüdlü Duyğu Ələkbərli Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsi tərəfindən araşdırma aparılır.

 

Əlikram çağırılmadığı toyda yanlışlıqla bir saat oxudu

ARB TV-nin “Üçəlli” verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov oldu. Hafta.az-ın verdiyi xəbərə görə, müğənni toyda başına gələn maraqlı hadisədən danışıb: “Sumqayıtda bir toya getmişdim. Şahidim də Əməkdar artist, nağaraçalan Eyvaz qardaşımdır. Məni telefonla toya göndəriblər. Dedilər ki, pulu gedib oradan alarsan. İki eyniadlı şadlıq evidir, biri o taydadır, biri isə bu taydadır. Girdim toya, başladım oxumağa. Toy dəydi bir-birinə. Qız evi oğlan evindən, oğlan evi isə qız evindən soruşur ki, bunu kim çağırıb? Gələn-gedən də mənə qəribə baxır gedir. Mən də deyirəm, bunlar niyə belə edir? Artıq qonaqlardan maraqlanırlar ki, bəlkə kimsə məni toya hədiyyə edib. Mənim də telefonuma nə qədər zəng gəlib. Toyu 1 saat oxudum. Məni də toya Rusiyadan bir qardaş göndərib ki, gedib oxuyarsan, hörmətini necə lazımdır edəcəklər. Məni çağırdılar ki, sənə zəng gəlir. Telefonu açdım, dedilər, “Qardaş, sən hardasan?”. Dedim ki, filan şadlıq sarayındayam, toy oxuyuram. Dedi ki, sən düz getməmisən. Oğlana dedim ki, bəs düz gəlməmişik. Oğlan dedi ki, bəs bu 2 saat necə olacaq?

 

Tərtərdə qayınata  avtomobillə gəlininin üstündən keçdi

Tərtər rayonunda qayınata əsəbiləşərək avtomobillə gəlininin üstündən keçdi. Hafta.az yazır ki,  "Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib. Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir. Hadisə şahidlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, qayınata əsəbiləşərək avtomobillə gəlininin üstündən keçib. Baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

 

 Londonda etirazçılar hökumət idarəsinə süni qan püskürtdü

Londonda ekoaktivistlər Vestminster ərazisində yerləşən Xəzinədarlıq idarəsinə qanı xatırladan qırmızı maye püskürtdü. Hafta.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları İngiltərə hakimiyyətini qlobal istiləşmə ilə lazımi səviyyədə mübarizə aparmamaqda günahlandırıb. İştirakçılar, həmçinin ölkənin Yaxın Şərqdəki hərbi rolunu da tənqid ediblər. Aksiya nəticəsində 4 nəfər həbs edilib.

 

Ana şəkillə oğlunun ölümcül xəstəliyini ortaya çıxardı

İngiltərənin Norfolk qraflığının sakini oğlunun foto-şəklində ölümcül xəstəlik əlaməti aşkarlayaraq həyatını xilas etdi. Hafta.az Musavat.com-a  istinadla xəbər verir ki, bu barədə “The Sun” yazıb. 33 yaşlı Steysi Deklerk Broudi adlı altıaylıq oğlunun şəkillərinə baxarkən sağ göz bəbəyində ağ bir parıltı görüb. Həyəcanlanan ana bunun nə olduğuna dair internetdə məlumat axtarmağa başlayıb: “Bütün materiallar xərçəngə işarə edirdi, amma mən başqa səbəb tapmağa çalışırdım. İnanmaq istəmirdim. Sonda qərara gəldim ki, bu, sadəcə, adi işıq əksetməsidir”. Bir müddət sonra oğlunun görməsində çətinlik yarandığından, Deklerk onu həkimə aparıb. Norvic şəhərindəki xəstəxanada uşağın gözünü analizlər və ultrasəs müayinəsinə göndəriblər. Müayinənin nəticələrinə görə həkimlər xəstənin retinoblastoma – göz bəbəyinin bədxassəli şişi xəstəliyinə tutulduğunu deyiblər. Bir həftə sonra həkimlər diaqnozu təsdiqləyən rentgen də ediblər. Həkimlər Broudinin xəstəliyinin təhlükəli mərhələdə olduğunu deyiblər. 60% ehtimala görə uşağın gözü çıxarıla bilərdi. Cərrahlar alternativ variant kimi, kimyaterapeya tətbiq etməyi məsləhət görüb. Sonda terapiyanın müsbət nəticələri özünü göstərməyə başlayıb. İndi Broudi beş yaşına qədər mütəmadi olaraq tibbi müayinələrdən keçməlidir.

 

Üzgüçülük hovuzunda 11 nəfər zəhərləndi

İranın Şiraz şəhərində üzgüçülük hovuzunda kütləvi zəhərlənmə baş verdi. Hafta.az xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, 11 nəfər zəhərlənib və xəstəxanaya çatdırılıb. Zəhərlənənlərdən 9-u azyaşlı, 2 nəfər isə böyükdür.  Xəstəxanaya çatdırılan şəxslərin nədən zəhərləndiyi hələlik bilinmir.