Beynəlxalq Muğam Mərkəzi canlı yayımlarını davam etdirir

12:10 14.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Muğam Mərkəzindən (BMM) “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində canlı yayımlar davam edir. Canlı efirin növbəti buraxılışı Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam kafedrasının müdiri Teyyub Aslanovun yaradıcılığına həsr olunub.

Hafta.az xəbər verir ki, xanəndə canlı efirdə həmkarları Əməkdar artistlər Əliağa Sədiyev (tar), Toğrul Əsədullayev (kamança) və Kamran Kərimov (nağara) ilə birgə qonaq olublar. Verilişdə xanəndənin həyat və yaradıcılıq yoluna nəzər salınıb, sənət səhifələri vərəqlənib. O, sənətə gəlişi, ona dərs deyən görkəmli xanəndələr və pedaqoqlarla bağlı xatirələrini bölüşüb.

Canlı efirdə Teyyub Aslanovun pedaqoji fəaliyyəti, yetişdirdiyi tələbələrlə bağlı məlumatlara da geniş yer ayrılıb. Teyyub Aslanov eyni zamanda bu gün muğam sənətimizə dövlətin qayğısını xüsusi vurğulayıb. Bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın muğama diqqət və qayğısının nəticəsində muğam sənəti bu gün özünün ən yüksək inkişaf dövrünü yaşayır.

Canlı efirdə xanəndə yeni repertuarla çıxış edib. Proqramda “Mahur təsnifləri” silsiləsindən parçalar, həmçinin bəstəkar mahnıları da yer alıb.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımları BMM-in “Facebook” səhifəsindən də izləmək mümkündür.

 

Oxunma sayı 2631