Bəzi dövlət qurumları ilə bağlı Prezidentin iradlarına - KƏNAR BAXIŞ

12:47 07.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev bir sıra dövlət qurumlarının fəaliyyətindən danışıb. Və bu qurumların fəaliyyətini sərt tənqid edib. Dövlət başçısı baş tutan müşavirədə bildirib ki, bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir:

"Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır".

“Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir".

Dövlət başçısının müşavirədə səsləndirdiyi fikirləri hafta.az-a şərh edən iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, Prezident haqlı irad bildirdi. Bu çoxdan məlum idi ki, bu kimi dövlət qrumları dövlət büdcəsini talamaqla məşğuldurlar:

“Prezidentin məlum çıxışından sonra yəqin ki, bu neqativ hallar aradan qalxacaq. Bundan əlavə hesab edirəm ki, dövlət qurumları hissə hissə özəlləşdirilməlidir. Dünyada bizim dövlət qrumlarının gördüyü işləri kommersiya təşkilatları görür. Dövlətə həm gəlir gətirirlər, həm də öz fəaliyyətlərini sərbəst şəkildə həyata keçirirlər. Bizdə isə “Azəriqaz”, “Azərişıq” kimi qrumlar həm dövlət büdcəsindən yardım alır, həm də özləri mənfəət əldə edirlər. Onlar büdcəyə vəsait vermək əvəzinə, yardımlar alır. Çünki onlar satış işini həyata keçirirlər. Satış işi ilə məşğul olub, dövlətdən yardım almaq nə deməkdir? Onların dövlət büdcəsinə xeyri yoxdursa, o zaman götürdükləri səmərə hesabına özlərini saxlamalıdırlar. Ona görə də kommersiya ilə məşğul olan qurumlar özəlləşdirilməlidir. Özəlləşdirildikdən sonra həm yük azalacaq, həm də xidmətlər artacaq. Burada rəqabət mühiti formalaşacaq”.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, dövlət başçısının bu çıxışı liberal iqtisadiyyata keçid üçün bir siqnal ola bilər:

“Dövlət qurumlarının böyük əksəriyyəti ziyanla işləyir. Bazarda həm tək oyunçu olub, bütün şərtləri diqtə etmək, həm də dövlət büdcəsindən yardımlar almaq heç bir standartlara uyğun gəlmir. Bunun müqabilində də ziyanla işləmək talançılıqdır. Bu anormal vəziyyətdir. Bu qeyri normativ idarəetmədir, yəni xərclərin şişirdilməsidir. Korrupsiya üçün yollar açılır. Dövlət şirkətləri dövlət büdcəsinə dəstək olmaq əvəzinə, dövlət üçün yükə çevrilirlər. Biz bunun neçə illərdir şahidi oluruq. Azərbaycanda dövlət iqtisadiyyat modeli var idi. Dövlətin iqtisadiyada rolu çox böyük idi. Liberal iqtisadiyyata  keçid çox yaxşı haldır, sevindiricidir. İqtisadiyyat liberallaşdıqca, rəqabət də artacaq. Dövlət şirkətlərinin qismən və ya tamamilə özəlləşdirilməsi üçün şərait yaranır. Bizim daxili investorların gücü zəifdir. Burada xarici investorların köməyinə ehtiyac olacaq. Amma xarici investorlar da bir çox məsələlərə həssaslıqla yanaşırlar. Xarici investorların cəlb olunması çox vacibdir, ölkə iqtisadiyyatı üçün yenilik gətirirlər”.

Oxunma sayı 1881