“Bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından koronavirus Azərbaycanda daha geniş vüsət alır” - Prezident

18:17 31.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün bu gündən etibarən yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə mindi. Əminəm ki, bütün vətəndaşlar bu qaydalara əməl edəcəklər”.

Bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılmasıdır və yoluxma hallarının dinamikasının azaldılmasıdır: “Dövlət tərəfindən qəbul edilmiş bütün qərarlara və atılmış addımlara baxmayaraq, əfsuslar olsun ki, dinamika artır və bunun əsas səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Çünki Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib və bu gün də digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət daha əlverişlidir. Ancaq buna baxmayaraq, artıq daxili yoluxma halları vüsət alır və beləliklə, yoluxan insanların sayı artmaqdadır. Dünən 60-dan çox insan bu xəstəliyə yoluxub və əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaqdır.

 Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti bütün lazımi tədbirləri görübdür. Biz bəri başdan bütün quru sərhədlərimizi bağladıq, karantin rejimini tətbiq etdik, bütün məktəblər, uşaq bağçaları, ali məktəblər, ictimai iaşə obyektləri bağlandı, aviareyslərimizin sayı kəskin azaldı və hazırda cəmi iki beynəlxalq aviareys təşkil edilir, özü də həftədə bir dəfə. Beləliklə, bu xəstəliyin yayılmasına qarşı çox önəmli tədbirlər görüldü və xaricdən gələn vətəndaşların bu xəstəliyin yayılmasında rolu kəskin azaldı. Onu da bildirməliyəm ki, xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilir və hazırda 4500-ə qədər insan karantindədir. Karantin üçün də ən əlverişli şərtlər təqdim olundu, vətəndaşlar 4-5 ulduzlu otellərdə, Atletlər kəndində, Lənkəran, Lerik, Nabran, Bakı şəhərinin otellərində, istirahət zonalarında yerləşdirilir. Xəstələrə də şərait yaradılır, ölkəmizin müxtəlif yerlərində 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamındadır və bu günlərdə ölkəmizin ən müasir xəstəxanası - “Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verilibdir. Yəni, bu, dövlət tərəfindən görülmüş önəmli addımlardır. Amma buna baxmayaraq, bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından bu xəstəlik Azərbaycanda daha geniş vüsət alır. Ona görə bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş əməl etməlidir. Əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik”.

Oxunma sayı 49