İsveç parlamentində Dağlıq Qarabağa dair təklif qeydiyyatdan keçirilib

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt

Qətnamədə ermənilərin Azərbaycan torpaqlarından çəkilməsi öz əksini tapıb

İsveç parlamentində Dağlıq Qarabağa dair qətnamənin qəbul edilməsi üzrə təklif qeydiyyatdan keçirilib. Bu barədə İsveç-Azərbaycan Akademik Cəmiyyətindən (SAAS) məlumat verilib.

Qətnamə layihəsində Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq haqqının təsbit olunması öz əksini tapıb. Qətnamə təşəbbüsü Yaşıllar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri, millət vəkili Mehmet Kaplan tərəfindən irəli sürülüb.
Qətnamə layihəsində münaqişənin tarixçəsi göstərilib, müharibənin Ermənistan və Dağlıq Qarabağdakı erməni separatçı qüvvələrinin istəkləri üzündən baş verdiyi, nəticədə 1 milyon azərbaycanlı məcburi köçkünün doğma ev-eşiyindən didərgin düşdüyü bildirilib. Sənəddə Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikasının beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaları barədə də bir sıra məlumatlar öz əksini tapıb. Belə cinayətlər sırasına zor gücünə insanların qovulması, evlərin qarət edilməsi və yandırılması, insanların oğurlanması və girov saxlanması, hərbi əsirlərin döyülməsi və edam olunması, hərbi hava qüvvələrindən dinc əhaliyə qarşı istifadə edilməsi daxildir. Sənəddə Xocalı qırğını dəqiqliklə sənədləşdirilərək nümunə kimi təqdim edilib.
Bundan başqa, sənəddə BMT, Aİ və AŞ PA qətnamələrində beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü təsdiq etdiyi, bütün erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çəkilməsi və bütün məcburi köçkünlərin doğma yurd-yuvalarına dönməsi üçün imkan yaradılması tələbi qeyd edilib.
Xatırladaq ki, bu, İsveç-Azərbaycan diasporunun üzvləri tərəfindən hazırlanan ikinci qətnamə layihəsidir. İlk parlament qətnaməsi layihəsi Cənubi Azərbaycanda insan haqlarının vəziyyətinə həsr olunmuşdu. İkinci qətnamə layihəsində isə Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməsi tələb edilir və azərbaycanlı köçkünlərin öz evlərinə qayıtmaq hüquq təsdiqlənir.
Əli