Bioloji müxtəlifliyin qorunması

19:18 26.07.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Mütəxəssislər bu istiqamətində əhalinin vaxtaşırı məlumatlandırılmasını tövsiyyə edirlər

Son dövrlər meşələrin səmərəsiz və intensiv istifadəsi nəticəsində bəzi bitkilərin arealları qısalıb, bəzi növlər öz areallarını tamamilə dəyişib. Trend-in məlumatına görə, AMEA-nın Dendrologiya İnstitutunun əməkdaşları Kiçik Qafqazın şimal-şərq hissəsində ekspedisiya zamanı belə qənaətə gəliblər.

Ekspedisiya zamanı Qızılca və Korçay Dövlət Təbiət Yasaqlığı ərazilərinin ağac-kol bitkilərinin taksonomik tərkibi, yayılma arealları tədqiq olunub, toxum və herbari nümunələri toplanıb. Bundan əlavə, Gəncə-Qazax bölgəsinin mədəni dendroflorası araşdırılıb, həmçinin Yevlax rayonunun meşə ekosistemlərinin qiymətləndirilməsi üzrə müşahidələr aparılıb. Eyni zamanda "Göygöl ərazisinin dendroflorasının təhlili əsasında nadir və nəsli kəsilməkdə olan növlərin təbii bərpa yollarının seçilməsi" mərhələsi üzrə monitorinq aparılıb, nadir və nəsli kəsilməkdə olan növlər, onların arealları müəyyənləşdirilib.

Ekspedisiya ərəfəsində respublikanın flora biomüxtəlifliyi, o cümlədən ağac və kolların növ tərkibi, bioekoloji xüsusiyyətləri, yayılma arealları kompleks şəkildə tədqiq edilib. Məlum olub ki, son dövrlər meşələrdən səmərəsiz və intensiv istifadəsi nəticəsində bəzi bitkilərin arealları qısalıb, bəzi növlər öz areallarını tamamilə dəyişib.

Azərbaycanda nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkiləri təhlil edilib, yeni növlərin "Qırmızı kitab"a daxil edilməsi, o cümlədən bioloji müxtəlifliyin mühafizəsi istiqamətində əhalinin vaxtaşırı məlumatlandırılması tövsiyyə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 oktyabr sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində bir sıra tədbirlər planı nəzərdə tutulub. Tədbirlər planında təhsilin bütün pillələrində ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması, ekosistem xidmətləri ilə əlaqədar məsələlərin tədrisinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunması üzrə resurs, informasiya və təlim mərkəzlərinin yaradılması, insan resurslarının bilik və bacarıqlarının artırılması üçün texniki potensialın gücləndirilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin turizm potensialı ilə bağlı məlumat bazasının genişləndirilməsi, təbiət abidələrinin inventarlaşdırılmasının həyata keçirilməsi, reklam xarakterli infoturların keçirilməsi, milli parklarda ekoloji turizmlə məşğul olan turoperatorların müəyyən edilməsi, media nümayəndələri, yerli və xarici turistlər üçün infoturların keçirilməsi nəzərdə tutulur. Tədbirlər planına görə, bioloji müxtəliflik komponentlərinin mövcud vəziyyətinin qiymətləndirilməsi,

bitki və heyvan növlərinin inventarlaşdırılmasının həyata keçirilməsi və elektron məlumat bazasının yaradılması, bioloji müxtəliflik üzrə İnformasiya və Əvvəlcədən Xəbərdaretmə Sisteminin yaradılması, bioenerji resurslarının dəqiq uçotunun aparılması, Azərbaycan Respublikasının daxili sularında, sərhəd sularında və Xəzər dənizinin Azərbaycan sektorunda bioloji müxtəliflik komponentlərinin idarə edilməsinin təkmilləşdirilməsi, sənaye və məişət tullantıları ilə çirklənmənin qarşısının alınması, böyük yaşayış məntəqələri ətrafındakı su hövzələrinin bioloji müxtəlifliyinin qorunmasına dair tədbirlərin hazırlanması həyata keçirilməlidir.

Sənəddə habelə, bioloji müxtəlifliyin davamlı inkişafına təsir edən amillərin öyrənilməsi, antropogen təsirlərə məruz qalan torpaqlarda meşəbərpa zonalarının və süni meşəliklərin yaradılmasına dair təkliflər hazırlanması və pilot layihələrin həyata keçirilməsi, otlaqların idarə olunmasında qabaqcıl təcrübənin tətbiqi və otlaq sahələrinin səmərəli idarə olunması məqsədi ilə tədbirlər görülməsi, idarəetmə planlarının hazırlanması və pilot layihələrin tətbiqi,“Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na əməl olunmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, meşə ilə örtülü ərazilərin inventarlaşdırılmasında və monitorinqinin aparılmasında müasir metodikanın tətbiqi planlaşdırılıb.

Bundan başqa, regionlar üzrə torpaq, iqlim şəraiti nəzərə alınmaqla növbəli əkin sistemindən və digər səmərəli aqrotexniki becərmə tədbirlərindən geniş istifadənin və ənənəvi yolla yaradılmış mədəni bitkilərin becərilməsinin təşviq edilməsi üçün zəruri tədbirlərin görülməsi, üzvi əkinçiliyin inkişaf etdirilməsi məqsədi ilə pilot layihələrin hazırlanması, şoran və təkrar şoranlaşmaya məruz qalmış torpaqların yuyulması və bu ərazilərdə şəraitə uyğunlaşmış ağac və kol cinslərindən ibarət meşəbərpa zonalarının və süni meşəliklərin yaradılmasına dair təkliflərin hazırlanması və pilot layihələrin həyata keçirilməsi, torpaqların əkin dövriyyəsinə qaytarılması məqsədi ilə meliorasiya işlərinin görülməsi, yüksək dağlıq ərazilər də daxil olmaqla kənd təsərrüfatı sahələrində üzvi gübrələrdən istifadə ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Tədbirlər planına həmçinin qlobal iqlim dəyişikliyi fonunda ətraf mühitin əlverişsiz amillərinə qarşı davamlı olan ənənəvi bitki sortlarının və heyvan cinslərinin istifadəsinin genişləndirilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin səmərəli mühafizəsini təmin etmək məqsədi ilə nəsli kəsilməkdə olan əhəmiyyətli növlərin qorunması tədbirlərinin təkmilləşdirilməsi, “Qırmızı Kitab”ın hazırkı nəşrinə daxil edilmiş nəsli kəsilməkdə olan heyvan növlərinin mühafizəsi üçün yaşayış mühiti fraqmentasiyasının tədqiqi və vacib yaşama yerlərinin bərpası,

ölkə ərazisində nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin populyasiyalarının bərpası üçün tədbirlərin hazırlanması, reintroduksiya layihələrinin həyata keçirilməsi kimi məsələlər də daxildir.

Tədbirlər planına uyğun olaraq, Xəzər dənizinin Azərbaycan sektorunda və quru sahələrdə xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi;

Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, Avropa Qonşuluq Siyasəti çərçivəsində “Zümrüd sahələr”in inkişaf etdirilməsi, iqlim dəyişkənliyinə həssas ərazilərdə (su-bataqlıq, yüksək dağlıq ərazilər, Xəzər dənizinin sahil zolağı və s.) iqlim dəyişkənliyinin bioloji müxtəlifliyə təsirinin qiymətləndirilməsi və adaptasiya proqramlarının hazırlanması,ekoloji və iqtisadi baxımdan ciddi mənfi təsir göstərən flora və faunanın invaziv növlərinin populyasiyalarının, vurduqları zərərin qiymətləndirilməsi və onlara qarşı mübarizə tədbirlərinin hazırlanması,

kənd təsərrüfatı və məişət tullantılarından bioenerji alınması imkanlarının araşdırılması və həmin enerjidən istifadənin təşviq edilməsi, bioloji müxtəlifliyin qorunması və təbii sərvətlərdən davamlı istifadə məqsədi ilə sənayenin “yaşıl iqtisadiyyat”a keçid potensialının qiymətləndirilməsi həyata keçirilməlidir.

Bundan başqa, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının geniş təşviqi, su bioloji resurslarının müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi, vətəgə əhəmiyyətli balıq növlərinin populyasiya dinamikasının öyrənilməsi, ov normalarının müəyyən edilməsi və akvakulturanın inkişaf etdirilməsi,

bioloji müxtəlifliyin səmərəli istifadəsi baxımından ovçuluğun inkişafı üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi,yabanı dərman bitkilərinin qanunsuz toplanmasına və satışına nəzarətin gücləndirilməsi və belə bitkilərdən davamlı istifadənin təmin edilməsi, genetik modifikasiya olunmuş bitkilərin təyini üzrə akkreditasiya olunmuş laboratoriya şəbəkəsinin genişləndirilməsi,

respublikada genetik modifikasiya olunmuş bitkilərin dövriyyəsinin tənzimlənməsi üzrə müvafiq elmi-texniki potensialın, ixtisaslı mütəxəssis hazırlığının və müvafiq texniki infrastrukturun inkişaf etdirilməsi məqsədi ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi də tədbirlər planında nəzərdə tutulan məsələlərdəndir.

Sənəddə həmçinin, bioloji müxtəlifliklə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi və bu sahədə milli standartların beynəlxalq normativlərə uyğunlaşdırılması, respublikanın bioloji müxtəlifliklə bağlı beynəlxalq təşəbbüslərə qoşulması üçün imkanların müəyyən edilməsi, bioloji müxtəlifliyin qorunması məqsədi ilə regionlarda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəzərdə tutulub.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.