Türk əsgəri İraqda uzun müddət qala bilər

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt

Siyasi ekpertlər artıq Türkiyə hökumətinin danışıqlara getməyəcəyini düşünürlər

Terrorçu PKK təşkilatının üzvləri Hakkari vilayətində türk hərbçilərə hücum ediblər. Nəticədə 24 nəfər həlak olub, 18 hərbçi yaralanıb. Maraqlıdır bundan sonra Türkiyə yenə də PKK ilə danışıqları davam etdirəcəkmi? Məsələyə siyasi ekspertlər aydınlıq gətirdi.

Türkiyədə yaşayan siyasi ekspert Vurğun Həsənli diqqətə çatdırdı ki, PKK-nın bu hücumunda daha çox itki verilib. Onun sözlərinə görə, uzun müddətdir gündəmdə olan Şimali İraqa quru qoşunlarının daxil olması bu dəfə həyata keçiriləcək: “Məncə, ən az 3 ay müddətində türk əsgəri İraqda qalacaq. Ona görə ki, terror təşkilatının bütün bağlantıları birdəfəlik məhv edilməlidir. Onu da Şimali İraqa girib çıxmaqla etmək olmaz. Çünki türk əsgəri girəcəyi vaxt terrorçular geri çəkiləcək. Şimali İraqdakı kəndlərdə kürdlər yaşayır. Terroçu qruplar onların arasında adi vətəndaş kimi gizlənirlər. Lazım gələrsə İraq hökuməti ilə razılaşdırılaraq həmin kəndlər boşaldıla bilər. Artıq türk ictimaiyyəti də hökumətdən məsələnin həllini istəyir. Bu dəfə ciddi tədbirlərin görüləcəyini gözləmək olar. Ən real addım isə türk əsgərinin Şimali İraqdakı yuvalarını tək-tək yox edəcəyi müşahidə olunur. Amerika buna qarşıdır, amma bu dəfə türk əsgərlərinin İraqda uzun müddət qalacağı görünür. Amma bu vaxt terrorçular geri çəkiləcək. Türk ictimaiyyəti iqtidarı PKK-ya qarşı ciddi addım atmamaqla günahlandırır. Terrorçuların dərsinin verilməsini tələb edir. Çünki son dövrlərdə şəhid sayında ciddi artım var“. PKK-nın məhv edilməsində hansı yeni addımların atılacağına əlincə isə V.Həsənli bildirdi ki, keçmiş təcrübədə öncə PKK kampları bombalanırdı: “Müəyyən sayda PKK terroçuları zərərsizləşdirilirdi ki, PKK-nın gücü zəifləsin. Daha sonra danışıqlara qaldığı yerdən davam edilirdi. Ancaq bu bir nəticə vermədi. İndi daha çox silaha üstünlük veriləcək. PKK-nın birdəfəlik zərərsizləşdirilə biləcəyinə inam azdır. Lakin güclü bir şəkildə müqavimətinin qırılacağına inanıram“.
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Türkiyə ordusunun və mülki əhalinin son ağır itkilərindən sonra hökumət üçüncü ölkələrdə PKK dayaqları ilə danışıqları davam etdirməyəcək: “Danışıqlara bir müddət ara veriləcək. İş o yerə çatıb ki, Türkiyə prezidenti Abdullah Gül sərt intiqamdan danışır. Bunun mənası odur ki, Türkiyə ordusu İraqın şimalında uzunmüddətli hərbi əməliyyata başlayacaq. Terrorçular Abdullah Gülə, belə demək mümkünsə, əlcək atıblar. Gül bir neçə gün öncə Hakkaridəki hərbi hissəni ziyarət etmişdi. Terrorçular da məhz həmin əraziyə basqın düzənləyib. Öldürülən türk əsgər və zabitlərin intiqamı yüzlərlə terrorçunun neytrallaşdırılması ilə cavablanmayana qədər Ankara sakit dayanmayacaq. Hətta ola bilər ki, Türkiyə ordusu hava zərbələri ilə yanaşı, İraqın daxilinə, yəni terrorçuların gizləndiyi Qəndil dağının içərilərinə qədər hərəkət etsin“. Türkiyənın belə bir uzunmüddətli əməliyyata başlaması beynəlxalq aləmdə hansı reaksiyanın doğuracağına gəlincə isə ekspert dedi ki, vaxtilə Türkiyə ordusunun İraqın şimalında hər hansı əməliyyata baş vurması Qərb ölkələrinin, İraq hökumətinin, şimaldakı yerli kürd rəhbərlərinin sərt reaksiyasına səbəb olurdu. Ancaq son illər onlar da susmağa üstünlük verirlər: “Çünki PKK terroru onların dilini qısa edib. Türkiyə diplomatiyasının uğurunu da qeyd etmək lazımdır. Ankara PKK-ya qarşı mübarizədə beynəlxalq aləmin və İraqın tam dəstəyini alıb. Təsadüfi deyil ki, bu günlərdə İraqın baş naziri Maliki açıqlama verərək ölkənin şimalındakı terror yuvasını dağıtmaq üçün İraq ordusunun da hərəkətə keçə biləcəyini deyib. İraqın xarici işlər naziri, kürd əsilli Zebari də bu günlərdə Ankaraya gedərək ölkənin şimalındakı PKK terrorunu bitirmək üçün Türkiyəyə dəstək verəcəklərini açıqlayıb. Vəziyyət gərgindir. PKK terroru Türkiyənin inkişafına, barış və sabitliyə yeganə əngəldir. Bu əngəli aşmaq üçün Türkiyə bütün gücünü səfərbər etmək məcburiyyətindədir. PKK-nın özü də monolit quruluş deyil. Bir qanadı ilə danışıqlar aparılarkən digər qanadı danışıqları pozmaq üçün xain hücumlar təşkil edir. Ona görə də PKK-nın Türkiyə və bölgə səhnəsindən tam silinməsinə ehtiyac var. Türkiyə hökumətinin vaxtilə irəli sürdüyü təklif qüvvədə qalır: əli qana bulaşan PKK-çılar üçüncü ölkərə sığınsın, digərləri isə əfv olunaraq Türkiyədə mülki həyata qayıda bilərlər. PKK-nın tam tərk-silah edilməsi vacibdir. Buna nail olmaq üçün isə həm hərbi, həm də siyasi alətlər istifadə olunmalıdır“.
Əli
Oxunma sayı 115