“Biz həmişə Azərbaycanın yanında olacağıq” – Pakistanlı diplomat

16:40 25.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Biz hər zaman Azərbaycanın yanında olmuşuq və bundan sonra da olacağıq”.

Hafta.az yazır ki, bu sözləri Pakistanın ölkəmizə yeni təyin olunmuş səfiri Bilal Hayi jurnalistlərlə görüşdə, Ermənistanın da iştirakı ilə keçirilən “Qafqaz-2020” hərbi təlimlərində Pakistanın iştirakına münasibət bildirərkən deyib. Diplomat qeyd edib ki, haqqında danışdığımız “Qafqaz-2020” çoxtərəfli hərbi təlimdir. Orada çox sayda ölkə iştirak edib ki, onlardan biri də Pakistan olub.

Sirr deyil ki, Pakistanın həmin təlimdə iştirakından istifadə edən ermənilər və onların havadarları, Pakistanın guya Ermənistanla yaxşı münasibət qurmaq istəməsi kimi xülyalar uydurmuşdu. Belə olduğu halda, Pakistan dövləti yaxın dövrdə Azərbaycanla birgə hərbi təlim keçirə bilərmi? Necə ki, bu yaxınlarda qardaş Türkiyə dövləti belə bir addım ataraq Azərbaycana açıq hərbi dəstək ifadə etdi.

Diplomat bildirib ki, heç bir təxribatçı hərəkət və yayılan şayilər Pakistanın Azərbaycana qarşı dost münasibətinə xələl gətirə bilməz. Onun sözlərinə görə, indiyədək mütəmadi olaraq ölkələrimizin hərbçiləri qarşılıqlı olaraq səfərlər edir, birgə təlim və kurslarda iştirak edir və sair. Diplomat qeyd edib ki, hərbi sahədə əməkdaşlıq yüksək səviyyədə inkişaf etməkdədir.

Diplomat ermənilərin mütəmadi olaraq Azərbaycanla sərhəddə atəşkəsi pozamasına da münasibət bildirib. Onun sözlərinə görə, Ermənistanın atəşkəsi pozması qəbuledilməzdir və beynəlxalq hüquqa ziddir.

Səfir bildirib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll olunmasını dəstəkləyir.

“Əmin olun ki, Pakistan Azərbaycanla əlaqələrini korlayacaq hər hansı addım atmaz və atmayacaq. Heç bir ölkə Azərbaycanı Pakistandan yaxşı başa düşə, onun ağrılarını anlaya bilməz. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu gün Pakistan da oxşar münaqişədən əziyyət çəkir. Kəşmirdə insanlar təzyiq altındadır, onlar həbsdədir. BMT Təhlükəsizlik Şurasının Kəşmirlə bağlı qətnamələri var və icra olunmur. Bu Azərbaycanla da bağlı belədir. Ümid edirəm ki, iki qardaş ölkə bu qətnamələrin reallaşdırılması üçün birgə çalışacaq”, - deyə səfir vurğulayıb.

Oxunma sayı 3136
Siyasət rubrikasından digər xəbərlər