“Biz könüllüyük, hər şeyi gözə alıb gəlmişik” - Koronaviruslu xəstələri müalicə edən Məlahət İsayeva danışır

11:10 13.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Budəfəki qəhrəmanım son həftələrin ən mübariz peşə sahiblərindən biridir. Sahə həkimidir. 23 ildir ki, 11 saylı poliklinikada çalışır. Yazıçılığı da var qəhrəmanımın. Ədəbiyyat cameasında Məlahət Hümmətqızı kimi tanınır Məlahət İsayeva...

Ölkəmizdə koronavirus pandemiyasının yayıldığı ilk günlərdən könüllü kimi döyüş meydanına atılıb. Bəli, sözün əsl mənasında döyüş meydanına... Gözəgörünməz və bütün bəşəriyyətə müharibə elan etmiş bir pandemiyaya qarşı döyüşür. Əvvəlcə “arxa cəbhədə” olub, xəstələrin analizlərini götürüb. Bunları bir azdan özü danışacaq. Sonra ön cəbhəyə - yüngül, orta və ağır xəstələrin müalicə aldığı izolyasiyalı xəstəxanalardan birinə yollanıb.

Həkim Məlahət İsayeva hafta.az-a müsahibəsində koronavirusa yoluxmuş xəstələrin qaldığı otaqlardan, xəstələrin durumundan, aparılan müalicə tədbirlərindən, gərgin iş rejimindən danışır. O, danışdıqca biləcəksiniz ki, Məlahət xanımın timsalındakı həkimlər necə də qəhrəmandırlar.

-Yəqin ki, xəstələrlə sıx təmasdasınız...

-Bəli, çox yaxın təmasdayıq. Mən indi işlədiyim xəstəxanaya 4 gündür ki, təyin olunmuşam. Amma elə həkimlər var, artıq bir neçə vaxtdır ki, oradadırlar. 10-12 gün gün əvvəl buraya gələnlər də var.

-Hansı xəstəxanaya ezam olumusunuz? Təxminən neçə xəstənin müalicəsi ilə məşğulsunuz?

-Mən Tədris Cərrahiyyə Klinikasındayam. On birinci mərtəbədəyəm. Bütün mərtəbələrdə xəstələr var. Müalicə alırlar. Demək olar ki, hər mərtəbədə 20-25 koronavirusa yoluxmuş xəstə müalicəsini davam etdirir. Reanimasiyada da, palatada xəstələrimiz mövcuddur. Reanimasiyada çox ağır durumda olan xəstələr yatır. Onlarda tənginəfəslik, nəfəs daralmaları olur. Müəyyən qədər yaxşılaşdıqdan, krizisdən çıxandan sonra yuxarı mərtəbələrə göndərilir.

-Sizin şöbədə koronavirusdan müalicə olunan neçə xəstə var?

-Bizim şöbədə 21 xəstə var. Onlar yüngül, orta, ağır xəstələrdir.

-Məlahət xanım, neçə ildir bu sahədə çalışırsınız?

-23 ildir ki, 11 saylı poliklinikada sahə həkimi işləyirəm. Koronavirus pandemiyası ölkəmizə gəlib çıxanda bütün poliklinikalardakı həkimlər bu virusa qarşı mübarizəyə qalxdı. Bütün xəstəxana və poliklinikalarda filtir otaqları yaradıldı. Filtir otaqları nədir – bu otaqlarda hərarəti yüksək olan xəstələrin temperaturu ölçülürdü. Onlardan burun nahiyyəsindən boğazdan, (əsnəkdən, badamcıqlardan) yaxma götürülürdü. Daha sonra 103-ə zəng vurulurdu. Təcili tibbi yardım çağırılır. Həmin nümunələri onlara təqdim edirdik. Daha sonra taun mərkəzində həmin xəstələrin yaxmaları 2-3 gün ərzində yoxlanılırdı. Cavabları bizə göndərilirdi. Ümumiyyətlə, poliklinikaya gələn bütün xəstələri əvvəlcə müayinə və müalicə edir, sonra onlardan yaxma götürürdük. Nəticə pozitiv olanda təcili yardım çağıraraq xəstələri səhiyyə ocaqlarına yerləşdirirdik. Xəstələr 38-39 dərəcə qızıdırma, eləcə də zökəm əlamətləri ilə gəlirdilər.

-Hansı xəstəxanalara?

-Bunlar Mərkəzi Neftçilər Xəstəxanası, Əfəndiyev adına xəstəxana, Tədris Cərrahiyyə Klinikası və Tədris Terapevtik Klinikası... Ümumilikdə hazırda paytaxtda 4 xəstəxanada koronavirusa yoluxmuş xəstələrin müalicəsi aparılır. Xəstəxanalarda xəstələrin sayı olduqca çoxdur. Onların xəstəliyə qalib gəlməsi üçün həkimlər bütün səylərini ortaya qoyublar. Üç aya yaxın mən 11 saylı klinikada filtir otağında çalışdım.

-Sonra nə oldu?

-Əvvəla, onu deyim ki, biz Səhiyyə Nazirliyinin tabeliyindən çıxaraq TƏBİB-ə keçmişik. TƏBİB-in çağırışına səs verdik. TƏBİB Bakıdakı həkimləri könüllü olmağa səslədi. Virusla mübarizədə kömək etməyə çağırdı. Artıq vəziyyət ciddiləşirdi. Belə olan təqdirdə çalışdığım poliklinikanın həkimləri də ayağa qalxdı. Əvvəlcə bizdən üç həkim getdi. Onlardan biri ağır şəraitə dözməyib xəstələndi. Çünki 8 saat dayanmaq, durmaq hər kəsin bacardığı, öhdəsindən gələ biləcəyi iş deyil. Hər kəs dözə bilmir. Həmin həkimin yerinə könüllü olaraq mən getdim.

-Bəs sizin istirahət şəraitiniz necə təmin edilib?

-Çox yaxşıdır. Bulvar oteldə qalırıq. Paytaxt Bakıda koronavirusa yoluxan xəstələrə qulluq edən 700-ə yaxın tibbi heyət – həkim, tibb bacısı, teropevt... hamısı Bulvar oteldə qalır. Biz hər biri 8 saatlıq olmaqla üç növbəli işləyirik. Ayaq üstəyik. Yatmaq, oturmaq olmaz. Çünki xəstələrin həyatda qalması üçün çalışırıq. Sayıqlığı əldən vermirik. Səhər növbəsi 8:00-dan 16:00-a qədərdir. Günorta növbəsi 16:00-dan 00:00-a, gecə növbəsi isə 00:00-dan səhər 8:00-a kimidir. Səhər iş vaxtında xidməti avtobus gəlir. Bütün mərtəbədəki tibbi heyət aşağı düşür, avtobuslara minir və Tədris Cərrahiyyə Klinikasına yollanır.

-Bəs xəstələrin yanına gedənə qədər hansı hazırlıq işləri aparırsınız? “Kirli” zonaya qədər hansı mərhələlərdən keçirsiniz?

-Xəstəxanaya daxil olan kimi ad-soyadımızı yazırlar. Qeydiyyata götürülürük. İşdən çıxanda da bu hal təkrarlanır. Soyunma otağında paltarlarımızı çıxarırıq. Bizə uniforma verilir. Onun üzərindən komifulyaj deyilən hava keçirməyən ağ formanı geyinirik. Maska, “plasmast” eynəklər, əlcək, ayaqqabının üzərindən geymək və saçımızın üzərindən keçirmək üçün baxil verilir. Bunları geyinib, necə deyərlər, “yaraqlanıb-yasaqlanırıq”. Belə bir şəraitdə biz yuxarı mərtəbələrə gedirik. Hələ ki, bu sadaladığım yerlər təmiz zona sayılır. Liftə qədərki zona təmizdir. Liftin içərisi də təmiz zona hesab olunur. Liftdən çıxdıqdan sonra neytral zonaya daxil oluruq. Tibb işçiləri neytral zonadan hərə öz şöbəsinə keçirik. Ondan sonra şöbələr başlayır.

-Xəstələrin yanına keçməmişdən əvvəl onlar haqqında ən son məlumatları necə öyrənirsiniz?

-Şöbədə. Xəstələrin gəldiyi tarixdən tutmuş, gündəlik hal-vəziyyətləri və durumları oradakı qeydiyyat dəftərinə yazılır. Hər bir hal qeyd olunur. Virusa yoluxmuş şəxslərin xəstəlik tarixi ilə tanış oluruq. Son 12-24 saat ərzində nə baş veribsə, onlarla maraqlanırıq. Məlumat əldə edirik. Daha sonra xəstələrin müalicə aldığı palataları bir-bir gəzirik. Təbii ki, onlara yaxınlaşmadan... Bir neçə metr məsafədə dayanaraq hal-əhvallarını soruşuruq. Dərmanları qəbul edib-etmədikləri ilə maraqlanırıq. Biri deyir başım ağrıyır, digəri təzyiqinin ölçülməsini istəyir, başqası temperaturunun düşmədiyini söyləyir. Bütün şikayətlərini dinləyirik. Analizləri toplayırıq. Allergiyası olanlara buna müvafiq dərmanlar verilir. Təzyiqi olanlara aidiyyatı üzrə dərmanlar qəbul etdirilir. Həkim yaxına getmir, bunun üçün xüsusi aparatlar var. Ən müasir aparatlar vasitəsi ilə bunlar həyata keçirilir. Tibb bacısı aparatı qoşur və təzyiq ölçülür. Bütün palataları gəzib xəstələrlə sorğu-sual etdikdən sonra təyinatlar veririk. Gəzdiyimiz otaqlarla bağlı qeydiyyat aparırıq. Təyinatları qeyd edirik.

-Bəs iş saatınız bitdikdən sonra “kirli zona”dan çıxışınız necə olur?

-İş saatımız bitdikdən sonra “kirli zona”dan neytral zonaya gəlirik. Burada biz əynimizə geydiyimiz kamuflyajı, əlcəkləri, baxilləri çıxarırıq. Orada yandırılmaq üçün qoyulmuş zibil qabları var. Əynimizdəkiləri çıxarıb oraya atırıq. Eynəkləri isə dezinfeksiya olunmuş suyun içinə qoyuruq. Əllərimizi spirtlə dezinfeksiya edirik. Ondan sonra əl-üzümüzü yuyuruq. Daha sonra aşağıya düşürük. Ardınca bayırda bizi gözləyən avtobuslara minərək yenidən qaldığımız otelə yol alırıq.

-Bəs koronavirusla mübarizədə hansı dərmanlardan istifadə edirsiniz?

-Bilirsiniz, virusa yoluxan və müalicə alan şəxslərin bir neçə xəstəliyi var. Onların xəstəliyi təkcə koronavirus deyil. Orada şəkərli diabet də, ürək-damar sistemində narahatlığı olanlar, tənəffüs orqanının xəstəlikləri ilə mübarizə aparanlar, arterial hiperteziya, vərəm xəstələri də var... Biz koronavirusa yoluxmuş vərəm xəstələrini Ağciyər Xəstəlikləri İnstituna köçürə bilmirik. Çünki onlarda koronavirus var. Köçürmə mümkün deyil, gərək bir az yüngülləşsinlər, sağalsınlar sonra köçürülsünlər. Vərəmli xəstələrlə pulmonoloqlar məşğul olur. Onların müalicəsini bizimlə bərabər pulmonoloqlar aparır. Məhz bunlara görə müalicələr qarışıq gedir, şəkərli diabet xəstəsi həm koronavirsdan, həm də diabetdən müalicə alır. Bütün xəstəliklər bərabər müalicə olunur.

-Məsələn, ölkənin baş infeksionisti Cəlal müəllim Rusiya istehsalı olan “Arbidol”un verildiyini deyir...

-Bəli, “Arbidol” verilir...

-Məlahət xanım, gərgin rejimdə çalışırsınız. Xəstələr də gərgin olurlar. Təbii ki, əməyinizə görə xəstələrdən təşəkkür, minnətdarlıq edənləri də az deyil, amma gərginlikdən dolayı sərt reftar edən xəstələrə də rast gəlmək mümkündür. Belə olan halda həmin xəstələrə siz həkimlərin rekasiyaları necə olur?

-Bilirsiniz, biz həkimiksə həmişə onlarla xoş danışmalıyıq. Həmişə xoş davranmışam. Məni tanıyanlar bilir. Bu, birmənalıdır. Hətta həkim yoldaşlarım xəstələrin mənə daha çox xoş münasibətini görəndə deyirlər ki, nə yaxşı xoş tərftar edirlər. Xəstələr uşaq kimidirlər, kövrəkdirlər, həssasdırlar. Onları indiki məqamda daha çox dinləyirik. İnanın səmimiyyətimə, heç birinə fərq qoymadan qayğısına qalırıq. Əsəbləşəndə də ona qarşı mehriban davranırıq. Çünki onun bədəni ağrıyır. Xəstəxanaların pəncərələri təhlükəsizlik səbəbi ilə açılmır. Onlar havasızdırlar. Otura bilmirlər. Hətta dünən bir xəstə deyirdi ki, həkim mən buraya gələndən 10 kilo kökəlmişəm. Niyə, çünki yeyir, oturur, uzanır... Bezirlər, getmək istəyirlər. Yeganə şikayətləri evə getməkləri ilə bağlıdır. Həkimlərdən çox razılıq edirlər. Eləcə də müalicədən... Sadəcə, otaqdan çıxa bilmirlər, icazələri yoxdur, ona görə də bezirlər. Nə qədər əziyyət çəkirlər, biz də onları çox yaxşı başa düşürük. Onların hər birinə başa salırıq ki, bir az səbrli olmaq lazımdır. Hər şeyin əvvəlki vəziyyətinə qayıdacağına, yaxşı olacağına inam yaradırıq. Əslində doğrudan da belə olacaq. Hətta bəzən otağın içində də boş durmamağı, yerində qaçmağı mütaliə etməyi, yüksək səslə musiqi dinləməyi də məsləhət görürük.

-Bəs sağaldıqdan sonra həmin şəxslərin özləri ilə gətirdikləri əşyaların, kitabların, geyimlərin aqibəti necə olacaq?

-Əslində onlar evə aparılmamalıdır. Yandırılsa daha yaxşı olar. Özləri də yaxşı bilirlər ki, müalicə aldıqları müddətdə geydikləri paltarları yandıracaqlar. Bunları yaxşı bilirlər.

-Son olaraq bir sual vermək istəyirəm, ev üçün darıxmırsınız?

-Niyə darıxmıram. Amma buradakıların bizə daha çox ehtiyacı var. Onları tam sağaltdıqdan sonra evlərimizə dönəcəyik. Biz könüllüyük. Hər şeyi gözə alıb gəlmişik.

Oxunma sayı 549