BMU-da “Avro 2020”nin könüllüləri ilə görüş keçirilib 

15:10 01.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Avro 2020”-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu, həmçinin 1/4 final mərhələsi qarşılaşması ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun üzvlərinin tədbirə hazırlıq məqsədilə növbəti görüşü Bakı Mühəndislik Universitetində (BMU) baş tutub.

200-dən artıq tələbənin qatıldığı görüşdə Avropa Çempionatının tarixi və digər maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları barədə danışılıb. Eyni zamanda, “Avro 2020” ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Sonra “Avro 2020 Bakı Könüllülər Proqramı” haqqında ətraflı məlumat verilib.

“Avro 2020” Könüllülər Proqramının meneceri Yusif Vəliyev görüş üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib. O, Avropa Çempionatının 4 oyununun Bakı şəhərində keçiriləcəyini vurğulayaraq, bunun böyük və tarixi bir hadisə olduğunu bildirib. Y.Vəliyev Könüllülər Proqramına artıq xeyli sayda könüllünün müraciət etdiyini də diqqətə çatdırıb.

Görüşdə iştirak edən “Avro 2020” Könüllülər Proqramının səfiri Taleh Yüzbəyov tələbələri aktiv olmağa və bu proqrama qoşulmağa səsləyib. O, eyni zamanda, bu proqrama qoşulmaqla tələbələrin müxtəlif sferalarda geniş təcrübə qazanacağını söyləyib.

Qeyd olunub ki, AFFA 2019-cu ilin mayında Bakıda ilk dəfə keçirilən UEFA Avropa Liqasının final oyununun yüksək səviyyədə təşkil olunmasında könüllü tələbələrin rolunu yüksək qiymətləndirir. İrimiqyaslı və ölkə əhəmiyyətli belə tədbirlərdə yaxından iştirak gənclərin idman və qeyri-idman sahəsində lazımi təcrübə qazanması, asudə vaxtlarının səmərəli təşkili baxımından olduqca önəmlidir. Tədbirdə çıxış edənlər bir vaxtlar könüllü olaraq əldə etdikləri təcrübəni də tələbələrlə bölüşüblər.

Xatırladaq ki, Bakı şəhərində keçiriləcək oyunların təşkilinə tələbələrin cəlb olunması üçün AFFA tərəfindən Könüllülər Proqramı yaradılıb. Proqram çərçivəsində tələbələr üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasların və s. bu kimi tədbirlərin keçirilməsi planlaşdırılır.