Bolqarıstanda Azərbaycana həsr olunan sərgilər keçirilib

23:30 05.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və Sofiyada fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə Bolqarıstanın Sozopol şəhərində keçirilmiş “Soleil” Beynəlxalq Festivalı çərçivəsində Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin qurulmasının 29-cu ildönümü münasibətilə tədbir təşkil olunub.

Hafta.az xəbər verir ki, tədbirdə Sozopol şəhərinin meri, şəhər bələdiyyəsinin rəhbərliyi, Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, KİV nümayəndələri və şəhər sakinləri iştirak ediblər. Festivalda “Azərbaycan: kəşf edilməmiş, amma yaxın” adlı foto, həmçinin “Azərbaycan-Odlar Yurdu uşaqların gözü ilə” başlıqlı rəsm sərgiləri nümayiş olunub. Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov ötən illər ərzində iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə çoxtərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi və gələcəkdə bu münasibətlərin daha da gücləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib. Bildirilib ki, bu əlamətdar gündə Azərbaycana aid iki sərginin keçirilməsi ölkələrimiz arasında yaxın əlaqələrdən və sıx əməkdaşlıqdan xəbər verir.

“Azərbaycan: kəşf edilməmiş, amma yaxın” adlı foto-sərgidə təqdim olunan şəkillərin müəllifinin bolqar fotoqraf olduğunu vurğulayan səfir həmin fotoların Azərbaycanın füsunkar təbiəti, qədim tarixi və zəngin mədəniyyətini əks etdirdiyindən söz açıb. O, digər rəsm sərgisinin bolqar uşaqların Bolqarıstan yazıçısı Marqarita Pavlovanın Odlar Yurdu Azərbaycana həsr olunmuş “Alov” adlı kitabı üçün çəkdikləri şəkillərdən ibarət olunduğunu diqqətə çatdırıb. Sərgi çərçivəsində səfir H.Hüseynov Bolqarıstan Milli Televiziyası və tədbirdə iştirak edən digər televiziya kanallarına müsahibə verərək nümayiş olunan sərgilər barədə ətraflı danışıb, Azərbaycanın zəngin mədəni irsi barədə bəhs edib.

Oxunma sayı 1194