“Bozqurd” işarəsi göstərən azərbaycanlı sürücü işdən çıxarıldı – Günün təzadları

18:18 04.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Avstriyada “Bozqurd” işarəsi tutaraq “Facebook”da canlı yayım edən avtobus sürücüləri işdən çıxarıldı. Hafta.az xəbər verir ki, “Report”un Avropa bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Vyana şəhər xətləri” nəqliyyat şirkətinin sözcüsü Kristof Heşmatpor deyib.

O bildirib ki, şirkətin avtobus parkında qeydə alınan görüntülərdə 4 sürücünün “Facebook”da canlı yayım etdiyi əsnada “Bozqurd” işarəsi tutaraq görüntülənməsindən sonra, həmin şəxslər barəsində araşdırma aparılıb və onların işinə son verilib. K.Heşmatpor “Bozqurd” işarəsi tutmayan, ancaq videoda görüntülənən sürücülər barəsində də müvafiq araşdırmanın aparılacağını söyləyib.

“Report”un əldə etdiyi məlumata görə, işdən çıxarılanlardan biri Azərbaycan vətəndaşıdır.

“Report”un Avropa bürosu bununla bağlı “Vyana şəhər xətləri” şirkətinə informasiya sorğusu göndərib. Şirkətin mətbuat xidmətinin əməkdaşı Katrin Liner şəxslər barədə məlumatların qorunması səbəbindən bu barədə informasiya verə bilməyəcəklərini bildirib.

Məlumat üçün qeyd edək ki, Avstriyada ötən ilin mart ayında aralarında “Bozqurd” işarəsinin də olduğu bəzi simvollar qadağan edilib. Səbəb kimi isə həmin işarətlərin "radikal milliyətçiliyi və faşizmi simvolizə etməsi" göstərilib. Qanuna riayət etməyən şəxsləri 4 min avro cərimə və bir ay həbs cəzası gözləyir.

 

Rusiyada azərbaycanlı həkimi və tibb bacısını döydü

Azərbaycanlı Rusiyada həkimi və tibb bacısını döydü. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, hadisə Volqoqrad şəhərində baş verib. Xəbərdə bildirilir ki, 22 yaşlı azərbaycanlının yeddi aylıq hamilə arvadı 2 №-li Perinatal Mərkəzə müayinəyə gəlib.

Həkim müayinədən sonra onun xəstəxanada, nəzarət altında qalmasının lazım olduğunu deyib. Lakin qadın ərinə zəng edərək onu evə aparmasını istəyib.

Xəstəxanaya gələn azərbaycanlı qeydiyyat şöbəsinin girişində 39 yaşlı həkimi və 64 yaşlı tibb bacısını döyüb. Daha sonra o, arvadını da götürərək xəstəxanadan çıxıb.

Məhkəmə tibb ekspertizasının qərarından sonra faktla bağlı cinayət işi açılıb, azərbaycanlı məsuliyyətə cəlb olunub.

 

İldə 1 milyon qazanan bankir sendviç oğurladı

ABŞ-ın “Citigroup” İnvestisiya Bankının illik 1 milyon funt sterlinq qazanan bankiri yeməkxanadan sendviç oğurladı.

Hafta.az Rusiyanın Life.ru saytına istinadla xəbər verir ki, bu şəxs hazırda bankın 31 yaşlı bankiri Paras Şahdır.

Məlumata görə, bankir oğurluqdan sonra iş müqaviləsi dondurulduğu üçün hazırda maaş da ala bilmir.

Qeyd edək ki, bank sektorunda bu ilk hadisə deyil. Bundan əvvəl Yaponiyanın “Mizuho” Bankında bir bankir dostunun velosipedindən dəyəri 5 funt sterlinq olan detalı oğurladığı üçün işdən qovulmuşdu.

 

Qarabağda erməni əsgər özünü ayağından güllələdi

Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz dislokasiya olunmuş işğalçı erməni hərbi hissələrindən birində əsgərin özünü yaralaması haqda informasiya yayıldı. 

Hafta.az xəbər verir ki, erməni mənbələrinin yaydığı məlumata görə, dünən –fevralın 3-ü səhər saat 07:35-də Füzuli-Cəbrayıl istiqamətindəki erməni hissələrindən birinin hərbi qulluqçusu silahla düzgün rəftar etməməsi səbəbindən özünü yaralayıb. 

Xəbəri Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan da təsdiqləyib. Onun sözlərin görə, 20 yaşlı Artur Dəlləkyan özünü ayağından güllələyib.

 

Qulaqcıqda dəmir yolu keçən qız qatarın altında qaldı

Dağıstan dəmir yolunda piyadanın etinasızlığı ucbatından ölümlə nəticələnən faciə baş verdi.

Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, yerli medianın yaydığı ilkin məlumatlarda belə deyilir. 

“Fevralın 3-də, saat 9:48 radələrində Mahaçqala stansiyasında  yerli sakin 3101 nömrəli yük qatarı tərəfindən ölümcül xəsarət alıb. Hadisə 1988-ci il təvəllüdlü qız dəmir yolu hissəsini qulaqlarında qulaqcıq, başında gödəkcə papağı olduğu halda və  işıqforun qadağa işarəsinə məhəl qoymadan keçərkən baş verib” -deyə Rusiya İstintaq Komitəsinin Nəqliyyatda İstintaq üzrə Cənub İdarəsinin mətbuat xidmətindən bildirilib.

Hazırda istintaq orqanları 32 yaşlı qıza  ölümcül xəsarət yetirilməsi faktı ilə əlaqədar araşdırma aparır.

 

Oxunma sayı 331