Bu çətin dövrdə göstərdiyiniz hər bir qayğıya görə Sizə təşəkkür edirik - Ölkə vətəndaşları Prezidentə yazırlar

12:52 07.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Sizin bu günlərdə rayonumuzun su təchizatının yaxşılaşdırılması məqsədilə 10 ədəd subartezian quyusunun qazılması ilə bağlı verdiyiniz Sərəncam rayonumuzun bütün sakinləri kimi, bizi də ürəkdən sevindirir. Belə quyuların kəndimizdə də qazılacağına hədsiz dərəcədə sevinir və Sizə bütün kənd sakinlərinin minnətdarlığını, dərin hörmət və ehtiramını yetiririk. Ölkəmizin rifahı naminə Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.

Talıstan kəndinin sakinləri adından hörmətlə,

Sihət Şirəliyev

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Talıstan kəndi.

***

Çox hörmətli cənab Prezident.

Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə hər səfəri şəhərimizin gündən-günə inkişaf etməsinə, çiçəklənməsinə, gözəlləşməsinə xidmət edir. Sizin diqqət və qayğınız sayəsində Gəncə bu gün sənaye mərkəzinə çevrilir, yeni layihələr həyata keçirilir. Vətəndaşların maddi rifahının yaxşılaşdırılması, onların sağlamlığının qorunması istiqamətində atılan addımların bariz nümunəsi kimi yeni tikilən müəssisələri, açılan iş yerlərini, inşa edilən müasir tipli xəstəxanaları, universitet binalarını, tələbə yataqxanalarını, məktəb və baxçaları xüsusi qeyd etmək lazımdır. Sizin hər səfərinizdə verdiyiniz tapşırıqlar, rəhbərliyinizlə həyata keçirilən böyük layihələr qədim Gəncənin daha da yaraşıqlı və müasir bir şəhər olması üçün vacibdir. Sizin Gəncənin inkişafı üçün ayırdığınız böyük maliyyə vəsaitləri şəhərimiz üçün tarixi qərardır. Bu gün bütün dünyada COVID-19 pandemiyasının tuğyan etdiyi bir vaxtda zamanında qəbul etdiyiniz məqsədyönlü qərarlar sayəsində Azərbaycan bu ağır xəstəlik qarşısındə acız qalmır. Yeni tikilən xəstəxanalar, yeni qurulan tibb ocaqları vətəndaşların sağlamlığının qorunması istiqamətində əməli işlər görür.

Cənab Prezident, Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Allahdan möhkəm cansağlığı arzu edirəm. Ümid edirəm ki, Sizin uzaqgörənliyiniz və böyük təcrübəniz sayəsində xalqımız bütün çətinlikləri arxada qoyacaq. Bir ziyalı kimi Sizə dərin minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Mehman Rzayev

Azərbaycan Respublikası, Gəncə şəhəri.

***

Möhtərəm cənab Prezident.

Bütün dünya koronavirusla üz-üzə qaldığı vaxtda Sizin rəhbərliyinizlə dövlətimizin həyata keçirdiyi tədbirlər Azərbaycan xalqında böyük qürur hissi yaradıb. Bəşəriyyəti bürüyən bu bəladan qorunmaq üçün xalqa etdiyiniz müraciətlər, qisa müddət ərzində çox sayda lobaratoriyaların, modul tipli xəstəxanaların istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisənin açılışı, sosial paketlərin həyata keçirilməsi sübut etdi ki, ölkəmizdə bütün lazımi addımlar yüksək səviyyədə atılır. Koronavirus pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz bütün bu qabaqlayıcı tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. İndiki ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanırıq ki, tezliklə bu çətin günlər arxada qalacaq, xalqımız bu bəladan xilas olacaq və ölkəmizdə həyat yenidən əvvəlki axarına düşəcəkdir.

Hörmətlə,

Əsədov Turan Nəsir oğlu

Azərbaycan Respublikası, Zaqatala şəhəri.

***

Hörmətli cənab Prezident.

Sizin kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğı, xüsusilə də pandemiya dövründə verdiyiniz Sərəncamlar əhalinin məşğulluğunun daha da artması üçün böyük perspektiv vəd edir. Biləsuvar aqrar rayon olduğu üçün buranın əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı verdiyiniz Sərəncamlar rayon sakinlərinin əməyə və zəhmətə həvəsini daha da artırır. Uzun illərdir ki, rayonumuzda su çatışmazlığı ucbatından yaranan bir çox çətinliklər əlimizi işdən soyutmuşdu. Bir müddət bundan əvvəl rayonumuzun bir neçə kəndinin, son Sərəncamınızla isə Çinarlı kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə vəsaitin ayrılması biz biləsuvarlilari çox sevindirdi.

Göstərilən qayğıya görə bütün biləsuvarlılar adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Nəbili Bəhruz Ağahüseyn oğlu

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Günəşli kəndi.

***

Hörmətli cənab Prezident.

Siz Azərbaycanda COVID-19 infeksiyasının qarşısının alınması istiqamətində böyük işlər görürsünüz. Bu ağır şəraitdə pandemiyaya qarşı mübarizə ilə əlaqədar gördüyünüz tədbirlər, səhiyyə sistemimizin günün tələblərinə uyğunlaşdırılması, əhalinin sosial rifah halının qorunması istiqamətində atdığınız addımlar, insanlarımıza verdiyiniz dəyər xalq tərəfindən alqışlanır.

Cənab Prezident, bizə verdiyiniz dəyərin ölçüsü yoxdur. Mən ailə üzvlərimizlə birlikdə vətəndaşlarımıza göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. İnanırıq ki, yaşadığımız bu mürəkkəb dövr tez bir zamanda sona çatacaq, Sizin rəhbərliyinizlə Azərbaycan daha da inkişaf edəcək. Azərbaycanın işıqlı gələcəyi ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətlə bağlıdır. Sizə bu çətin və şərəfli yolda daimi uğurlar arzu edirik. Biz şirvanlıların xeyir-duası həmişə Sizinlədir. Allah Sizi qorusun.

Hörmətlə,

Səfərov Rafiq Yunis oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri.

***

Möhtərəm cənab Prezident.

Siz cəmiyyətimizi və dövlətimizi vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlardan qorumaq, qeyri-qanuni hərəkətlərə yol vermiş şəxsləri ifşa etmək və onları cəzalandırmaq üçün əlinizdən gələni edir, bununla bağlı göstərişlər verirsiniz. Sizin bu cür obyektiv, ədalətli olmağınız biz sadə vətəndaşların Sizə olan məhəbbətini, inam və etibarını daha da artırır.

Buna görə Sizə təşəkkür edir, “çox sağ olun” deyirik. Xalqımızın xoşbəxtliyi, Vətənimizin bütövlüyü və inkişafı naminə böyük Yaradan Sizə hər zaman yar olsun.

Dərin hörmət və ehtiramla,

Bəylərov Orxan Qənimət oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Möhtərəm cənab Prezident.

Siz çıxışlarınızda bildirirsiniz ki, məmurlar xalqın xidmətçisidir və xalqa xidmət etməlidirlər. Biz bu gün bu sözlərin, məmurlar qarşısında qoyduğunuz tapşırıqların real nəticələrini görürük. Saatlı rayonunda da Sizin dəyərli sözlərinizin təsiri hiss olunmaqdadır. Belə ki, rayonumuzda su qıtlığının aradan qaldırılması, təsərrüfatların suvarma suyu ilə təminatı üçün lazımi işlər görülür. Bunun üçün böyük işçi qüvvəsi, texnika cəlb edilmişdir.

Cənab Prezident, kənd təsərrüfatının inkişafına, fermerləri narahat edən məsələlərin həllinə bu cür səy göstərdiyinizə görə Sizə minnətdarıq. Əhaliyə olan xoş münasibət Sizin çıxışlarınızdan, tapşırıqlarınızdan qaynaqlanır. Allah işlərinizi avand eləsin.

Əliabad kənd sakinləri adından dərin hörmətlə,

İsmayıl Əliyev

Bahadur Mirzəyev

Əliabbas Namazov

N.Əliyev

X.Niyazov və başqaları.

Azərbaycan Respublikası, Saatlı rayonu, Əliabad kəndi.

Oxunma sayı 1865
Siyasət rubrikasından digər xəbərlər