“Foto-Fakt“da bu gün

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt

Səməd Vurğun küçəsindəki avtomobil yolunun bir hissəsi tamamilə dağılıb

Növbəti ildə Azərbaycanda keçiriləcək “Eurovision-2012“ mahnı yarışması ilə əlaqədar ayrı-ayrı dövlət qurumlarının öz üzərilərinə müəyyən öhdəliklər götürməsi barədə qəzetimizdə məlumat vermişdik. Sözügedən dövlət orqanlarından biri də Bakı Şəhər İcra Hakimiyyətidir. Bu səbəbdən də son günlərdə paytaxt meriyası tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində, məsələn, Mətbuat və Hüseyn Cavid prospektlərində, Firudin Ağayev və akademik Şəfaət Mehdiyev küçələrində və başqa məkanlarda aparılan abadlaşdırma işləri, yolların əsaslı və cari təmiri, tikinti-quraşdırma prosesləri və s. təqdirəlayiq hal sayılmalıdır. Ancaq təəssüflər olsun ki, haqqında danışılan məsələlər daha çox paytaxtın mərkəzi yerlərində reallaşdırılır. Xüsusilə də əsaslı və ya cari təmirin aparılmasına ehtiyacı olmayan avtomobil yollarında analoji proseslərin gerçəkləşdirilməsi birmənalı qarşılanmır. Çünki bu gün həqiqətən də əsaslı və ya cari təmirə ehtiyacı olan avtomobil yolları kifayət qədərdir. Məsələn, elə götürək Səməd Vurğun küçəsini. Adıçəkilən küçənin Ambassador Hotelinin yaxınlığındakı, Azərbaycan Tibbi Universitetinin Stomatoloji Poliklinikasının yanındakı hissəsində bir aydan artıqdır ki, avtomobil yolu tamam dağılıb. Orada dərin çala yaranıb. Üstəlik həmin çalaya yığılan sular tez-tez həmin küçəyə dağıldığından ərazidə çökəkliklər yaranmağa başlayıb. Nəqliyyat vasitələrinin sözügedən məkanda sərbəst hərəkəti xeyli məhdudlaşıb. Deyilənlərə görə, yaranmış problemlə əlaqədar dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyətinə, yerli yol istismarı idarəsinə və digər aidiyyəti qurumlara müraciət edilsə də, bu müraciətlərə müsbət cavab verilməyib. Şikayətlərə məhəl qoyulmadığından S.Vurğun küçəsində acınacaqlı durum hələ də yaşanmaqdadır. Ümidvarıq ki, “Foto-Fakt“da dərcindən sonra müvafiq dövlət orqanları haqqında bəhs etdiyimiz problemin çözülməsinə cəhd edəcəklər. S.Vurğun küçəsindəki avtomobil yolunun dağılmış hissəsi bərpa ediləcək, əsaslı və ya cari təmir olunacaq, nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa olunacaq və ictimai narahatlığa son qoyulacaq.
Foto: Təbriz Vəfalı