İctimai Palatanın yürüşünə icazə verilməyəcək

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

Aydın Hüseynov: “Qanun çərçivəsində olmayan aksiyaların qarşısı alınmalıdır“

Dünən İctimai Palatanın Koordinasiya Şurasının (KŞ) növbəti toplantısı keçirilib. Toplantıda KŞ oktyabrın 18-də keçiriləcək, dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr edilmiş bayram yürüşünün vaxtını dəyişib. Yeni qərara görə, yürüş oktyabr 16-da, saat 15:00-dan 17:00-dək keçiriləcək. Şura Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi qərarını da qəbul edib. Müraciətdə İcra hakimiyyətindən aşağıdakı marşrutlardan biri istiqamətində şəraitin yaradılması istəniləcək.
Hakim Yeni Azərbaycan Partiyasından müxalif İctimai Palatanın oktyabrın 18-də Bakıda bayram yürüşü keçirmək qərarına münasibət bildirilib. YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib ki, siyasi partiya və birlik hər hansı tədbir keçirmək istəyirsə, bu, qanun çərçivəsində olmalıdır: “Müxalifət müstəqilliyin 20 illiyi ilə bağlı tədbirini keçirsin, bir salonda toplansınlar, bayramı qeyd etsinlər, müzakirə aparsınlar. Müstəqilliyin 20 illiyini küçədə niyə keçirirlər, niyə yürüş edirlər?“ YAP icra katibinin müavini deyib ki, müxalifət yürüş keçirmək istəyirsə, “Sərbəst toplaşmaq azadlığı haqqında“ qanuna əməl etməlidir, Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalıdır: “Meriyanın icazəsi olmadan yürüş keçirsələr, təbii ki, bunun qarşısı alınacaq. Hansı ad altında keçirilməsindən asılı olmayaraq bütün yürüşlər kütləvi aksiyadır. Bayram yürüşü o demək deyil ki, kimsə bayram adı altında xaos yaratsın, qanunu tapdalasın, özbaşınalıq etsin. Bayramda da, adi günlərdə də qanuna əməl olunmalıdır. Ona görə də icazəsiz hər hansı yürüş olsa, hüquq-mühafizə orqanları bunun qarşısını alacaq“.
Aqil Səmədbəyli isə “Həftə içi“nə bildirdi ki, bayram günündə heç kim qarşıdurma istəməməlidir: “Müsavat Partiyasının 100 illiyinin keçirilməsinə də icazə verilmədi. Başqa deyiləsi sözüm yoxdur“.
YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov isə diqqətə çatdırdı ki, qanun çərçivəsində olmayan tədbirlərin qarşısı təbii ki, alınmalıdır. Onun sözlərinə görə, müxalifət bayram günündən də öz mənafeləri üçün yararlanmaq istəyir: “Bununla da qarşıdurma, növbəti təxribatlara əl atmaq niyyətindədirlər. Təbii ki, hər bir qurum toplantı və ya aksiya keçirə bilər. Azərbaycan demokratik ölkədir və belə tədbirlərin keçirilməsinə qadağa qoyulmayıb. Bunun üçün müvafiq yerlər ayrılıb. Təbii ki, icazəli mitinqlər ayrılan yerlərdə keçirilə bilər. Şəhərin mərkəzində bayram günlərində vətəndaşlara problem yaratmaq, onların gəzintisini əngəlləmək düzgün olmazdı. Qanundan kənar addımların qarşısı mütləq alınmalıdır ki, ölkədə sabitlik pozulmasın“.
Əli