Bu gün Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir - Prezident

21:28 20.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir.

Hafta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi"nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bu gün Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir: "Biz hamımız yaxşı xatırlayırıq ki, "Əsrin kontraktı"nın imzalanması ölkəmizin yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. 1990-cı illərin əvvəllərində gənc müstəqil Azərbaycan dövləti çox böyük çətinliklərlə, çağırışlarla üz-üzə qalmışdı. Ovaxtkı hakimiyyətin səriştəsizliyi, yarıtmaz fəaliyyəti, xəyanətkar addımları ölkəmizi uçurum kənarına qoymuşdu. 1991-1993-cü illər ağır faciəli illər kimi tariximizdə qalacaq. Ölkəmizi böhran bürümüşdü - siyasi, iqtisadi böhran, sənaye iflic vəziyyətdə idi. İqtisadi sahədə yaşanan tənəzzül gənc müstəqil ölkənin inkişafı üçün çox böyük maneələr törədirdi.

Azərbaycan xalqı özünə xas müdriklik nümayiş etdirərək 1993-cü ildə ulu öndər Heydər Əliyevə üz tutub, onu hakimiyyətə dəvət etmişdir. O gündən bu günə qədər Azərbaycan sabitlik dövrü yaşayır, Azərbaycan inkişaf yolu ilə gedir. 1993-cü ildən bu günə qədər aparılan islahatlar, görülmüş işlər Azərbaycanı dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanıdır. O vaxt iqtisadi və siyasi sahədə yaşanan böhran böyük təhlükə mənbəyi idi. Heydər Əliyevin cəsarəti, uzaqgörənliyi, fədakarlığı Azərbaycanı bütün bəlalardan qoruya bilmişdir. Vətəndaş müharibəsinə son qoyuldu, Azərbaycan islahatlar yoluna qədəm qoydu. Müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Qeyri-qanuni silahlı birləşmələr tərk-silah edildi, ölkədə qayda-qanun yaradıldı. Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı ciddi addımlar atılmalı idi və "Əsrin kontraktı"nın imzalanması bu addımlar sırasında xüsusi yer tutur".

Oxunma sayı 40
Siyasət rubrikasından digər xəbərlər