Bu gün Azərbaycan Ordusu beynəlxalq hüququ və ədaləti əməldə təmin edir

17:20 21.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq Ermənistanın hərbi təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd rayonlarının bir sıra şəhər və kəndləri işğaldan azad olundu. Bu gün də bu proses davam etməkdədir. Bu, Azərbaycan Ordusunun müqəddəs xilaskarlıq missiyası olsa da, eyni zamanda, beynəlxalq hüququn da təmin edilməsidir. Çünki ötən 24 gün ərzində rəşadətli Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının 1993-cü il oktyabrın 14-də qəbul etdiyi 874, eləcə də 1993-cü il 12 noyabr tarixli 884 saylı qətnamələrini icra edir.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir, işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq Azərbaycanın zəbt edilmiş digər ərazilərindən çıxarılması tələb olunur.

“Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ və Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və yeni ərazilər işğal etmək yolunu tutdu. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini dəfələrlə vurğulayıb. Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı. Ən maraqlısı da odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar BMT-nin və həmsədr ölkələrin yadından tamamilə çıxıb. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda, onlar həmin sənədlərə toxunmur. Başqa sözlə desək, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışır”, - deyə deputat diqqətə çatdırıb.

Sədaqət Vəliyeva əlavə edib ki, 27 ildən sonra Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl və Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi. Beləliklə, bu gün Azərbaycan Ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir.

Oxunma sayı 782
Siyasət rubrikasından digər xəbərlər