Bu gün Beynəlxalq Yer Günüdür

19:39 22.04.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

22 aprel - Beynəlxalq Yer Günüdür. Qeyd edək ki, Beynəlхalq Yer Gününün keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında "Ağac günü" kimi qeyd olunmağa başlanılıb və bu gün rəsmi olaraq bayram günü elan olunub. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək "Yer günü" adlandırılıb.

1990-cı ildən başlayaraq "Yer günü"nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli parklara həsr edilb. Bunda məqsəd xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həlli üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətinin cəlb edilməsi olub. Tədricən bu bayram beynəlxalq xarakter alaraq, hazırki dövrdə 192-dən çox ölkədə, o cümlədən respublikamızda qeyd olunur. Beynəlхalq Yer Günü ərəfəsində 1 miyarddan çox insan müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyirlər. Ekoloqlar ətraf mühitin sağlamlaşdırılmasına yönələn kütləvi aksiyalar keçirməklə, informasiya vasitələrində çıxışlar etməklə əhalini ətraf mühitin mühafizəsi sahəsində daha fəal olmağa çağırırlar. Bu il isə dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən Beynəlxalq Yer Günü onlayn qaydada müxtəlif tədbirlər və təşəbbüslərlə qeyd olunur. Hər il bir deviz altında keçirilən həmin təqvimin builki şüarı “İqlim fəaliyyəti”dir.

Qeyd edək ki, araşdrmalara görə, iqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, təkcə 2000-2010-cu illər ərzində təbii fəlakətlərdən 2,7 milyard insan zərər çəkib. "Oxfam" humanitar təşkilatının məlumatında isə qeyd edilir ki, iqlim dəyişmələri ilə bağlı təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb. Statistika göstərir ki, geofiziki fəlakətlərin sayı, o cümlədən zəlzələ və vulkan püskürmələri 1980-ci illərdən bəri o qədər də dəyişməyib. Amma, eyni zamanda, subasma və qasırğaların sayı nəzərə çarpacaq dərəcədə artıb. Təbii fəlakətlər nəticəsində hər il təxminən 250 milyon insan zərər çəkir. Bu fəlakətlərin 98 faizini iqlim fəlakətləri təşkil edir.

Bir neçə il öncə aparılan hesablamalar isə göstərir ki, istilik effekti yaradan qazların emissiyaları üzrə ölkələrin məsuliyyətinə görə, Azərbaycan159 ölkə sırasında 80-ci yerdədir. 1992-2010-cu illərdə istilik effekti yaradan qazların (CO2) emissiyaları 0,70 milyard ton olub. Azərbaycanın qonşularından 138-ci pillədəki Gürcüstanda 1992-2010-cu illərdə CO2 emissiyaları 0,11 milyard ton, 151-ci yerdəki Ermənistanda  0,070 milyard ton, 9-cu yerdəki Rusiya Federasiyasında 1992-2010-cu illərdə 31,6 milyard ton istilik effekti yaradan qazların emissiyaları olub. Bu pillədə ilk 3 yeri 1800-2010-cu illərdə  355 milyard tonla ABŞ, 1899-2010-cu illərdə 132 milyard tonla Çin (Tayvan istisna olmaqla), 1920-1991-ci illərdə isə 113 milyard tonla keçmiş SSRİ tutub.

Ayrı-ayrı ölkələrdə adambaşına düşən CO2 tullantılarının miqdarına gəlincə, Azərbaycanda 1990-cı ildə 10,28 ton, 2000-ci ildə 5,08 ton, 2005-ci ildə 5,86 ton, 2010-cu ildə isə 5,36 ton olub. Adambaşına düşən CO2 tullantılarının miqdarına görə də ABŞ dünya ölkələri sırasında ilk yeri tutur. Orada CO-nin miqdarı 17,53 tondur.

Yeri gəlmişkən, ABŞ-ın Atmosfer Tədqiqatları Milli İdarəsinin hesabatında da deyilir ki, dünyanın 48 ölkəsindən olan 300-dən artıq alim qlobal istiləşmənin qaçılmaz olduğuna əmindir. Sənəddə qlobal istiləşmənin səbəbləri göstərilmir. Lakin bildirilir ki, qarşıdakı illərdə bütün dünyada hərarətin yüksəlməsi və buzlaqların əriməsi prosesi davam edəcək. Ekoloqların fikrinə görə, əgər dünya birliyi qlobal istiləşmə ilə bağlı vaxtında qabaqlayıcı tədbirlər görməsə, qarşıdakı onilliklər ərzində bəşəriyyət iqlim dəyişikliyinin fəlakətli nəticələri ilə üzləşəcək. Mütəxəssislər hesab edirlər ki, hazırda əhalinin sürətlə artması və elmi texnikanın inkişafı nəticəsində atmosferə buraxılan qazların miqdarı çoxalıb. Aramid effekti yarandığı üçün də qlobal istiləşməyə təsir edir. Amma çox təəssüflər olsun ki, bəzi ölkələr həmin konvensiyanın müddəalarına əməl etmir. Ekspertlərin fikrincə, xüsusilə ABŞ və inkişaf etmiş digər kapitalist ölkələri atmosferin çirklənməsinin qarşısını almaq üçün ərazilərindəki bəzi sənaye obyektlərini bağlamalı və ya müasir texnologiyalardan istifadə etməklə qlobal istiləşmənin qarşısını almalıdırlar. İstiləşmənin qarşısını almaq üçün ilk növbədə atmosferi çirkləndirən qazların miqdarı azaldılmalıdır. Bu istiqamətdə görülən tədbirlər az effekt verdiyi üçün qlobal istiləşmə hazırda ən böyük problemlərdən birinə çevrilib. Alimlərin fikrincə, dünya miqyasında bir azdan soyuqlaşma prosesi başlayacaq. Yəni iqlim dəyişiklikləri ilə əlaqədar olaraq təxminən 15-20 il sonra soyuqlaşma müşahidə edilə bilər.

Hazırda alimlər qlobal istiləşmənin nələrə səbəb olacağını müəyyənləşdirməyə çalışırlar. İngiltərənin "EDDI" Mərkəzi dünyanın xəritəsini hazırlayıb. Orada Yer kürəsində temperatur 2 dərəcə artarsa, harada nələrin baş verəcəyi təsvir olunub. Xəritədə əsas təhlükəli ərazilər kimi Qərbi Avropa, Hind-Çin yarımadası, Cənubi Afrika və Amerika, Şimali Amerikanın sahil zonaları, ada əraziləri və Avstraliya göstərilib.

Qeyd edək ki, dünyanın inkişaf edən digər dövlətləri kimi, Azərbaycan da iqlim dəyişmələrinin mənfi təsirinə qarşı birgə mübarizədə iştirak edir və bununla bağlı müxtəlif beynəlxalq konvensiya və protokollara qoşulub. Məsələn, Azərbaycan 2000-ci ildə iqlim dəyişikliyi ilə bağlı vəziyyəti tənzimləyən beynəlxalq sənədə - Kioto protokoluna qoşulub. İnkişaf etməkdə olan ölkə kimi Azərbaycan ancaq təmiz inkişaf mexanizmində iştirak edə bilər. Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə Kioto protokolunun təmiz inkişaf mexanizminin idarə olunması üçün milli səlahiyyətli orqan müəyyənləşdirilib və bu orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Bu orqan təmiz inkişaf mexanizminin layihələrini qeydiyyata alır, onların təsdiq olunmasında, razılaşdırılmasında və layihələrin işlənməsində yardım göstərir.

Təbii ki, iqlim dəyişmələri bütün bəşəriyyət üçün böyük təhlükə sayıldığından ölkəmiz də qlobal iqlim dəyişmələrinə qarşı götürülən öhdəliklərin yerinə yetirilməsi istiqamətində davamlı olaraq konkret tədbirlər həyata keçirir. Bununla bağlı Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan tullantıların 35 faiz azaldılmasına dair öhdəlik götürüb və hazırda həmin tullantıların azaldılması üçün müvafiq layihələrin reallaşdırılması davam etdirilir. Belə ki, ölkədə bərpa olunan enerjidən istifadənin genişləndiyi, karbonun udulması üzrə yeni meşə massivlərinin salındığı, Günəş elektrik stansiyaları üçün panelləri istehsal edən zavodun fəaliyyətə başladığı və elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması nəticəsində 1990-cı ildən indiyə qədər təxminən 600 milyon ton karbon tullantısı azaldılmışdır. Bütün bu tədbirlər Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına həyata keçirilir. Amma etiraf olunmalıdır ki, bu problemin tamamilə aradan qaldırılması asan məsələ deyil. Çünki hazırda ölkəmizin 20 faizi Ermənistan tərəfinin işğalı altndadır və düşmən təbii sərvətlərimizi talan edir, meşələrimizi amansızcasına yandırırlar. Bu cür amillər isə iqlim dəyişikliyi ilə bağlı götürülən öhdəliklərin yerinə yetirilməsi prosesinə mane olur.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 391