Bu gün dünya liderləri virtual qaydada Kolumbiyaya bağlanacaq

10:10 05.06.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kolumbiya bu gün (iyunun 5-də) keçiriləcək Ümumdünya Ətraf Mühitin Qorunması Gününə həsr edilmiş tədbirə ev sahibliyi edəcək. Tədbirin məqsədi ətraf mühitin qorunması ilə bağlı məlumatlılığı artırmaq, hökumətləri, vətəndaşları və özəl sektorun rəhbərlərini iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması və davamlı istifadəsi üçün birgə işləməyə çağırmaqdır.

Kolumbiyanın ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, biomüxtəlifliyi əsas götürən tədbir, COVID-19 pandemiyasının yaratdığı şəraitdən asılı olaraq, virtual şəkildə keçiriləcək.

Tədbir çərçivəsində mütəxəssislərin də iştirakı ilə bir sıra panellər və dialoqlar təşkil ediləcək, burada Amazon meşələrinin qorunması, biomüxtəlifliyin dayanıqlı istifadəsi, yaşıl müəssisələr və COVID-19 pandemiyası; havanın keyfiyyəti, iqlim dəyişikliyi və dairəvi enerji kimi mövzular olacaq. Qlobal liderlərin, məşhurların, yerli icmaların və yerli xalqların, iş adamlarının və vətəndaşların mesajları da təqdim ediləcək.

Yerli vaxtla saat 7:30-8:30 GMT-5 (Bakı vaxtı ilə saat 16:30-17:30) başlayacaq mərasimin açılışını Kolumbiya Prezidenti İvan Duque Markes edəcək. Tədbirin açılışında həmçinin BMT-nin Baş katibi Antonio Guterres, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen, Amerika İnkişaf Bankının prezidenti Luis Alberto Moreno, Dünya İqtisadi Forumunun qurucusu və baş direktoru, professor Klaus Schab, Kolumbiyanın Ətraf Mühit və Davamlı İnkişaf naziri Rikardo Lozano, eləcə də digər iştirakçılar iştirak edəcəklər.

Kolumbiya səfirliyi bildirir ki, əlavə məlumat almaq istəyənlər tədbirin rəsmi internet saytina daxil ola bilərlər (https://www.worldenvironmentday.global və ya Kolumbiya Ətraf Mühit və Dayanıqlı İnkişaf Nazirliyinin saytına (https://dia-mundial-medio-ambiente-mads.hub.arcgis.com).

Oxunma sayı 2133