Bu gün Qarabağda heç bir xüsusi statuslu ərazimiz yoxdur -Hikmət Babaoğlu

16:01 17.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

10 noyabr üçtərəfli razılaşmasına əsasən, Rusiya sülhməramlıları Qarabağda sülhün bərqərar edilməsinə təhkimdir. Azərbaycan ərazilərində illərdir müşahidə olunan erməni terroru davam edir, meşələr yandırılır, ağaclar kəsilir... Sülhməramlılarla bağlı mövcud vəziyyət müxtəlif aspektlərdə təhlil olunmaqdadır.

Bu və ya digər məqamlarla bağlı hafta.az-a müsahibə verən millət vəkili Hikmət Babaoğlu maraqlı nüanslara diqqət yönəldib.

- Hikmət müəllim, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi və ardınca da ərazidə mobil hospital qurmaq üçün Fövqaladə Hallar Nazirliyi qüvvələrinin də Qarabağa göndərilməsi proseslərin hansı xətt üzrə inkişaf etdiyini göstərir. Sülhməramlılarla bağlı mövcud vəziyyəti necə təhlil etmək olar?

- Sülhməramlılarla bağlı məsələ Azərbaycan, Rusiya, Ermənistan arasında bağlanmış bəyanatda öz əksini tapıb. Sülhməramlıların missiyası keçid mərhələsində Azərbaycan ərazisində yaşayan etnik ermənilərin qarşılıqlı inteqrasiyası prosesinə yardım etmək məqsədi daşıyır.  Biz bilirik ki, bu gün Azərbaycanın Qarabağ bölgəsində heç bir xüsusi statuslu ərazimiz yoxdur, orada kompakt yaşayan etnik ermənilər var və onlar Azərbaycan vətəndaşlığını qəbul etdiyi təqdirdə orada yaşayacaqlar.

 30 il davam edən bu müharibədən sonra bir sülhyaratmaya ehtiyac var idi. Hazırda həmin prosesin içərisindəyik, proseslərə şahidlik edirik. Bütövlükdə düşünürəm ki, sülhməramlıların funksiyasını və missiyasını doğru qəbul etmək lazımdır. Əvvəla,  hamımız başa düşürük ki, bu, keçici bir müddət üçün - 5 il müddətinə nəzərdə tutulub.  İkincisi, bilirik ki, dünyanın fərqli-fərqli ölkələrində  müxtəlif münaqişələr nəticəsində meydana gəlmiş reallıqları nizamlamaq üçün BMT mandatı altında, təqribən, 20-yə yaxın belə sülhyaradıcı missiya var. Azərbaycan da bu proseslərdə iştirak edir. Bəzən də bu, BMT mandatından kənar, beynəlxalq hüququn tələblərinə uyğun olaraq  ikitərəfli, üçtərəfli razılaşma kontekstində baş tutur.  Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən Qarabağda hospitalın quraşdırılması məsələsinə gəlincə,  humanitar addımların atılması da müşahidə olunan hallar kimi şərh edilməlidir. Ona görə də  hesab edirəm ki, biz hər şeyi dəqiq analiz etmək istəyiriksə, hazırda Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıq kontekstində yaranmış tabloya bütöv olaraq baxmalıyıq. O zaman  vəziyyəti daha doğru dərk edərik. O tablodan hansısa məqamı çıxarıb təklikdə analiz etməyə çalışsaq, hansısa düzgün olmayan nəticələrə gətirib çıxara bilərik. Əslində, yeni geosiyasi tablo ondan ibarətdir ki, Azərbaycan qalib gəlib, bütün şərtlərini diqtə edib, Ermənistan kapitulyasiya aktına imza atıb və Qarabağ ərazisində heç bir xüsusi statusa sahib olan qurum qalmayıbdır.  Bu, çox mühüm hadisədir. İkincisi, Azərbaycan Naxçıvanla Azərbaycanı birləşdirəcək yeni nəqliyyat kommunikasiya dəhlizi əldə edib.  Düşünürəm ki, tablonu bu şəkildə görə bilsək, o zaman sülhyaratma missiyasnın da keçici olduğunu, regionumuzdakı fəaliyyətini düzgün qiymətləndirə biləcəyik.

- Sirr deyil ki, rus sülhməramlıları regionda özünə aid olmayan işlərlə məşğul olmaqla başqa bir tablo da yaradırlar. Sülhməramlı rəhbərin gedib Qarabağda separatçı, işğalçı xuntann rəhbəri ilə naməlum statusda danışıqlar aparması, eləcə də humanist qrupların gətirilməsi ilə bağlı məsələlər niyə  narahatlıq doğurmamalıdır?

- Əgər detallara keçiriksə, gəlin məsələyə bir qədər diqqətlə baxaq. Bayaq qeyd elədik ki, Azərbaycan ərazilərində kompakt yaşayan ermənilər var.  Təbii ki, o icmanın bir rəhbəri də var.  Yəni sülhməramlı missiyanın rəhbərləri erməni icmasının hər hansı nümayəndəsi ilə görüşə bilər. Ona görə də biz bu məsələni başqa cür təqdim edib böyütsək doğru olmaz. Araik Arutunyan kimdir, nəçidir, biz bilirik. Bilirik ki, separatçı xuntanın rəhbəri olub, cinayətkardır və bu gün hələ də icma nümayəndəsi  statusunda kiminləsə görüşürsə, bu, hələ heç nəyi ifadə eləmir.

 Azərbaycanın qəti mövqeyi belədir ki, bizim ərazilərimizdə yalnız o ermənilər yaşaya biləcəklər ki, onlar Azərbaycan qanunlarını pozmayıblar və Azərbaycan xaqına qarşı cinayətdə iştirak etməyiblər, Azərbaycan xalqına qarşı hər hansı addım atmayıblar. Ona görə də bir balaca səbirli olub, gözləmək lazımdır.

Bilirsiniz ki, bütün müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi fəaliyyət göstərirlər.  Əmin olun ki, kim Azərbaycan xalqına qarşı bir addım atıbsa, kim Azərbaycan qanunlarını pozubsa, cəzalanacaq.

Biz nə etməliyik? Əvvəlcə məlum anlaşmanın mətninə nəzər salmalıyıq, görək, orada hansısa bir qurum varmı ki, onun da bayrağı olsun. Kimsə formal olaraq ora nəsə qoyub, informasiya müharibəsində onu təxribat elementinə  çevirmək istəyirsə,  demək, onun məqsədi Azərbaycanda narahatlıq yaratmaqdan ibarətdir. Ona görə də biz bu prosesə 90-cı illərdəki  döyüşlərdə məğlubiyyətə uğradılmış tərəf kimi yox, qalib gəlmiş möhtəşəm bir ordunun, möhtəşəm xalqın bir nümayəndəsi kimi baxmalıyıq. Əmin olun ki, onda ürəyimiz də rahatlıq tapacaq.

- Hikmət müəllim, dekabrın 1-dən sonra məlum narahatlıqlara son qoyulacağı ilə bağlı fikirlər də var. Bu gərgin proseslərdə, nəhayət, Qarabağımızı, Azərbaycanımızı nə gözləyir?

- Bu hadisələrə çox dinamik inkişaf edən hərbi-siyasi proses kimi baxmalıyıq.   Bilirik ki, ən aktiv faza arxada qalıb.  Noyabrın 8-nə qədər davam edən aktiv döyüşər fazasından sonra,  noyabrın 10-dan başlayan siyasi dipomatik və informasiya müharibəsi mərhələsindəyik və bu faza hələ çox aktivdir. Sizin dediyiniz o sülhməramlının erməni görüşündə çəkilən şəkillərin serviz olunması da, ağaclarımızın kəsilib-yandırılması da müharibə elementləridir. Bunu erməni terrorizminin özünüifşası mərhələsi kimi də qeyd edə bilərik.  

Efirlərdə görürük ki, ermənilər onlara məxsus ev heyvanlarını öldürürlər, meşələrimizi kəsirlər, yandrırlar. Bunlar dünyanın gözü qarşısında baş verir. Bu mərhələni yaxşı idarə etsək, ermənilərin etdiklərini özlərinə qarşı informasiya təbliğatı kimi, anti-təbliğat kimi də  istifadə edə bilərik və edirik.  O ki qaldı dekabrın 1-dən sonrakı  müddətə, düşünürəm ki,  dekabrda regionumuzda tamamilə yeni bir reallığı müşahidə edəcəyik.   Bundansonrakı post-müharibə mərhələsində yeni tarixi eranın başlanğıcı olacaq. Əldə etdiyimiz qələbə təkcə üfüqi, coğrafi gözlə görünən qələbə deyil. Bunun çox strateji dərinliyi var. Bu həm sırf mənəvi, psixoloji, həm də hərbi, siyasi, dövlətlər arası münasibərtlər kontekstində belədir. Yeni reallıqlar bizə, tərəfdaşlarımıza iqtisadi, regional əməkdaşlıq, bütövlükdə  Cənubi Qafqazın gələcəyi kontekstində çöx böyük gələcək vəd edir.  Ona görə də düşünürəm ki, prosesləri bir az ardıcıl, səbiri və məntiqlə izləsək, əmin olacağıq ki, önümüzdə yeni tarixi mərhələ başlayır və bu mərhələnin sahibi Azərbaycandır, tərəfdaşlarıdır və Türkiyədir.

- Türkiyə-Rusiya münasibətləri kontekstində cərəyan edən proseslərdə Azərbaycanın mövqeləri necə qorunur. Bilirik ki, Türkiyə qardaş bir ölkə olaraq daim Azərbaycanı dəstəkləyib. Regiona daxil olmaq üçün bu ölkələr arasında əldə olunan müəyyən razılaşmalar da var. Azərbaycanın bu prosesdə itirmək ehtimalı nə dərəcədə mümkündür?

- Əksinə, bu proseslərdə Azərbaycan çox böyük qazanc əldə edib. Birincisi,  Azərbaycan tarixi, təbii müttəfiqini öz sühməramlıları, siyasi, diplomatik dəstəyi ilə bərabər, prosesə cəlb etməyi bacarıb.  Bu, son 100 illik tariximizdə görünməmiş bir hadisədir.

Məlumdur ki, son 30 ildə post-sovet məkanında olan hadisələr birbaşa Rusiyanın nəzarətində olub.  Bu, Pribaltika ölkələrindən tutmuş, Cənubi Qafqaza qədər belədir.  İndi tamamilə yeni bir ilk yaşanır. Gürcüstan təcrübəsində bəzi qüvvələr Cənubi Qafqazda Rusiya ilə əməkdaşlıq quraraq müəyyən platformalar yaratmağa cəhd göstərdilər, amma uğursuz oldu. Bu, Azərbaycan təcrübəsində uğurlu alındı.  2008-ci ildə Gürcüstan Ordusu əldə etdiyi xirda qələbələri əllərində saxlaya bilmədilər və rus qoşunu Tbilisinin 5 km.-ə qədər gəlib çıxdı. Nə baş verdi; Gürcüstanı müdafiə etmək istəyən NATO ölkələrinin heç biri regiona daxil ola bilmədi.  İndi isə  Türkiyəyə baxın; onun necə möhtəşəm qayıdışının olduğunu görürük.  Bu qayıdış, həm də  Rusiya – Türkiyə münasibərləri kontekstində yeni bir mərhələdir və hər iki ölkənin maraqları kontekstində hər iki ölkə üçün çox böyük pesrpektivlər yaradır.  

Türkiyə-Rusiya münasibətləri uzaqdan göründüyü kimi sadə deyildir. Bu münasibətlərdə paradiqmalar dəyişib. Birincisi,  Rusiyanın “Türk axını”  dediyimiz qaz layihələri var, Rusiya Türkiyədə iki atom-elektrik stansiyası tikir. Bu gün Türkiyə NATO ölkəsi olmasına baxmayaraq,  Rusiyadan S-400-lər alır. Ali Baş Komandan da bunu şərh edərək dedi ki, bu, sadəcə, hava hücumundan müdafiə məsələsi deyil, bu, inam, etimad, etibar məsələsidir.  Dolayısı ilə Azərbaycan iki böyük ölkə arasında mühüm əməkdaşlıq platforması yaratmaqla, həm özünün maraqlarını, həm də tərəfdaşlarının maraqlarını təmin etmiş olur.  Ona görə də bayaq dediyim kimi, o böyük tabloya geniş baxmaq lazımdır. Bu baxımdan da bütünlükdə Avrasiyada yeni hadisələr baş verir və burada Azərbaycan  və Türkiyə tandemi aparıcıdır, Rusiya da hər iki tərəflə əməkdaşlıq edir.

Mən bunu da başa düşürəm ki, tarixi yaddaşımız bizim milli yaddaşımızın əsas komponentidir. Tarixi yaddaş bizə bəzi hallarda baş verən hadisələrin ayrı-ayrı seqmentlərinə  məlum yanaşmamızı şərtləndirir. Narahat olan o insanlarımız bu mənada haqlıdırlar.  Bir məsələ var ki, sentyabrın 27-də  44 günlük müharibə başlayandan 10 gün sonra atəşkəs elan olundu. Oktyabr ayının 11-də  atəşkəs imzalananda da belə narahatlıqlar var idi. O zaman da Ali Baş Komandanımız dedi ki, siz mənə inanın, nəyin nə vaxt, necə edəcəyini mən yaxşı bilirəm. Düşünürəm ki, bu, açar fikir idi.  Biz hamımız Ali Baş Komandanımıza inanırıq.

İndi də dekabrın 1-dək bu emossonal mərhələni  liderimizə inanaraq, qeyri-emosional kontekstdə qiymətləndirməliyik. Proses başa çatanda, nəyə nail olduğumuzu görəcəyik. Əgər kimlərsə nəyə nail olacağımızı bilmək üçün tələsirsə, o zaman  Ermənistana, orada gedən proseslərə və Ermənistanla Rusiya münasibətlərinə baxsınlar. Tarix boyu, Çar Rusiyasından bu yana həmişə rus əsgərləri erməni əsgərləri ilə birgə bizə qarşı vuruşub. Bu gün isə “Ağdamda rus əsgərləri ilə erməni əsgərləri toqquşdu”, - xəbərlərini alırıq.  Bu, tarixin təkərinin geriyə fırlanmasıdır.  Bu, tarixi ədalətin zəfəridir. Biz Rusiya ilə münasibətlərdə yaxşı tərəfdaşı olmuşuq  və daim etibarlı tərəfdaş kimi çıxış etmişik. Düşünürəm ki, hadisələr bura qədər çatmalı, haqq, hüquq öz təsdiqini tapmalı idi...

Oxunma sayı 2233