Bu gün Xirosimaya atom bombası atılmasından 74 il keçir

13:08 06.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın II Dünya müharibəsi zamanı – 1945-ci il avqustun 6-da Yaponiyanın Xirosima şəhərinə atom bombası atmasından 74 il keçir.

Hafta.az yazır ki, Birləşmiş Ştatlar bu hücumla yaratdığı atom silahını tarixdə ilk dəfə tətbiq etməklə həm də insan üzərində sınaqdan çıxarıb. Belə ki, ABŞ avqustun 6-da Xirosimaya 13 min TNT (tri-nitro-toluen) gücündə ilk bombasını atır. Bu zaman partlayışın episentrində temperatur qızaraq3 min dərəcəyə çatır və şəhərin 70 faizdən çox hissəsi yanaraq külə çevrilir. Bomba partlayan zaman Xirosimada 80 min insan həlak olur. Amma güclü şüa alan sakinlər də qarşıdakı aylar ərzində kütləvi şəkildə ölürlər. Beləliklə, ABŞ Xirosimaya atdığı atom bombası ilə bu şəhərdə yalnız 1945-ci ilin sonunadək 140 min günahsız insanı məhv edir.

Ən dəhşətlisi budur ki, belə böyük kütləvi qırğını həyata keçirən Birləşmiş Ştatlar cəmi üç gün sonra daha böyük atom bombasını Yaponiyanın başqa bir şəhərində sınaqdan keçirmək həvəsinə düşür. Avqustun 9-da 22 min TNT gücündə (Xirosimaya atılandan 9 min TNT daha güclü) atom bombasını təyyarəyə yüklədən Birləşmiş Ştatlar hökuməti Naqasaki şəhərini hədəf seçir.

Məlumata əsasən təyyarə yerdən 500 metr yüksəkdən uçaraq nüvə bombasını Naqasakiyə atır. Dəhşətli partlayış bir andaca 70 min dinc sakinin canını alır və şəhərin yarıdan böyük hissəsi demək olar ki, tkililəri ilə birlikdə yoxa çıxır. Amma şəhərin ətrafını çevrələyən çox da yüksək olmayan təpələr nüvə dalğasının daha uzaqlara yayılma sürətinin qarşısını alır ki, bu da insan tələfatını nisbətən azaldır.  

Beləliklə, 74 il əvvəl bu gün Yaponiyada ilk dəfə sınaqdan keçirilən nüvə silahı və bundan cəmi üç gün sonra başqa bir şəhərdə təkrarlanan ikinci sınaq həmin vaxt ümumilikdə 220 mindən artıq insanın birbaşa həlak olması ilə nəticələnir. Eyni zamanda bir o qədər insan da güclü şüalanmaya məruz qalaraq irəlidəki aylarda və illərdə dünyalarını dəyişirlər. Yaponiya hökuməti bildirir ki, ABŞ-ın 1945-ci il avqustun 6-da və 9-da Xirosima və Naqasakiyə atdığı iki atom bombası ümumilikdə yarım milyon insanın ölümünə yol açıb.

Təəssüf ki, aradan keçən 74 il ərzində nüvə hücumuna görə Vaşinqton məsuliyyət daşımayıb və müharibə cinayəti törətdiyini etiraf edərək yapon xalqına vurduğu ziyanın əvəzini ödəməyib...