Bu il 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib - Nazirlik

13:19 24.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində bu ilin ötən dövründə 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib.  

Hafta.az Nazirliyə istinadən bildirir ki, onlardan 200-nəfərdən çoxu uşaq serebral iflici olanlar, qalanları autizm və daun sindromlu, digər diaqnozlu uşaqlardır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi nəticəsində yaradılan müəssisə ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksək standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfə olub. Müəssisədə uşaqlara dünya praktikasında özünü doğrultmuş qum terapiyası, habelə artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində 15-dən çox növdə reabilitasiya xidmətləri göstərilir.

Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi kimi fəaliyyətə başladığı 2015-ci ilin oktyabr ayından bu vaxta  qədər müəssisədə 1450-dək uşağa  reabilitasiya xidmətləri göstərilib.