Bu il azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri baş tutacaqmı? – XİN-dən açıqlama

14:33 16.01.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

2019-cu il arxada qaldı. Ötən il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar baxımından ciddi irəliləyiş əldə olunmadı. Bunu əminliklə söyləmək olar. Hətta “itirilmiş imkanlar ili” kimi də qeyd etmək mümkündür.

Bütün bunlarla yanaşı, 2019-cu il ərzində tərəflər münaqişənin həlli çərçivəsində humanitar tədbirlərin həyata keçirilməsi təşəbbüsləri ilə çıxış etdilər. Bu xüsusda KİV nümayəndələrinin qarşılıqlı səfərləri baş tutdu. Bu təşəbbüslərin faydalı olduğunu düşünənlər də var, bunun əksini fikirləşənlər də. Bəs gələcəkdə bu kimi səfərlərin davamı gözlənilirmi?

Məsələyə Xarici İşlər Nazirliyindən mövqe öyrənməyə çalışdıq. Nazirliyin sözçüsü Leyla Abdullayeva hafta.az-a açıqlamasında bildirdi ki, bununla əlaqədar olaraq nazir Elmar Məmmədyarov ötən ilin son günlərində aydınlıq gətirib.

Leyla Abdullayeva nazirin səsləndirdiyi fikirlərdən yola çıxaraq bildirib ki, ötən il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş naziri arasında 29 mart tarixində Vyanada bir görüş, Xarici İşlər nazirləri səviyyəsində isə 16 yanvar Paris, 15 aprel Moskva, 20 iyun Vaşinqton, 23 sentyabr Nyu-York və 4 dekabr tarixində Bratislavada olmaqla 5 görüş keçirilib: “Görüşlərin keçirilmə intensivliyindən çıxış edərək hər iki tərəfin danışıqlar prosesinin irəli aparılmasında maraqlı olduğu qənaətinə gəlmək olar. Lakin, Ermənistan tərəfinin il ərzində səsləndirdiyi tamamilə əsassız və ziddiyyətli bəyanatları, eləcə də keçirilən görüşlərdə hər hansı konkret nəticənin əldə olunmadığını nəzərə alsaq, təəssüflə qeyd etməliyik ki, 2019-cu il münaqişənin həlli üzrə “itirilmiş imkanlar ili” kimi dəyərləndirilə bilər”.

XİN sözçüsü bildirib ki, bir tərəfdən münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan edən Ermənistan rəhbərliyi, digər tərəfdən qondarma “müstəqillik” və “miatsum” kimi ziddiyyətli fikirləri ilə danışıqlar prosesinə və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səylərinə zərbə vurmuş oldu: “Doğrudur, keçirilmiş görüşlər nəticəsində humanitar müstəvidə tədbirlərin həyata keçirilməsi və iki ölkə əhalisinin sülhə hazırlanması təşəbbüsləri irəli sürüldü, hətta bu xüsusda ilk addım olaraq Azərbaycan və Ermənistan mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri reallaşdırıldı.

Ancaq bu təşəbbüsün sonradan Ermənistan tərəfindən siyasiləşdirilməsi və təbliğat vasitəsi kimi istifadəsi cəhdləri bu ölkənin əhalisini sülhə hazırlamağa nə dərəcədə hazır olduğu sualını ortaya qoydu. Əslində təşəbbüsə cəlb olunmuş jurnalistlər, xüsusilə də onları bu prosesdə dəstəkləyən tərəf məsuliyyəti hiss etməli və prosesə xələl gətirməməlidir. Əks təqdirdə bu kimi təşəbbüslərin və iki xalq arasında körpülərin qurulması cəhdlərinin heç bir mənası olmaz. Beləliklə də gələcəkdə bu təşəbbüslərin davam etdirilməsinə məhz bu prizmadan yanaşmaq və növbəti addımlar haqqında danışmaq olar”.

XİN rəsmisi bildirib ki, biz iki qonşu ölkəyik və tez ya da gec, münaqişənin həllindən sonra iki icmanın nümayəndələri yenidən ölkəmizin Dağlıq Qarabağ bölgəsində birgə yaşamalı olacaqlar: “Bu baxımdan həyata keçirilən etimad təbirləri, humanitar təşəbbüslər məhz münaqişənin həllini irəli aparmaq, Azərbaycan ərazilərinin işğalı faktorunu aradan qaldırmaq və məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri dönməsini təmin etməyə xidmət etməlidir”.

Oxunma sayı 364
Siyasət rubrikasından digər xəbərlər