Bu il neftin orta qiyməti 50 dollar olacaq - Müsahibə

10:41 19.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda hökümətin proqnoz vermək qabiliyyəti arzuolunan səviyyədə deyil

Ötən il qlobal enerji bazarında müşahidə olunan gərginlik nisbətən sabitləşib. Təxminən, 1 aya yaxındır ki, dünya birjalarında neftin bir barrelinin qiyməti 50-55 dollar civarında dəyişir. Bəs, görəsən, neft bazarındakı sabitlik davamlı olacaqmı? Neftin builki qiyməti ilə bağlı verilən proqnozlar özünü doğruldacaqmı? Bu suallar ərtafında “Həftə içi” qəzetinin müsahibi Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabandır.

- İlham müəllim, bu gün neft bazarında müəyyən qədər sabitliyin müşahidə olunması hansı faktorlarla bağlıdır?

- Dekabrın birinci dekadasından indiyədək neftin qiyməti 50 dollardan yuxarıdır. Yanvarın 8-də neftin qiyməti 2020-ci ilin 25 fevralından bəri ilk dəfə 55 dolları keçib. Bu qiymət artımına gətirən amillər kifayət qədər çox idi. Əslində indi diapazon olduqca genişdir. Çünki bazara təsir edən amillərin proqnoz edilməyən halları çoxalıb. Tutaq ki, “covıd”lə bağlı vəziyyət necə dəyişəcək? Bunu proqnoz etmək həddindən artıq mürəkkəb bir məsələdir. Məsələn, ABŞ kimi bir ölkədə vaksinasiya da tətbiq olundu. Amma onun yaradıcısı qeyd edir ki, biz ilkin nəticələri aprelin əvvəlində görə biləcəyik. Ümumiyyətlə isə ABŞ-da ikinci, üçüncü dəfə vaksinasiya hesabına 2021-ci ilin ortasında bu bəladan qurtula biləcəklərini proqnozlaşdırırlar. Yəni, bunun özü məchul bir şeydir. Vəziyyət martda necə olacaq, apreldə necə olacaq? Bunu proqnoz etmək qeyri-mümkündür.  Digər tərəfdən, burada klimatik faktorlar da rol oynayır. Hazırda dünyanın əksər ölkələrində soyuq hava şəraiti hökm sürür, bəzi yerlərdə qar yağıntısının hündürlüyü 1 metrə yaxınlaşıb. Məsələn, İspaniya bəyan edib ki, hava şəraitinin sərtləşməsi ölkə iqtisadiyyatına 1,5 milyard avro ziyan vurub. Məsələ bundadır ki, bu cür hava şəraiti enerjiyə olan tələbatı əhəmiyyətli dərəcədə artırır. Bu da neftin qiymətinin 50 dollardan yuxarı saxlanılmasına kömək edən obyektiv səbəbdir. Bir də subyektiv səbəblər var. Həmin səbəblər ondan ibarətdir ki, bazara il başlayandan daha çox ümidverici xəbərlər gəlir. Belə ki, dünyanın əksər ölkələrində vaksinasiyaya başlanılıb. Bunun nəticəsində insanların həyatına olan təhlükə azalacaq. Dünya üzrə koronavirusdan ölüm halları da azalmağa doğru gedir. Bu o deməkdir ki, ölkələr arasında gediş-gəliş bərpa olunacaq, insanların hərəkətini məhdudlaşdırıcı faktorlar aradan qaldırılacaq, nəticədə enerjiyə tələbat yaranacaq.  Digər tərəfdən, yanvarın 5-də OPEK+ çərçivəsində qəbul edilən qərar da neftin qiymətinə təsir göstərdi. Bu qərarla hasilatın birinci rüb ərzində demək olar ki, dəyişməz qalması təsbit olunub. Biz indi fevralın 10-u ətrafında əvvəlcə OPEK-in, daha sonra isə Beynəlxalq Enerji Agentliyinin ilin ilk ayında bazarlardakı vəziyyətə dair hesabatları ilə tanış olacağıq. Bu cür hesabatlar bazara təsir edən amillərdir. Onun nəticəsində də biz hər ay neftin qiymətində müəyyən dəyişmələri müşahidə edirik.

- Bildiyimiz kimi, bu il Azərbaycanın dövlət büdcəsində neftin bir barreli 40 dollardan nəzərdə tutulub. Cari ildə neftin qiyməti ilə bağlı verilən proqnozlar özünü doğruldacaqmı?

- Demək olar ki, neftlə bağlı proqnozlar ildə 4 dəfə korrektə edilir. Tutaq ki, 2021-ci il üzrə proqnoz noyabrın sonunda verilmiş proqnozdur. Həmin proqnoza əsasən, brent markalı neftin 1 barellinin qiyməti 47-49 dollar ətrafında dəyişəcək. Hansı ki, bu da 2020-ci illə müqayisədə təqribən 10 faiz artım deməkdir. Fevral ayının sonunda isə adətən neftin qiymətində ilk korrektələr edilir. Bu da ondan qaynaqlanır ki, il başa çatır, şirkətlər, o cümlədən ölkələr öz hesabatlarını açıqlayırlar və bununla daha dəqiq məlumat olur ki, məhz dördüncü rübdə sənaye necə inkişaf edib, enerjiyə tələbat necə olub. Bunun əsasında neftin qiymətində ilin ilk korrektəsi aparılır. Sonrakı növbəti korrektə adətən may ayında edilir. Daha sonra sentyabr və noyabr aylarında qiymətlə bağlı korrektələr aparılır. Yəni, real iqtisadi vəziyyətə uyğun olaraq proqnoz irəli sürülür. Azərbaycan hökümətini neft çıxaran ölkələrlə müqayisə etsək görərik ki, bizdə proqnozla bağlı vəziyyət qənaətbəxş deyil. Tutaq ki, qonşu Rusiyada neftin qiyməti il ərzində təxminən 6 dəfə korreksiya edilir. Eyni zamanda, bir neçə qurum fərqli yanaşma ortaya qoya bilir. Bizdə isə təəssüflər olsun ki, sovet dönəmində olduğu kimi ildə bir dəfə büdcə müzakirəsi zamanı nə proqnoz verilsə o proqnozun üstündə durulur. Bu təkcə neftə deyil, o cümlədən istehsala da aiddir. Yəni, bizdə hökümətin proqnoz vermək qabiliyyəti arzuolunan səviyyədə deyil. Bu, əsasən pandemiya ilə əlaqədar edilən peyvəndlərin nəticəsindən çox asılı olacaq. Nəticə yaxşı olsa, təbii ki, bu qiymətlərə də təsirini göstərəcək. Və biz o zaman neftin qiymətinin 55 dollara qədər yüksəldiyini müşahidə edə bilərik. Məsələn, bir həftə neftin qiyməti 55-60 dollar diapazonunda qaldı və cümə günü brent markalı 1 barrel neft London birjasında 54,98-lə bağlandı. Hazırda brent neftinin 1 barreli 54 dollar 60 sentə qədər  uzuzlaşıb. Deməli, ilin əvvəlində bazarda müəyyən canlanma yaratmış müsbət xəbərlərin artıq bazara təsiri azalmağa doğru gedir. Neftin qiymətinin yenidən 55-60 dollar diapazonuna keçid etməsi üçün bazara yeni siqnallar lazımdır. Ümumilikdə götürəndə isə qeyd edim ki, 2015-ci ildən başlayaraq son 5 ildə dünya üzrə brent markalı neftin orta qiyməti 54 dollar olub. Yəni, dünya neftin bu qiymətinə istehsalçı-istehlakçı qismində öyrəşib.  Bu normal bir qiymətdir. Nə vaxtsa qiymət  70,80,100 dollar ola bilər. Amma bu bazar iştirakçılarının o qədər də alışdığı qiymət deyil, ona görə də alıcısı çox olmayacaq.

- Bəs, il ərzində qlobal bazarda neftin mövcud qiyməti qorunub saxlana biləcəkmi?

- Təxminən 1,5 aydır ki, neftin qiyməti 55 dollar civarındadır. Bazarda ciddi təlatüm yoxdur. Fikrimcə, neftin qiymətini müəyyən aralıqlarda biz 45 dollar da müşahidə edəcəyik. Çünki neft bazarda satılan elə bir qlobal məhsuldur ki, yolu rəvan deyil. Keçən ilin qiymətlərinə baxaq. Brent markalı neftin qiyməti 42 dollardan bir qədər artıq oldu. Apreldə 16 dollardan aşağı bir həddə düşdü. Ancaq iyun ayının 4-də 40 dolları keçə bildi və o zamandan noyabra kimi neftin qiyməti 3 dəfə 37 dollara qədər ucuzlaşıb.  Onu da xatırlamalıyıq ki, ilin əvvəlində qiymət 71 dollar 71 sent idi. Ötən il o qədər böyük mənfi dinamika olmuşdu ki, bazara sarsıdıcı zərbələr vurulmuşdu. Keçən dövr hər mənada depressiyalı bir dövr idi. İndi yavaş-yavaş həmin şokların azalmasını müşahidə edirik. Çox güman ki, hər hansı fövqəlhadisə baş verməsə, cari ildə brent markalı neftin orta qiyməti 50 dollardan yüksək hədlə ili başa vuracaq. Bu da Azərbaycan büdcəsi üçün təqribən 25 faiz artım deməkdir. Hazırda hökumətin 3 milyard 116 milyon manat həcmində çox böyük kəsri var. Bu vəsait büdcə kəsrinin örtülməsində hökümətin manevr imkanlarını artıracaq.

- Əgər il ərzində qiymət 50 dollardan yüksək olarsa, büdcədə neftin qiymətinə yenidən baxıla bilərmi?

- Bu ilin büdcəsi başqa illərin büdcəsindən çox fərqlənir. Demək olar ki, tələsik bir büdcə sənədi oldu. Digər tərəfdən, ötən il iqtisadiyyatı 4 faizlik azalma ilə başa vurmuşuq. Bu il iqtisadiyyatda təxminən 3,4 faiz artım proqnozlaşdırılır. Ümumilikdə, gərgin bir ili yola salmışıq. Bu baxımdan fikir söyləmək, proqnoz vermək çətindir. Büdcəyə dəyişikliklər edilə bilər. Ancaq bunun üçün atacağımız addımlar görəcəyimiz işlərə adekvat olmalıdır.

- Azərbaycanın Avropa bazarına qaz ixracından əldə olunacaq vəsaitlər barədə nə deyə bilərsiniz? Bu addım Azərbaycan dövlətinə nə qədər maliyyə resursları gətirəcək?

- Bir məqamı vurğulayım ki, biz neftimizi 1998-ci ildən qlobal bazarda satmağa başlamışıq. Azərbaycan, təxminən, 100 milyon məfəətini ancaq 1999-cu ilin dekabr ayında əldə edib. Təsəvvur edin ki, biz “Şahdəniz-2”  layihəsinə çox böyük kapital qoyaraq hasilata başlaya bildik. Hasilatın 10 milyard kub metri Avropa bazarına yönəldiləcək. O həcmə hələ yaxın 2 ildə çatılacaq. Ona görə də hələlik “Şahdəniz”dən gələn gəlirlər 500-600 milyon dollar ətrafında olacaq. Amma sonrakı illərdə əlbəttə ki, bu gəlir bazarda qiymətlərdən asılı olaraq 3-4 dəfə, hətta 5 dəfəyə qədər arta bilər. 

 

Oxunma sayı 315