“Bu sammitin olduqca böyük əhəmiyyəti var” – Nəsib Məhəməliyev

16:38 15.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Dünya dini liderlərinin Bakıda keçirilən ikinci sammitinin bir neçə aspektdən yanaşanda da əhəmiyyəti çox böyükdür. Birincisi, artıq ikinci belə sammitdir ki, Bakı şəhərində keçirilir. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. İkincisi, arxada qoyduğumuz müstəqillik illərində Azərbaycanın dünyada multikultural, tolerant bir ölkə olduğunu, dinindən, irqindən, milliyətindən asılı olmayaraq bütün konfessiyaların ölkəmizdə qarşılıqlı mehribanlıq şəraitində yaşaması və hər hansı milli, etnik problemlərin olmamasının sübutudur”.

Bunu hafta.az-a açıqlamasında Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsinin əhəmiyyətindən danışarkən millət vəkili Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, son zamanlar, dünayın bütün regionlarında dözümsüzlük, müharibələr, Myanmada soyqırım həddinə çatmış konfliktlər və bir çox məsələlər bu mövzunun – dinlərarası dialoqun insanlıq, planetimiz üçün nə qədər əhəmiyyətli olduğunu göstərir: “Buna görə də dinlərarası dialoq mütləq lazımdır. Dünyada bu cür dialoqların baş tutması üçün çox az meydanlar tapmaq mümkündür. Çünki xalqların, ayrı-ayrı dini konfessiyaların bir-birlərinə qarşı dözümsüzlüyü, bir-birlərinin əleyhinə təbliğatlar aparması, eyni zamanda, bəzi beynəlxalq çevrələrin dini konfliktləri qızışdırması, ənənəvi dinlərə qarşı hücumlar, bununla yanaşı, dindən bir vasitə kimi istifadə edərək qanunsuz hərbi birləşmələrin, terror təşkilatlarının yaradılması və bütün bunların fonunda Azərbaycan sabitlik adasıdır. Azərbaycanın keçdiyi yola nəzər salınır. Görürlər ki, dinlərarası dialoqun keçirilməsi üçün ölkəmiz ən gözəl platformadır”.

Millət vəkilinin fikrincə Azərbaycanın bu istiqamətdə aparıcı fəaliyyəti, dünya miqyasında həyata keçirdiyi işlər, eləcə də xalqımızın tolerantlığı indi bütün dünyaya yayılır: “İstisnasız olaraq bütün dini liderlər Azərbaycanda multikultiral dəyərlərin təbliği istiqamətində nə qədər düzgün siyasət aparıldığının şahidi olurlar. Nəzərə alaq ki, bizim əzəli düşmənimiz olan Ermənistan Dağlıq Qarabağ münaqişəsini dini müstəviyə çıxarmağa çalışır. Dini qarşıdurma adı ilə təbliğ və təqdim edirlər. Ancaq praktika göstərir ki, cənab prezidentin rəhbərliyi ilə Azərbaycanda aparılan siyasətin məğzi göz önündədir. Dini liderlər də ölkəmizdə bütün dini konfessiyalara hansı qiymətin verildiyini görürlər. Hansı hörmətin olduğunu hiss edirlər. Ənənəvi islam dininin ibadətgahları təmir edilib. Katolik və provaslav kilsələri, sineqoqların və qədim alban abidələrinin tikintisi və bərpası onu deməyə əsas verir ki, Azərbaycanda bu sahədə ayrıseçkilik olmadan dövlət siyasəti ideal şəkildə aparılır. Bu, dünya üçün də bir nümunədir. Çox az sayda dövlətlər ola bilər ki, ərazisində yaşayan xalqlara, ayrı-ayrı konfessiyalara, dinlərə belə bir ideal şərait yaratsınlar. Dünya liderləri də Azərbaycandakı real vəziyyəti gəldilər və gördülər. Başqa tərəfdən, dünyanın dini liderləri Bakının necə bir gözəl şəhər olduğunun, Avropa ilə Asiyanı sintez edən necəı bir müasir şəhər olduğunu gördülər. Bu sammitin olduqca böyük əhəmiyyəti var”.

Siyasət rubrikasından digər xəbərlər