Bu şəhərə 4 metrlik qar yağdı - Günün təzadları

18:20 17.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ərdəbil vilayətinin Xalxal şəhərinə üç gün qar yağması böhranlı vəziyyətə səbəb oldu. Hafta.az Musavat.com-a istinadən yazır ki, “Tasnim” xəbər agentliyinin məlumatına görə, Ərdəbil vilayətinin cənubundakı Xalxal rayonunda 3 metrdən çox qar yağması nəticəsində, şəhərin bir çox hissəsində elektrik və su kəsilib. Həmçinin ağır qar yağıntıları nəticəsində bir çox kəndin yolu bağlanıb. Beş gün sürən yağıntılar fevralın 13-də kəsilsə də, çovğun və külək davam edib, kənd və şəhər yollarını açmaq üçün səylər davam edir. Şəhərdə qar səviyyəsinin 4 metrə çatdığı və rayonun bəzi dağlıq ərazilərində uçqun olduğu haqda məlumat yayılıb, lakin baş verən uçqunlarda heç bir itkinin olmadığı deyilir.

Xalxal meri Firudin Babayi şəhərin son durumu barədə məlumat verərək, şəhər səviyyəsində qarın yüksəkliyinin 4 metrdən çox olduğunu və rayonun bəzi dağlıq ərazilərində də uçqunlar baş verdiyini, həmçinin 65 kəndin yollarının bağlandığını bildirib. O, həmçinin şiddətli qar yağıntıları və havanın soyuqluğuna görə, Xalxal kəndlərinin içməli suyunun kəsildiyini bildirib. Ərdəbil vilayətinin Yol və Nəqliyyat İdarəsinin baş direktorunun verdiyi məlumata əsasən, vilayətdə 800 kəndin yolu qar yağıntıları nəticəsində bağlanıb və 231 kəndin yollarını açmaq cəhdləri davam edir.

 

Zinanın xərçəng riskini artırdığı bəlli oldu

Ömür boyunca 10 və ya daha çox cinsi partnyorun olması xərçəng xəstəliyinin inkişaf riskinin artmasına gətirib çıxarır. Hafta.az  Rusiya mediasına istinadla xəbər verir ki, London Universitet Kolleci, Vyana Tibb Universiteti və digər tədqiqat institutlarından olan beynəlxalq alimlər qrupu belə nəticəyə gəlib. Tədqiqat işi  “BMJ Sexual & Reproductive Health”  jurnalında dərc edilib. Cinsi partnyorların sayının sağlamlığa təsiri az öyrənilib. Buna görə də tədqiqatçılar bu boşluğu doldurmağa qərar veriblər. Əsas kimi Britaniyada  2002-ci ildə başlanmış yaşlanma ilə bağlı lonqityud (bir və ya bir qrup insanla uzunmüddətli)  “ELSA”  tədqiqat məlumatlarını  götürüblər. Tədqiqat çərçivəsində 50 yaşdan yuxarı insanlar haqqında (siyasi baxışları, əmək bazarındakı fəaliyyəti, fiziki və psixi sağlamlıqlarına qədər) məlumatlar toplanıb.  2012-2013-cü illərdə  5700-dən çox insan həyatları boyu cinsi partnyorlarının sayı haqda hesabat verib. Elm adamları cavabları 0-1, 2-4, 5-9 və 10 və daha çox cinsi partnyor qruplarına ayırıb.  Həmçinin, respondentlərin sağlamlıq durumu, ailə vəziyyəti, gəlir səviyyəsi, həyat tərzi, pis vərdişləri və depressiv simptomlarının mövcudluğu da qiymətləndirilib. İştirakçıların orta yaşı 64  və  demək olar ki, 75%-i  evli olub. Kişilərin 28.5% -i sorğu zamanı 0-1 cinsi partnyorlarının olduğunu, 29%-i  2-4 ortaqlarının olduğunu söyləyib. Hər beşdə biri (20%) 5-9, 22%-i isə  təxminən 10 və ya daha çox cinsi tərəfdaşı olduğunu bildirib. Qadınlar üçün müvafiq göstəricilər aşağıdakılar oub:  41%-dən bir qədər az, 35.5%, 16%-dən bir qədər az və 8%-dən  bir qədər az. Yalnız bir cinsi partnyoru olduğunu bildirən qadınlarla müqayisədə 10 və daha çox ortağı olanlarda xərçəngin inkişaf riski 91% yüksək olub. Ömrü boyu 2-4 cinsi partnyoru olduğunu bildirən kişilər arasında xərçəng xəstəliyinə tutulma şansı bir ortağının olduğunu və ya ümumiyyətlə, olmadığını bildirən kişilərə nisbətən 57% daha yüksək alınıb. 10 və daha çox cinsi ortağı olduğunu bildirənlər, birdən çox ortağı olmayanlara nisbətən xərçəngdən 69% daha çox əziyyət çəkib.

 

Prezidentin korteji yarış meydanına girdi

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla birlikdə 62-ci “Daytona 500” avtomobil yarışının açılış mərasiminə qatıldı. Hafta.az Musavat.com-a istinadla xəbər  verir ki, bu barədə “Haber Global” məlumat yayıb. ABŞ Prezidenti açılışdan əvvəl yarış meydanında öz limuzini ilə dövrə vurub. Prezidentin maşın kortejinin yarış meydanında görünməsi təəccüblə qarşılanıb. Tramp açılış nitqindən sonra “mühərrikləri işə salın” göstərişini verib. Tramp ABŞ-da ənənəvi keçirilən yarışların açılışına qatılan ikinci prezident olub. Buna qədər ABŞ-ın keçmiş prezidenti Corc Buş da “Daytona 500” avtomobil yarışının açılış mərasimində iştirak edib.

 

Bakıda maşın əks yola çıxaraq  “avtoşluq” etdi

Bakının Təbriz küçəsində əks yola çıxaraq digər sürücülər üçün qəza şəraiti yaradan avtomobil kameraya düşdü. Hafta.az xəbər verir ki, “Report”un məlumatına görə, görüntüləri E.Aminov adlı istifadəçi sosial şəbəkədə paylaşıb. Görüntülərdən aydın olur ki, “Toyota” markalı 90-MC-007 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ilk qoşa xəttin tələblərini pozub əks yola çıxıb, daha sonra sağa və sola qəfil manevrlər edib.

 

 “Selta”nın oyunçusu Zidanın ağzına təpik vurdu

İspaniya La Liqasının 24-cü turunda ötən gecə keçirilən "Real" - "Selta" matçında (2:2) kuryoz hadisə yaşandı. Qol.az xəbər verir ki, qonaqların futbolçusu Aydu topun yan xətdən çıxmasına mane olmaq istəyərkən təpiklə "Real"ın baş məşqçsi Zinəddin Zidanın ağzına vurub. Nəticədə fransalı çalışdırıcı yerə yıxılıb. Dərhal Zidanın ayağa qalxmasına kömək edən futbolçu ondan üzr istəyib. Zidan bu zərbədən xəsarət almayıb.

 

9 yaşlı qız 2 yaşlı uşağı xilas etdi

ABŞ-ın Miçiqan ştatının Livoniya şəhərində doqquzyaşlı qızın diqqəti sayəsində hovuzda batan uşaq xilas oldu. Bu haqda Oxu.az məlumat yayıb. Lenta.ru-nun məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.Kadrlardan görünür ki, ikiyaşlı uşaq hovuza düşür və batır. Hovuzda olan digərləri bunu görmürlər. Ancaq orada olan qız bunun fərqinə varır və uşağın xaç anasına deyir. Dərhal suya tullanan qadın uşağı çıxarır. Kamera görüntülərinə əsasən demək olar ki, uşaq hovuzun dibində üç dəqiqədən artıq qalıb.  Xoşbəxtlikdən oteldə həmin vaxt iki tibb bacısı olub. Onlar uşağa yardım edərək, həyatını xilas ediblər. Uşaq yerli xəstəxanaya aparılıb. Hazırda onun vəziyyəti normal qiymətləndirilir.

Oxunma sayı 1