Büdcə dəyişikliyi – gözləntilər nədən ibarətdir?

11:33 06.08.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, dünən parlamentdə Azərbaycanın dövlət büdcəsinə təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsi qəbul edilib. Dəyişikliyə əsasən,  2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq. Bundan başqa, yeni dəyişikliyə əsasən, neftin 1 barrelinin qiyməti 35 dollar nəzərdə tutulub.

Məlumat üçün xatırladaq ki, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununa əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24134500,0 min manat, xərcləri 26894700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23336950,0 min manat, yerli gəlirləri 797550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26044596,0 min manat, yerli xərcləri 850104,0 min manat) məbləğində təsdiq edilmişdi. Neftin 1 barrelinin qiyməti isə 55 dollar nəzərdə tutulmuşdu.

Bəs, görəsən, 2020-ci ilin büdcə sənədinə dəyişikliklər gözlənilən idimi? Yeni dəyişikliklərdən gözləntilər nədən ibarətdir?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Ruslan Atakişiyev deyir ki, dünyada baş verən bir sıra proseslər, o cümlədən koronavirus pandemiyası 2020-ci ilin büdcə sənədinə yenidən baxılması zərurəti yaratdı:

“Bildiyimiz kimi, pandemiya bütün ölkələrə, eləcə də Azərbaycana əlavə maliyyə yükü gətirdi. Nəticədə bu ilin birinci rübündə dövlət büdcəsinin xərclərində bir sıra dəyişikliklər baş verdi. Yəni, pandemiya ilə əlaqədar dövlət büdcəsi hesabına 3,5 milyard manata yaxın sosial dəstək paketi hazırlandı və icra olundu.  Əslində, bu özü dövlət büdcəsinin xərclərinin dəyişdirilməsi demək idi. Həmin vəsaitlər dövlət büdcəsinin digər xərc maddələrinin qənaət olunması və ya həmin xərc maddələrinin bir hissəsinin növbəti dövrlərə keçirilməsi hesabına istifadə olunmuşdu. Məsələn, bu il dövlət büdcəsindən icbari tibbi sığortaya 1 milyard manata yaxın vəsait ayrıldığı halda, bu proses təxirə salındı. Yəni, icbari tibbi sığortanın tam tətbiqi 2021-ci ilin yanvarın 1-nə qədər təxirə salındığından həmin vəsait pandemiya ilə əlaqədar xərclənməyə başlandı. Digər tərəfdən, neftin qiyməti ilə bağlı dünya bazarında baş verən proseslər də büdcəyə yenidən baxılmasını zəruri etdi. Belə ki, 2020-ci ilin büdcə sənədində neftin qiyməti 55 dollar nəzərdə tutulduğu halda, birinci yarımildə neftin qiyməti kəskin şəkildə aşağı düşməyə başladı. Ona görə də neftin qiymətinə yenidən baxılacağı gözlənilən idi”.

Ekspert vurğulayır ki, büdcəyə edilən yeni dəyişiklik pandemiya ilə bağlı dəstək proqramlarının ikinci yarımildə də davam etdiriləcəyini göstərir: “Biz birinci yarımildə ayrı-ayrı sahələrə dövlət tərəfindən edilən dəstəyi ikinci yarımildə də müşahidə edəcəyik. Ölkədə karantin rejimi davam edir. Eyni zamanda, bəzi şəhər və rayonlarda sərt karantin rejimi tətbiq edilir ki, bu da dövlətin yükünü, xərclərini daha da artırır. Digər tərəfdən, məlum olduğu kimi, iyul ayında ermənilər Tovuz istiqamətində təxribat törədərək, Azərbaycan-Ermənistan sərhədində vəziyyəti gərginləşdirdilər. Bu səbəbdən dövlət büdcəsində ölkənin müdafiə qabiliyyətinin daha da artırılması üçün xərclər artırılıb. Ümumiyyətlə isə indiki şərait müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılmasını, pandemiya ilə bağlı əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət tərəfindən əlavə dəstəyin göstərilməsini, səhiyyə sahəsi üzrə ortaya çıxan ehtiyacların qarşılanmasını zəruri edir”.

Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov da deyib ki, büdcəyə dəyişikliklərin edilməsi və neftin büdcə qiymətinin aşağı salınması gözlənilən idi:

“Dövlət büdcəsinə edilən dəyişiklik pandemiyanın təsirlərini minimuma endirmək və iqtisadi balansı qoruyub saxlamaq məqsədi daşıyır. Digər tərəfdən, məlum məsələdir ki, pandemiya ilə bağlı olaraq, neft bazarında volatillik yüksəkdir. Bu da neftin dünya bazar qiymətinin düşməsinə gətirib çıxarır. Ötən ay dünya bazarında neftin orta qiyməti 30 dollar olub. Hazırda neftin bir barelinin qiymətinin 40 dollardan yüksək olmasına baxmayaraq, payızda koronavirusun ikinci dalğası olsa, bu, neft qiymətlərinin azalmasına gətirib çıxara bilər. Buna görə də qanun layihəsində təklif edilən 35 dollar daha konservativ və daha az riskli qiymətdir. Düşünürəm ki, 35 dollar üzərindən dəqiqləşmiş büdcənin hesablanması doğru addımdır. Bu, neft bazarında volatillik, eyni zamanda pandemiyanın potensial təsirlərinin nəzərə alınmasına imkan verir”.

Digər iqtisadçı-ekspert Samir Əliyev isə deyir ki, yeni dəyişiklik büdcə xərclərini artırır:

“Büdcəyə dəyişiklik büdcənin kəsrini artırıb. Daha əvvəl büdcənin kəsri 2,8 milyard manat idi, hazırda isə kəsr 3,4 milyard manata qalxıb. Bu da kəsrin 608 milyon manat artdığını göstərir. Bunun səbəbi isə xərclərin artmasıdır. Xərclərdəki əsas artım səhiyyə və sosial müdafiə ilə bağlıdır. Səhiyyədə 25 faizdən çox artım var. Sosial müdafiənin təminatında isə sosial müdafiə üzrə 20 faiz, sosial təminat üzrə isə 300 faizə qədər artım olu. Gəlir isə çox azalmayıb, sadəcə 10 milyon manat azalıb. Xərclər isə 600 milyon manat civarında artıb. Ümumi gəlirin azalmasının əsas səbəbi isə vergi gəlirlərinin azalmasıdır, ayrı-ayrı vergilər azaldılıb. Fiziki şəxslərdən gəlir vergisi 2,8 faiz azaldılıb, hüquqi şəxslərdən mənfəət vergisi 15 faizə qədər azaldılıb, əlavə dəyər vergisi isə təxminən, 3 faizə qədər azaldılıb. Vergi gəlirləri ilə yanaşı, gömrükdən daxilolmalarda da azalmalar var. Bu azalmalara baxmayaraq Neft Fondundan transfertlər artırılıb. Bu rəqəm, təxminən, 850 milyon manat təşkil edir. İlkin versiyada 11 milyard 350 milyon manat idisə, düzəliş qəbul edilməklə bu, 12 milyon 200 manat olacaq”.

 

Oxunma sayı 2238
İqtisadiyyat rubrikasından digər xəbərlər