“Budo döyüş növü üzrə festivallar Azərbaycanda hər il keçiriləcək” – Yaponiya səfiri

11:33 05.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı İdman Zalında Azərbaycanda ilk dəfə bir çox yapon döyüş idman sənətlərini bir araya gətirən “1-ci Azərbaycan Budo- yapon döyüş sənətləri Festivalı”nın açılışı olub.

Hafta.az yazır ki, Yaponiya səfirliyi və bır sıra federasiyaların birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin əməkdaşlığı, JTI Azərbaycan, Toyota Bakı Mərkəzi, YAR Energy və TravelAze şirkətlərinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori bildirib ki, seyrinə toplaşdığımız idman festivalının keçirilməsində məqsəd Azərbaycanda daha bir qədim yapon döyüş növünü yaymaq, idmançılara təqim eləməkdir.

“Azərbaycanda müxtəlif yapon döyüş növləri yaxşı inkişaf edib. Karate, güləş və sair kimi döyüş sahələrində çempion titulu qazanmış idmançılarınız var. Düşünürəm ki, daha bir qədim yapon döyüş növü olan Budo-nun təbliği də Azərbaycan idmançılarında böyük maraq oyada bilər. Odur ki, Bakıda ilk dəfə belə bir idman növü üzrə festival keçirməyə qərar verdik. Yeri gəlmişkən, bu gün festivalda çıxış edən bütün idmançılar azərbaycanlılardır” deyən səfir Teruyuki Katori əlavə edib ki, Budo döyüş növü üzrə festivalların hər il Azərbaycanda keçirilməsinə qərar veriblər. Özü də yalnız paytax Bakıda deyil, eyni zamanda digər şəhər və rayonlarda da bu növ üzrə yarışlar təşkil ediləcək. Bu da Budo döyüş növünün bütün Azərbaycanda yayılmasına hesablanıb.  

Səfir fürsətdən istifadə edib ölkələrimiz arasında əlaqələrdən də söz açıb. Deyib ki, Yaponiya ilə Azərbaycan arasında münasibətlər hələ qədimdən mövcuddur və tarixin bütün etaplarında sabit inkişaf edib. “Azərbaycanın müstəqillik qazandığı son 27 il ərzində əlaqələrimiz ikitərəfli olaraq sürətlə genişlənərək dövlətçiliyin bütün sahələrini əhatə edib. Bura siyasətdən iqtisadi-ticarət tərəfdaşlığa, mədəniyyət və təhsildən idmanadək bütün sahələr daxildir. Baxmayaraq ki, Yaponiya ilə Azərbaycan arasında 7500 kilometr məsafə var, ölkələrimiz bu qədər böyük coğrafi məsafəyə baxmayaraq əməkdaşlıq eləməkdə maraqlıdır” deyən diplomat əlavə edib ki, dövlətlərimizi bir-birinə daha sıx bağlayan bir amil də Yaponiyanın Böyük İpək Yolunun başlanğıcında yerləşməsidir.

Xatırladaq ki, festivala Azərbaycanda fəaliyyət göstərən yapon döyüş növlərini təmsil edən federasiyalardan təxminən 90 idmançı qatılıb. Festivalda karate, cüdo, aikido, kendo, ciu-citsu, sumo kimi yapon döyüş sənətləri üzrə nümunəvi çıxışlar, yapon mədəniyyəti və idman növləri ilə bağlı stendlər nümayiş olunur.

Oxunma sayı 101