Bugünkü Rusiya həmin SSRİ-nin varisidir - Əliməmməd Nuriyev

16:13 21.01.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

20 yanvardan sonra Bakının ən görkəmli yerində salınan Şəhidlər Xiyabanı Azərbaycan tarixinin qan yaddaşında şərəfli səhifələrindən birini açdı. Və tarixdən nəticələr çıxarmağımız üçün qanımızla yazılan müqəddəs yaddaş kitabına çevrildi.

  Xiyaban bir səlnamə kimi Azərbaycan xalqına düşmənini və dostlarını tanıdır, dövlətin ərazi bütövlüyünü təhdid edən məqamları araşdırmaq üçün geniş imkanlar verir. Azərbaycan ictimai-siyasi ictimaiyyəti bu imkanlardan nə dərəcədə yararlana bilir və eləcə də sovet Rusiyasının varisləri qarşısında hansı hüquqi tələblərin irəli sürülməsi ilə bağlı mübahisəli məqamları ortaya çıxarır.

Bu və ya digər məqamlarla bağlı Həftə.az-a müsahibə verən Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev maraqlı nüanslara diqqət çəkib.

- Əliməmməd bəy, 20 yanvar tarixi Azərbaycan ictimai-siyasi həyatında hansı təsirə malikdir və biz sovet Rusiyasının paytaxtda törətdiyi bu qətliamı nə dərəcədə hüquqi aspektlərdə beynəlxalq ictimaiyyətə təqdim edə bilirik?

- 20 yanvar şəhidliyimiz, həm də Qarabağ müharibəsində qələbənin əsas səbəblərindən biridir. Çünki Azərbaycan vətəndaşı, xalqı həmin gün azadlıq uğrunda şəhidlik zirvəsinə qalxa biləcəyini göstərdi. Şəhilik zirvəsinə gedən xalq işğal altında qala bilməzdi. Torpaqlarımız Azərbaycan ordusunun,  əsgər və zabitlərin rəşadəti, əzmkarlığı, yüksək döyüş ruhu, Azərbaycan xalqının birliyi qələbəmizin əsas təminatçısı oldu.

SSRİ hərb maşını öz azadlığını istəyən milləti qanında boğaraq onun ərazilərini, Azərbaycanın Qarabağ bölgəsini erməni separatçılarına güzəşt etmək siyasətini yeridirdi. Azərbaycan xalqı artıq özünü demokrat adlandıran sovet Rusiyasının bu özbaşınalığına dözə bilməzdi.

Azərbaycan xalqının 20 yanvarda əliyalın rus tanklarının qarşısına çıxması onun mübarizəsində kütləvi şəhidliyinin başlanğıcı idi. O faciədən sonra 1-ci Qarabağ savaşında həlak olan şəhidlərimizin bir qismini o torpağa tapşırdıq. Onların istəyi bu torpaq, ölkənin azadlığı, müstəqilliyi idi. Lakin biz bu gün Şəhidlər Xiyabanında uyuyan o insanlara deyə bilərik ki,  Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın suverenliyini təmin etdik. Bundan sonra ruhları sakit olacaq. Bundan sonra Şəhidlər Xiyabanına ziyarətə gedənlərin ürəyində bir rahatlıq olacaq. Çünki Azərbaycan böyük Vətən Müharibəsində qələbə çaldı və biz müəyyən mənada şəhidlərimizin qisasını aldıq.

Düzdür, 20 yanvar faciəsindən sonra hadisənin siyasi qiymətləndirməsi baş verdi. Amma bunu geniş miqyasda dünyaya çatdıra bilmədik. Dünya gücləri xüsusilə, müsəlman dünyasında baş vermiş azadlıq hərəkatlarına münasibətdə bəzi hallarda fərqli yanaşmalar etdi. Eyni zamanda, onlar Qorbaçov kimi qatili hələ də demokrat adlandırırlar. Hansı ki, bu qatil prezident böyük bir ölkənin dağıdılmasında birbaşa iştiarak etdi. Müstəmləkələrin hesabına yaşayan bu ölkədə totalitar rejim, imperiya siyasəti var idi. Qorbaçovun gəlişi bu prosesi daha da sürətləndirdi. Qorbaçov kommunist ideologiyası ilə pərdələnən bu rejimin tamamilə qeyri-insani rolunu ortaya qoydu. Digər xalqlara, millətlərə münasibətdə necə vəhşi bir təbiətə malik olduğunu göstərdi. Bununla belə biz bu qatil rejimin mahiyyətini tam mənada dünyaya çatdıra bilmirik. Bəlkə də bizim qarşımızda dayanan əsas məsələlərdən biri budur ki, hələ də buna nail ola bilməmişik.

- Müasir Rusiya sovet Rusiyasının – Moskvanın o zaman Bakıda törətdiyi cinayətinə görə bu gün hansı məsuliyyəti daşıyır?

- Bəzən belə deyirlər ki, 20 yanvar hadisəsi olmaya da bilərdi. Amma o vaxtkı SSRİ-nin xarakteri və Qorbaçov kimi ermənilərin təsirində olan bir prezident var idisə, bu olmalı idi.  O zaman sovet qoşunu Bakını növbəti dəfə işğal etdi. Bugünkü Rusiya həmin SSRİ-nin varisidir. Onun bütün hərəkətlərinə cavabdeh Rusiyadır. 20 yanvar hadisələrində iştirak etmiş, yaralanmış bir şəxs kimi hesab edirəm ki, biz Rusiyadan bu hadisəyə qiymət verməsini tələb etməliyik. Heç olmasa Rusiya SSRİ hökumətinin bu hərəkətinə görə üzr istəməlidir. Bizim 20 yanvarda 131 şəhidimiz, 800 yaralımız var idi. Onlara təzminat məsələsini öz üzərinə götürməlidir. Əgər Rusiya doğurdan da demokratik, sivil bir dövlət kimi qonşuluq münasibətlərinə önəm verirsə, o vaxtkı dövlətin yaramazlıqlarına görə üzr istəməyi öz öhtəsinə götürməlidir. Lakin Rusiya bunu etmir.

Almaniya faşist Almaniyasının Yəhudi qətliamına görə həm üzr istədi, həm də təzminat ödədi. Rusiya SSRİ-nin varisidirsə, bu məsələ ilə bağlı könüllü olaraq öhtəliklər götürməlidır. Heç olmasa mənəvi baxımdan bu məsələlərə görə üzr istəməyə borcludur.

- Təzminatın ödənilməsi üçün təbii ki, Rusiyanın günahkar olması ilə bağlı iddia qaldırılmalı və məhkəmədə təsdiqlənməli idi. Beynəlxalq məhkəməyə çıxarıb araşdırma tələb edə bildikmi?

- Hansı məhkəməyə verə bilərdik ki? Avropa İnsan Hüquqları Məhkıməsinə verə bilməzdik. Çünki bu hadisə SSRİ zamanında baş vermişdi və o zaman Avropa belə bir yuridiksiyanı tanınmırdı. Digər beynəlxalq məhkəmələrə isə Azərbaycanın müraciət etməsi üçün hüquqi imkanları yoxdur. Bu məsələni hüquqi müstəvidə həll etmək, HAQA məhkəməsinə, digər beynəlxalq tribunallara vermək də mümkün deyil. Digər tərəfdən, SSRİ-nin o zamanki prezidenti bu ölkələr tərəfindən böyük məhəbbətlə qarşılanır. Ona görə də inanmıram ki, onun dövründə baş vermiş hadisəyə siyasi hüquqi qiymət vermək üçün hansısa təsisatların yaradılması mümkün olsun. Hər halda bu tarixdir və biz bunu heç vaxt unutmamalıyıq. Eyni zamanda, bundan sonra da hadisəni olduğu kimi bütün dünyaya çatdırmağa çalışmalıyıq. 20 yanvarla bağlı çox möhtəşəm filmlər çəkilməlidir. Biz bundan da çəkinməməliyik. Bu bizim tariximizdir, özü də çox qürurverici tariximizdir. İstənilən ölkə o zaman tam olaraq azadlığa nail ola bilir ki, o onun uğrunda qan tökmüşdür.

- Əliməmməd bəy, 20 yanvar hadisəsinə görə cinayətkar sovet Rusiyasını beynəlxaq məhkəməyə verə bilmədik. Üstəlik Qarabağın qeyd-şərtsiz azad olunmasını ehtiva edən BMT də qəbul edilən qətnamələri icra etmədi. İndi isə həmin o sovet Rusiyasının varisləri - müasir Rusiyanın sülhməramlıları Qarabağa sülhü təmin etmək üçün gətirilib. Keçmişə baxanda bu prosesdən hansı gözləntiləriniz var?

- Azərbaycan İkinci Qarabağ savaşında, Vətən Müharibəsində bütövlükdə qalibiyyət əldə etdi. Biz həmin döyüşdə nə mümkün idisə etdik. Doğrudur, indi rus silahlı qüvvələri sülhməramlı adı ilə Qarabağa daxil olub. Lakin paralel olaraq sülhməramlıların statusu ilə bağlı məsələ öz həllini tapmalıdır. Milli Məclis sülhməramlıların Qarabağda müvəqqəti iştirakı ilə bağlı qanun qəbul etməlidir. BMT-nin sülhməralılarla bağlı qəbul olunmuş prinsipləri tətbiq olunmalıdır. O prinsiplərə əsasən, sülhməramlılar olduğu dövlətin razılığı əsasında orda iştirak edə bilər. İkinci tərəfdən, sülhməramlılar tərəfindən heç bir zorakılıq tətbiq olunmamalıdır. Sülhməramlılar bölgədə yalnız tərəflər arasında atəşkəsin əldə edilməsinə nəzarət etməlidir. Orda başqa  bir funksiyası olmamalıdır. Bununla bağlı Azərbaycan tərəfi, Prezident də fikirlərini bildirib. Putin öz çıxışlarında beynəlxalq hüquqa əsasən Qarabağın Azərbaycanın əraziləri olduğunu deyib. Rusiya ona uyğun da davranış nümayiş etdirməlidir.  Azərbaycan-Ermənistan sərhəddində Azərbaycan sərhəd qoşunlarının yerləşdirilməsi, Gömrük qurumlarının yaradılması çox vacib məsələdir. Söhbət Azərbaycanın Laçın rayonu ilə olan sərhəddindən gedir.

Bilirik ki, müvəqqəti razılaşmaya görə Laçın karidoruna nəzarət Rusiya sülhməramlılarına tapşırılıb. Sülhməramlılar o 5 km. əraziyə azərbaycanlıların qaytarılmasını təmin etməlidir. İndi necə həvəslə Ermənistandan ora insanları gətirməyə çalışırlarsa, eləcə də azərbaycanlıları həmin ərazilərə köçürməlidirlər.  Kəlbəcərə, Xankəndindən Şuşaya gedən yolla bağlı daxili nəqliyyat qovşağını açmalı, azərbaycanlıların sərbəst hərəkət etməsini təmin etməlidirlər. Sülhməramlılar bununla bağlı öz işlərini görmür. Sülhməramlılarla bağlı qanunun qəbul edilməsi bu məsələlərə aydınlıq gətirəcək. Lavrov da çıxışında bildirdi ki, Rusiya sülhməramlıları ilə bağlı status məsələsi öz həllini tapmalıdr.

Rusiya sülhməramlılarının bir işi də silahlı cinayətkar ermənilərin tututlub Azərbaycana verilməsidir. Sülhməramlıların statusu qeyri-müəyyən olduğu üçün, onlar özlərinə aid olmayan işlərlə məşğul olur, ermənilərin himayəçisi kimi çıxış edirlər. Bu məsələ Azərbaycan hökumətini düşündürür və hesab edirəm ki, tez bir zamanda müvafiq qərarların yerinə yetirlməsini görəcəyik. Hesab edirəm ki, anlaşmaya uyğun olaraq, erməni silahlı qüvvələri tamamilə Azərbaycan əraziləridnən tezliklə çıxarılacaq. Azərbaycan Laçın rayonunda Ermənistanla sərhəddə Azərbaycan sərhəd qoşunlarını, Gömrük poslarında Azərbaycan nəzarət sistemini quracaq. O zaman daha rahat şəraitdə prosesləri izləmək, mümkün olacaq, terorrçuların Azərbaycana keçməsinin qarşısı alınacaq.

Oxunma sayı 917