“Bundan sonra metropoliten elektrik enerjisinin kəsilməsi ilə bağlı böyük problem yaşamayacaq” – Bəxtiyar Məmmədov

16:44 20.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Sahil” stansiyasında işıqların sönməsindən, gərginliyin kəsilməsindən, elektirik enerjisinin verilişinin dayanmasından söhbət getmir. Sadəcə olaraq gərginlik düşüb. Evimizdə də bəzən lampalar közərir. Buna bənzər bir hadisədir. Metropolitendə fərqli güclərdən istifadə olunur və yaxud fərqli elektrik sistemləridir deyə burada öz əksini fərqli tapıb. Gərginlik düşməsi nəticəsində eskolatorların fəaliyyəti qısa müddətə dayanıb. İşıqlanma sistemində problem yaranıb. Qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb”.

Bunu hafta.az-a açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Metropolitenin sözçüsü bildirib ki, stansiyalarda dizel-generatorun olub-olmamasının bu məsələyə aidiyyəti yoxdur. Çünki gərginliyin kəsilməsindən söhbət getmir:

“Gərginlik düşürsə, bu, avtomatik olaraq avadanlığın özündə əksini tapır. Onun özündə sığorta ehtiyat hissəsi var. Həmin avadanlığın bu cür hallara qarşı özünün sığortası mövcuddur. Necə ki, evdə bizim məişət avadanlıqlarımız üçün sığortalanmış bir sistem var. Qısa müddətdə onu sancağa qoşmaq lazım gəlir. Qoşmaq üçün ilk olaraq sərnişinlərin təhlükəsizliyinə baxmalısan. Sərnişinlərin təhlükəsizliyinin tələblərinə əməl olunursa, eskolator işə salınır. Təbii ki, bu da bir neçə saniyə ərzində baş verən proses deyil. İki-üç dəqiqə vaxt aparır. Amma “Sahil” stansiyasında sərnişinlərə problem yaradacaq hər hansı bir problem olmayıb”.

Bəxtiyar Məmmədov bildirib ki, dizel-generatorlarla bağlı da böyük işlər gedir. May ayında onun quraşdırılmasının əsas mərhələsi başa çatıb:

“Hal-hazırda həmin sistemin sazlanma, sınaq və tənzimlənmə işlərinin və avtomatik qoşulma sistemləri ilə bağlı son işlər gedir. Yaxın vaxtlarda onun da təqdimatı keçiriləcək. İctimaiyyətə təqdim olunacaq. Artıq əminliklə deyə bilərik ki, istənilən fövqəladə hal zamanı elektrik enerjisinin verilişində hər hansı bir kəsinti olarsa, dərhal bu problem həll olunmuş sayıla bilər. Çünki artıq dizel generatorları işlək vəziyyətdədir. Sadəcə olaraq, hazırda orada son işlər görülür. Tam hazır olandan sonra ictimaiyyətə təqdim ediləcək. Yəni, metropoliten elektrik enerjisinin kəsilməsi ilə bağlı bundan sonra böyük problem yaşamayacaq. Əgər hər hansı bir stansiyada gərginlik qalxıb-düşürsə, yaxud bir hissədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranırsa, bu, metropoliten üçün böyük problem yaratmır”.