“Burada adam yaşamaz, çarəsiz qalıb yaşayıram” - Evsiz futbolçunun dramı

11:36 22.01.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

-Vaxtilə SSRİ çempionatının müxtəlif liqalarında oynamışam. Tümenin “Geoloq”, “SK Karpat” kimi o dövrün öndə gedən klublarında top qovmuşam. Parlaq futbolçu keçmişim olub. Dolanışığım, güzəranım da yaxşı idi. Sonradan hər şey dəyişdi. Uğursuzluqlar bir-birini əvəzləməyə başladı. İndi pəncərəsiz, dam örtüksüz daxmada yaşayıram.

Maarif Qurbanovla Samuxun Əhmədbəyli kəndində görüşdük. İlk baxışdan damağındakı siqaret uzun boyuna, idmançı bədən quruluşuna yaraşmır. Amma mavi sanki gözləri balıqları ovlanmış dənizə bənzəyir. Üzünün qırışığı alın yazısının kədərli ilməsini xatırladır.

Heç yerdə işləmir. 63 yaşı var. Evsiz-eşiksizdir. Tək-tənha yarıqaranlıq daxmada günü-günə calayır. İşsizlik müavinəti də almır. Bir sözlə, Allah ümidinə yaşayır.

Evi soyuq olduğundan səhər açılandan axşama kimi çayxanada oturub gününü keçirir.

Daha doğrusu, bədənini isitməyə çalışır. Dediyinə görə pəncərəsiz, dam örtüksüz daxmada yaşayır.

Qış gecələrində üstünə yağış daman yorğan, nəmişli yorğan çəkdiyini söyləyir. Doğrusu, inanmağımız gəlmir. Sanki o da elə bunu gözlərimdən oxuyur:

-Gəlin, gedək bizə. Öz gözlərinizlə görün-deyir.

Maşına oturub gedirik. Kəndin kənar məhəllələrindən birində, açıqlıq ərazidə yaşayır Maarif kişi. Binəsi tökülmüş, hörgüsü kürsü daşına qədər qaldırılmış, yalnız bir otağını “qaraltmağa” gücü çatmış bir yarımçıq evin daxmasından içəriyə daxil oluruq.

Qapıdan içəri girən kimi qapının solunda “üçgözlü” qızdırıcının spirallarının güclə közərdiyini görürük. Suvaqsız evdir. Daş hörgünün suvağını yağış yumuş bəzi yerlərindən bayır görünür.

Soba isə yanmır. Çünki odun qıra bilmir. Almağa isə pulu olmadığını dilə gətirir.

Maarif kişi ordan-burdan xalça-kilim tapıb suvağı yuyulmuş divarlardan asıb ki, soyuq gəlməsin. Amma yenə də ev buz kimidir. Yer torpaqdır. Döşəməsi yoxdur. Daxmanın tavanından yağış damır: “Neçə illərdir ki, burada tək yaşayıram. Xəstə adamam. İllərin soyuğu bədənimdədir. Burada adam yaşamaz, çarəsiz qalıb yaşayıram. Neylim? Baxan yoxdur. Bələdiyyəyə də demişəm, icra nümayəndəsinə də. Heç nə istəmirəm. Deyirəm ki, işsiz-gücsüz adamam ya mənə iş versinlər, ya da bu daxmamın tavanını düzəltsinlər. Yağış dammasın. Gecə yatanda tavandan üzərimə damcılayan yağış damcısının qəfil bədənimə toxunmasından bezmişəm. Yuxudan oyanıram. Sonra yata bilmirəm. Elə olub ki, səhər yuxudan oyananda yorğanımın islaq olduğunu görmüşəm. Qış sərt keçəndə bu kimi hallar tez-tez yaşanır”.

Bayıra çıxırıq. Yenə də keçmişə qayıdır. Uğursuz ailə həyatının üzərindən üstüörtülü keçir. Xoş günlərdən danışır. Deyir ki, o vaxt pulun-pul vaxtı həyatyanı torpaq sahəsi alır. Böyük ev götüzdürür. Sonra imkansızlıq məngənəsində çabalamağa başlayır. Nəhayət, bir otağı güclə düzəldib içərisinə daxil olur. Əgər buna düzəltmək demək mümkündürsə, bir qapısı var, bir də pəncərəsi... Yarıqaranlıq, dam örtüyü bərbad vəziyyətdə olan, döşəməsiz, tavansız və suvaqsız qaxmadır.

-Niyə dam örtüyünə kirəmit əvəzləyicisi vurmamısınız, canınıza yazığınız gəlmirmi? –deyə sual verdim. Cavabı isə qısa oldu: “İmkanım yoxdur şifer almağa. Yuxarı kilim-palaz saldım ki, evə yağış düşməsin. İslandı. Bayıra atmışam ki, qurusun, sonra ayağımın altına salaram. Neçə gündür yağış yağır, imkan vermir...

Maarif Qurbanov “üçgözlü” qızdırıcını göstərib deyir ki, dördün-üçə bu otağı qızdırmağa bunun da gücü çatmır. Normal qidalanmadığını deyir. Bizdən tək istəyi odur ki, onun dam örtüyünün qismən də olsa təmirinə köməklik edilsin. Ya da iş versinlər, işləyib pul qazansın, özü bu işə bir əncam çəksin.

Ümid edirik ki, Samux Rayon İcra Hakimiyyəti və digər aidiyyatı qurumlar Maarif Qurbanovun müraciətini diqqətdə saxlayacaq. Ölçü götürəcək.

Sonda isə hər kəsə bir alqış yazmaq istəyirəm, heç kəs ailəsindən və evindən üşüməsin.

Oxunma sayı