Buraxılan parlamentdə təmsil olunan və 4 ildə siyasi fəallıq göstərməyən partiyalar

14:33 02.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

5-ci çağırış Parlament özü özünü buraxdı. Dekabrın 2-də Milli Məclis bu barədə qərar qəbul etdi. Artıq müstəqil Azərbaycanın tarixinə 5-ci çağırış millət vəkilləri kimi deputatların vəsiqələri etibarsız sayılacaq. İndi isə bir az əvvələ qayıdaq. 1 noyabr 2015-ci ilə. Həmin vaxt seçkilərdə iştirak edən bir çox siyasi partiyalardan cəmi 12-i Milli Məclisdə təmsil olunmaq hüququ əldə edə bilmişdi.

Milli Məclisin 125 deputatından 74 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP) üzvü idi. Vətəndaş Həmrəyliyi Partiyası 2 nəfərlə, AVP, ADİP, ADMP, ASDP, ASRP, BQP, BAXCP, MDHP, VP və VBP isə 1 nəfərlə Milli Məclisdə təmsil olundu. Parlamentin 39 üzvü isə bitərəf deputat kimi müzakirəyə çıxarılan məsələlərdə mövqelərini sərgilədilər.

Kişilərin 104 nəfər, qadınların isə 21 nəfər olduğu V çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov oldu.

Parlamentdə “susqun deputatlar”la yanaşı, “ağzına su alıb oturan”, heç bir fəallıq göstərməyən müxalif partiya nümayəndələri və sədrləri də oldu. Ara-sıra Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə “milli mənsubiyyət məsələlərində” qıcıqlandırıcı çıxışları ilə yadda qalsa da, digər müxalifət nümayəndələrinin parlamentdə səsi bir o qədər də eşidilmirdi. Araz Əlizadənin hər çıxışı isə cəmiyyətdə birmənalı qarşılanmırdı. Kəskin və kəsərli tənqidlərə tuş gəlirdi.

Onu da deyək ki, parlamentdə təmsil olunan müxalifət partiyalarına dövlət büdcəsindən hər ay üçün təxminən 7 min manat pul ayrılırdı. Amma bütün bunlara baxmayaraq, 5-ci çağırış parlamentdə təmsil olunan partiyalar ölkə gündəmində aktual olan məsələlərlə bağlı nə piket keçirdi, nə də mitinq. Etiraf edək ki, yola salınan 4 ildə seçkilərə qatılmayan radikal müxalifət düşərgəsi parlamentdə təmsil olunan siyasi təşkilatlarla müqayisədə daha aktiv idi.

Parlametdə 2 deputatla ən çox təmsilçilik qazanan müxalifət partiyası Vətəndaş Həmrəyliyi Partiyası idi. Amma bu dörd ildə nə partiya sədri Sabir Rüstəmxanlı, nə də parlamentdə oturan deputatlar – Fəzail İbrahimli və Rəfael Hüseynov bu barədə təkliflə çıxış etmədilər. Bakı meriyasına da mitinqlə bağlı rəsmi müraciət ünvanlamayıblar. Halbuki ölkə gündəmi bu dörd il ərzində bir sıra məsələlərlə zəngin olub. 11 partiyadan heç biri nə hakim partiyanın, nə də müxalifətin baxışına yaxın bir mövqe sərgilədilər.

Parlament özünü buraxmamışdan əvvəl Azərbaycan Sosial Rifah Partiyasının sədri, dünənə qədər millət vəkili statusu daşıyan Xanhüseyn Kazımlı cəmi bircə dəfə gündəmə gələ bildi. 77 yaşlı millət vəkili cümlə qura bilməməkdə ittiham olundu. Məlum hadisə isə Milli Məclisin plenar iclaslarından birində qeydə və lentə alınmışdı. VBP sədri Sabir Hacıyev isə ümumiyyətlə, nə danışdı, nə də səhv buraxdı. .

BQP sədri Fazil Mustafa BAXCP sədri Qüdrət Həsənquliyevlə birlikdə müxalifət düşərgəsinin ən aktivlərindən sayılırdı. Ara-sıra sosial məsələlərə -problemlərə və onların aradan qaldırılmasına diqqət çəkirdilər. Artıq bir çoxlarında belə bir təsəvvür yaranmışdı ki, hər iki millət vəkili ancaq sosial məsələlərdə müxaliflik göstərməklə kifayətlənirlər. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə bu dörd ildə cəmi bir dəfə iqtidar-müxalifət görüşünün təşkilatısı kimi gündəmə gəldi. Doğrudur, həmin görüşdən hansı nəticə hasil oldu, onu bir Allah bilir, bir də görüşün iştirakçıları. Amma sözümün canı odur ki, Fəzail müəllim həmin dialoqu da təkbaşına deyil, BAXCP sədri, həmkarı Qüdrət bəylə birgə təşkil etmişdilər.

Bir sözlə, 5-ci çağırış parlamentin müxalif fraksiyası süst gəlib düz getdi. Nə aksiya, nə piket, nə də mitinq keçirməklə yadda qaldı. Halbuki, bir sıra hərəkatlar parlamentdə təmsil olunan partiyalardan fərqli olaraq Qarabağla bağlı mitinqlər keçirdilər. Belə bir təşəbbüslə, özü də həmin mitinqlərin cəbhəyanı rayonlarda keçirilməsi təşəbbüsü ilə parlamentdə yuxulayan müxalifət partiyalarının rəhbərləri, nümayəndələri də çıxış edə bilərdilər.

Siyasət rubrikasından digər xəbərlər