Bütövləşən Türk dövlətləri və türklərə düşmənçilik edənlər

17:01 16.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkdilli ölkə liderlərinin Bakıda keçirilən sayca 7-ci Zirvəsi, nəzərə alsaq ki, dünyanın qarışıq münasibət bəslədiyi “Barış pınarı” əməliyyatları gedən bir vaxda təsadüf edir, sadəcə türk ölkələrinin sıradan tədbiri kimi dəyərləndirilməməlidir. Çünki bu birlik türkdilli ölkələrin sözün əsl mənasında bütövləşdiyini və özünü dərk etdiyini göstərdi. Liderlərin öz dillərində çıxış eləməsi və Nursultan Nazarbayevin “Təşkilatın adını türkdilli dövlətlərdən türk dövlətlərinə dəyişmək lazımdır” deməsi isə məhz indiki beynəlxalq siyasi-hərbi vəziyyətin gərginləşdiyi dövrdə Qərbə və ümumiyyətlə, bütün dünyaya açıq ismarıc sayılmalıdır. Hələ onu demirəm ki, Macarıstanın bu Zirvəyə baş nazir sifətilə qatılması türk dünyasının əhəmiyyətini bir az da artırıb.

“Barış pınarı”ndan doğan qlobal siyasi ziddiyyətlər türk millətinə kimin dost, kimin düşmən olduğunu göstərdi. Avropa İttifaqı ölkələri toplanıb Türkiyənin qərarına etiraz etmək istəyəndə, məhz Macarıstan əleyhinə çıxdı və İttifaqın birgə açıqlama yaymasını əngəllədi. Yenə də, Avropa İttifaqı ölkələri NATO müstəvisində müttəfiqləri Türkiyəni qınamaq istəyəndə ümumi qərara dolayısı yolla İspaniya qarşı çıxdı. Hansı ki, həmin vaxtlarda nəinki müsəlman cəmiyyətləri, heç Bakıda bir araya gələn türk qardaşlar belə münasibət bildirməmişdilər.

Çox maraqlıdır ki, hər ikisi xristian ölkəsi olan Macarıstan və İspaniya, hətta okeanın o tayındakı Venesuela Türkiyənin terrorla mübarizə aparmaqda haqlı olduğunu dediyi bir vaxtda qapı qonşusu İranda, qiyməti heç nə ilə hesablanmayan və mənəvi dəyəri yerdən göylərədək olan al-qırmızı Türk bayrağını yandırırdılar. PKK-PYD terror təşkilatının (PYD-ni kimsə terrorçu kimi tanımasa da...) müdafiəsinə qalxan İran İslam Respublikasının “adil və haqsevər hakimiyyəti” və təbii ki, dünyanın ən sülhsevər müsəlman xalqı nədənsə 40 ildir məhz bu təşkilatların silahlıları tərəfindən qətlə yetirilmiş on minlərlə günahsız türkün və hətta kürdün ruhu önündə mənəvi məsuliyyət daşımaq istəmədi. Çünki bu ölkənin fars iqtidarı Türkiyə ilə tarixi rəqabətini önə verib, bölgədə hansısa üstünlüyə sahib olmaq istədi. Bəs sərhədləri onsuz da ABŞ və müttəfiqlərinin ordusu ilə sarılmış İranın özünə qarşı sabah müharibəyə başlanılsa necə olacaq, onda Türkiyə qonşusunun çətin günündə susacaqmı və ya susmalıdırmı? İnanılası deyil. Çünki zatən ABŞ nüvə enerjisi sazişindən çıxandan sonra Türkiyə bütün təhdid və təzyiqlərə rəğmən İranla əməkdaşlığını qoruyub saxladı.  

     

Yeri gəlmişkən, İranda uşaqdan böyüyədək hər kəs Yaxın Şərqdə gedən proseslərin Amerika-İsrail qütbünün “Böyük Kürdüstan” proqramına uyğun getdiyini bilir. Amerika ilə müharibə vəziyyətində olan və İsraillə qan düşməni olduğunu bildirən İranın, məhz İsrailin proqramlarına qarşı çıxan müsəlman türkləri hədəf alması bir həqiqəti üzə çıxarır: İran Ametrikanın və İsrailin bölgədə ən yaxın dostudur...

Bu arada, mən bu məqaləni yazarkən məlumat aldım ki, 611 yəhudi fanat “Mərakeş qapısı”ndan Məscüdil Aksaya basqın edib. Buyurun, ədalətsevər İran xalqı (eləcə də iraqlılar), niyə dayanmısınız, yaxıb-yandırın İsrailin, onu müdafiə edən Amerikanın, Fransanın və başqa Qərb ölkələrinin bayraqlarını...

İranın adını belə geniş hallandırmaqda məqsədim var. Onun öz qonşusuna, dini və məişəti, mədəniyyəti eyni olan bir ölkəyə qarşı haqsız və düşməncə mövqeyini ona görə qabardıram ki, “yaxın qonşu uzaq qohumdan yaxşıdır” deyib atalar. Onu da nəzərə alaq ki, İran həm də əsl həqiqəti bildiyi halda belə addım atır. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir – Ərəb Liqası adlı ərəbçilikdən uzaq olan birlik ölkələri də İran kimi. Amma İranı qınamağa mənəvi haqqımız var: bizləri – türklərlə farsları yalnız din deyil, tarixin bütün sifətləri birləşdirir...

Yeri gəlmişkən, ərəb dünyasının ortasında qalan və öz soydaş ölkələri tərəfindən az qala istila edilmək təhlükəsi ilə üzləşən Qətər, son dövrlərdə ikiyə parçalanan və hərbi çevriliş yaşayan Sudan, bütün təzyiqlərə baxmayaraq, Türkiyənin mövqeyinə doğru-dürüst qiymət verməyi bacardı...

Məncə, istər İran olsun, istər Livan, istər Misir, istərsə də digərləri, sabahı düşünməlidirlər. Yəni hər bir dövlət kimi onlar da strateji xarici siyasət yürütməlidirlər. Təbii ki, bu ölkələrin Türkiyəyə indiki münasibəti strateji siyasətin bir hissəsidirsə, bu başqa. Amma hər halda bu gün irəliyə baxılmalı və düşünülməlidir ki, dünya 50-100 il əvvəlki deyil. Tarix boyu sürdürülən rəqabət köhnəlib, indi əksər müttəfiq blokları dəyişib və sair. Bu gün Türkiyə NATO-nun ən güclü subyektlərindən olsa da,  eləcə də blokdankənar onlarla dövlət tərəfindən dəstəklənsə də, açıq deyə bilərəm ki, onun arxasında mənəvi-milli bağlarla birləşən böyük və gündən-günə daha da güclənən türk birliyi dayanır. Bu gün İran da, Ərəb Liqası da, lap elə ABŞ-dan tutmuş Avropayadək hər bir ölkə bilməlidir ki, Balkanlardan Böyük Çin səddinədək uzanan türk birliyi ilə gələcək münasibətlərin zəmini məhz indi yaranır. Yəni indi atılan addımlar onların Türkiyə və digər türk dövlətləri ilə gələcək münasibətinin formalaşmasında rol oynayacaq. Hələ onu demirəm ki, İran əhalisinin yarısı, Əfqanıstan əhalisinin böyük hissəsi, lap elə suriyalıların və iraqlıların da azından 10 faizi türkdür.

Türk dünyasının gələcəyindən söz düşmüşkən, onların hərbi və iqtisadi imkanlarına da ötəri nəzər salmaq da yaxşı olardı. Bu gün altı müstəqil türk dövlətində (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızstan və Türkmənistan) ümumilikdə 160 milyon insan yaşayır. Üstəgəl, türklərlə birlikdə bütün iclaslara qatılan Macarıstanda 10 milyon, hələlik yalnız Ankaranın tanıdığı Şimali Kipr Türk Respublikasında da 370 min nəfər.

“Global Firepowerv”in 2018-ci ilin yekunlarına əsasən 136 ölkə arasında coğrafi şərait, lojistik imkanlar, canlı qüvvələr və ümumilikdə 55 kateqoriya üzrə araşdırmasına görə apardığı müqayisələrin nəticələrinə əsasən, hərbi güc baxımından siyahıda Türkiyə 9, Özbəkistan 48, Azərbaycan 52, Qazaxıstan 54, Türkmənistan 75, Qırğızstan 91-ci yeri tutur. Onu da nəzərə alaq ki, bu araşdırmada ölkələrin nüvə silahı potensialı nəzərə alınmayıb.

Bu gün altı müstəqil türk dövlətinin silahlı qüvvələrində aktiv əsgərlərin sayı 900 min nəfər (Türkiyə 665 min, Özbəkistan 67 min, Qazaxıstan 49 min, Azərbaycan 67 min, Türkmənistan 22 min və Qırğıstan 11 min nəfər), ehtiyyatda saxlanılan əsgəri qüvvələrinin sayı toplamda 770 min nəfər (Türkiyə 466 min, Qazaxıstan 32 min, Azərbaycan 300 min, Qırğıstan 10 min nəfər), yarımhərbi qüvvələrinin sayı isə ümumilikdə 140 mindir (Türkiyədə 59 min, Özbəkistanda 20 min, Qazaxıstanda 32 min, Azərbaycanda 15 min, Qırğıstanda 10 min nəfər).  

Üstəlik, Şimali Kipr Türk Respublikasında da 5 min aktiv əsgər, 26 min ehtiyyat qüvvə və 150 nəfərlik yarımhərbi qüvvə mövcuddur.

Adlarını qeyd etdiyim türk dövlətlərinin ümumi illik nominal istehsal gücü 1 trilyon 150 milyard dollara bərabərdir (Türkiyə 800 milyard dollar, Özbəkistan 50 milyard dollar, Qazaxıstan 175 milyard dollar, Azərbaycan 67 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıstan 8,1 milyard dollar).

Şimali Kipr Türk Respublikasına gəlincə, illik istehsal gücü 5,6 milyard dollar həcmindədir.

Bütün bu rəqəmlərə əsasən, Türk Şurasının iclaslarında ən yüksək səviyyədə təmsil olunan Macarıstanın da öz təsiri var. Bu ölkənin aktiv əsgərlərinin sayı 30 min, ehtiyyat qüvvələri 44 min və yarımhərbi qüvvələri 12 min nəfərdir.

Üstəlik, Macarıstanın illik istehsal qüvvəsi 155 milyard dollara bərabərdir.

Belə demək mümkündürsə, bu günün türk dövlətləri birliyi sabahın Avropa İttifaqı, NATO-sudur və tam əminliklə söyləmək mümkündür ki, nəinki uzaq ABŞ və ya Qərbi Avropa ölkələri, o cümlədən ərəb dövlətləri və hazırda Türkiyənin bayrağını yandıran İran türklərdən məsləhət və icazə almamış heç bir addım ata bilməyəcəklər...  

Siyasət rubrikasından digər xəbərlər