Bütün dünya bir daha gördü ki, Qarabağ Azərbaycandır və nida işarəsi - Prezident

14:52 19.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hesab edirəm ki, dünyada təhlükəsizlik sahəsində digər bir nömrəli konfrans Münxen Təhlükəsizlik Konfransıdır. Bu konfransda da mən müntəzəm olaraq iştirak edirəm və hər dəfə Azərbaycan həqiqətlərini geniş auditoriyaya çatdırıram. O cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, haqlı olduğunu və tarixi aspektləri çatdırıram.

Hafta.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində səsləndirib. Dövlət başçısı deyib:

"Bu dəfə isə daha gözəl fürsət yaranmışdır, Azərbaycan xalqının və dünyanın gözü qarşısında Azərbaycan öz üstünlüyünü bir daha ifadə etmişdir. Tarixi həqiqət, beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Münxen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulmuşdur. Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar əsasında darmadağın edilmişdir. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur. Münxen Təhlükəsizlik Konfransının auditoriyası kifayət qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox böyük maraq var idi və milyonlarla insan bu debatları həm canlı formatda, həm də ondan sonra izləyə bilmişdir. Ona görə bizim haqq işimiz bir daha öz təsdiqini tapdı və bütün dünya bir daha gördü ki, - mən bunu Valday Forumunda da canlı efirdə demişdim, - Qarabağ Azərbaycandır və nida işarəsi".

Oxunma sayı 116