“Cəbhəboyu ərazilərdə yaranan fasilələri operativ şəkildə həll etməyə çalışırıq” - Vaqif Aydınoğlu

16:36 26.10.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlunun Hafta.az-a müsahibəsi

-Vaqif müəllim, cəbhə zonasında yerləşən yaşayış məntəqələrində elektrik enerjisinin verilişi ilə bağlı yaranmış fasilələr tamamilə aradan qaldırılıbmı?

- Düşmənin təxribatı nəticəsində müəyyən xətlər, dayaqlar, transformatorlar sıradan çıxıb. Amma bizim cəbhəyanı ərazilərdə 24 saat fəaliyyət göstərən qəza xidmətlərimiz fəaliyyət göstərir.  Butun açılmalar, zədələnən xətlər dərhal bərpa olunur. Eyni zamanda, cəbhəyanı zonalarda xüsusi qərargah fəaliyyət göstərir ki, bütün proseslər də həmin qərargahdan idarə edilir. Yəni, açılmalar, zədələnmələr olduqca problem operativ şəkildə aradan qaldırılır, lazımı mal-materialla təmin olunur. Mal-material baxımından da heç bir problemimiz yoxdur.

-Artıq bəzi qurumlar işğaldan azad olunmuş ərazilərimizdə təmir-bərpa işlərinə başlayıblar. “Azərişıq” ASC-nin bu istiqamətdə planları nədən ibarətdir?

- Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi Qarabağ bölgəsində bütün həyat təminatlı sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də geniş miqyaslı işlər görülür. Hal-hazırda “Azərişıq” ASC-nin əməkdaşları cəbhə boyu bölgələrdə düşmənin mülki obyektləri hədəfə alması nəticəsində baş verən qəzaların aradan qaldırılması və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər. Eyni zamanda, “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir. Belə ki, azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarə etmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, ÖİN naqillərdən istifadə etməklə 35 və 0,4 kV-luq elektrik verişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanmış, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start verib. Artıq bununla bağlı zəruri mal və material Cəbrayıl rayonuna çatdırılıb. Əminik ki, işğaldan azad olunmuş torpaqlarımızın hər bir nöqtəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün lazım olan bütün imkanlardan istifadə etməklə “Azərişıq” ASC bu işin də öhdəsindən layiqincə gələcək.

- Bəs, sentyabrın 27-dən bugünədək davam edən düşmən təxribatı nəticəsində enerji təsərrüfatına nə qədər ziyanın dəydiyi müəyyənləşibmi?

-Təbii ki, yaranmış vəziyyətlə əlaqədar mövcud infrastruktura hər gün ziyan dəyir. Düşmən təxribatı nəticəsində enerji infrastrukturuna dəymiş ziyanla bağlı hər gün statistik məlumatlar toplanılır. Lakin hələlik bu barədə konkret rəqəm söyləmək çətindir. Çünki düşmən təxribatları davam etməkdədir və biz də buna uyğun olaraq məlumatların qeydiyyatını aparmaqdayıq. Hazırda isə bizim əsas diqqət yetirdiyimiz məsələ cəbhəboyu ərazilərdə yaranan fasilələrin qısa müddətdə aradan qaldırılmasıdır ki, bunu da operativ şəkildə həll etməyə çalışırıq.

Oxunma sayı 394