Cəlilabadda diş çəkdirən qadın komaya düşdü - GÜNÜN TƏZADLARI

19:36 02.08.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunda dişini çəkdirmək istəyən qadın komaya düşdü. Hafta.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini 1991-ci il təvəllüdlü Şahbazova Könül Bavədar qızı dişin çəkdirmək üçün rayonda yerləşən stamatoloji məntəqələrdən birinə gedib. Məntəqədə çalışan diş həkimi onun dişini keyitmək məqsədi ilə 3 iynə vurub. Qadının dişi çəkilən zaman o, huşunu itirib. Daha sonra xəstə xəstəxanaya çatdırılıb. Həkimlər qadının vəziyyətini ağır kimi qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.

 

Vaşinqton qubernatoru məsciddə Trampı biabır etdi

Vaşinqton ştatının qubernatoru və ABŞ Demokratik Partiyasından prezidentliyə namizəd Cey İnsli həyat yoldaşı ilə birlikdə müsəlmanlarla görüşmək və aktual mövzularla bağlı mövqelərini çatdırmaq üçün Miçiqandakı məscidlərdən birini ziyarət etdi. Hafta.az  Rusiya mediasına istinadla xəbər verir ki, qubernator İnsli Detroyt İslam Mərkəzinin ziyarətçiləri qarşısında çıxış edib. Ona ilk növbədə  anti-İsrail boykot hərəkatına(BDS)  münasibəti barədə suallar verilib.  "Mən bu hərəkatın üzvü deyiləm və oradakı hər şeylə razı deyiləm, amma inanıram ki, ABŞ-da söz azadlığını qorumaq vacibdir" –deyə Vaşinqton ştatının rəhbəri bildirib. C.İnsli prezident Donald Trampın müsəlman konqresmenlərinə qarşı irqçi və islamofob hücumlarını qınayıb. O, həmçinin, Vaşinqton ştatının ABŞ-ın hazırkı prezidentinə qarşı qaldırdığı çoxsaylı iddialarla qürur duyduğunu vurğulayıb. "Bu, yolverilməzdir, bu, Amerikasayağı deyil və hamımız müsəlman icmasına və ya hər hansı digər  icmaya qarşı hücumlara qarşı çıxmalıyıq.  Trampı (məhkəmələrdə) ardıcıl olaraq 22 dəfə məğlub etdik və mən bundan çox məmnunam" -deyə qubernator çəkinmədən bəyan edib.

 

Bakıda “dəlixana”dan ruhi xəstə qaçdı

Paytaxtda ruhi xəstə Psixiatriya Xəstəxanasından qaçdı. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, şəhər sakini Elnarə Əliyeva Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ruhi xəstə olan oğlu, 2002-ci il təvəllüdlü Toğrul Dövlətov 2 gün əvvəl müalicə aldığı Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından hava almaq adı ilə çölə çıxıb və geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Xətaidə lombarda basqın edildi

Bakının Xətai rayonu ərazisində yerləşən lombardlardan birində işləyən qadına qarşı quldurluq edildi. Hafta.az yazır ki,  DİN Mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, hadisə zamanı zərərçəkənin baş nahiyyəsinə xəsarət yetirən naməlum şəxslər quldurluq yolu ilə pul və qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar. Faktla bağlı məlumat daxil olan kimi DİN, Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxslər – Ağcabədi rayon sakini Nəbi Əhmədov və Füzuli rayon sakini əvvəllər məhkum olunmuş Ceyhun Əliyev tutularaq istintaqa təqdim ediliblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Onlar lombarda daxil olan zaman özlərini su idarəsinin əməkdaşları kimi təqdim etdiklərini bildiriblər. Qeyd edək ki, hadisə zamanı N.Əhmədov və C.Əliyev lombardın müşahidə kamerasının yaddaş blokunu da çıxararaq özləri ilə aparıblar. Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

İtkin düşən 10 turist 3 gün sonra tapıldı

Sankt-Peterburqdan Kareliyaya səyahət etmiş 10 nəfərdən ibarət turist qrupu dəniz gəzintisi zamanı itkin düşdü. Hafta.az-ın yazdığına görə, Oxu.az xəbər verir ki, iyulun 24-də “baydarka” tipli qayıqlarla dənizə çıxan qrup iyulun 29-da geri qayıtmalı imiş. Onların yaxınları isə dənizdəkilərlə əlaqənin itdiyini bildiriblər.  Dərhal axtarış tədbirlərinə start verən xilasedicilər güclü külək və yüksək dalğalar səbəbindən çətinliklə üzləşsələr də, nəhayət, üç gün sonra onların izinə düşüblər. Aralarında 15 yaşlı iki yeniyetmənin də olduğu turistlər Ağ dənizdəki adalardan birində sağ-salamat tapılıblar. Artıq bütün qrup vertolyot vasitəsilə xilas edilib.