Cəzaların sərtləşdirilməsinə ehtiyac var

18:43 25.11.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ictimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçiriblər. Aparılan monitorinqlər zamanı Nizami rayonunda fəaliyyət göstərən "Cənnət" və "Qızıl buta" şadlıq saraylarında təmizləyici qurğuların olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya atılan tullantıların miqdarının normadan çox olduğu müəyyənləşib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, ictimai-iaşə obyektlərinin manqallarının fəaliyyətinin dayandırılması aparılan monitorinqlərin nəticəsində aşkarlanan qanun pozuntularına görədir: "Kimin monitorinqlərin nəticəsi ilə bağlı irad və etirazı varsa, nazirliyə, məhkəməyə müraciət edə bilər. Bu, onların qanuni haqqıdır. Biz iradları dinləməyə və təkrar monitorinqlər aparmağa hazırıq. Kimsə hesab edirsə ki, onların qurğuları iy, tüstü buraxmır, toy məclisləri zamanı manqallarında kabab bişirilən vaxt özləri də kənarda dayanıb bu mənzərəni seyr edə bilər. Təbii ki, bu zaman hər kəs havaya atılan tüstünün, qoxunun şahidi olacaq. Əgər tüstü, çirklənmə yoxdursa, kiminsə manqalını niyə bağlamalıyıq? Məqsədimiz kiminsə manqalının fəaliyyətini dayandırmaq yox, havaya atılan tüstünün qarşısını almaqdır".

Onun sözlərinə görə, Nazirliyə daxil olan vətəndaş müraciətlərinin və aparılan monitorinqlərin təhlili göstərir ki, tüstü ilə havaya iy-qoxu yayan iaşə obyektlərinin əksəriyyəti paytaxtın Nizami rayonunda yerləşir.

Mətbuat katibi qeyd edib ki, monitorinqlər zamanı daha çox həmin rayonun ərazisində çirklənmə səviyyəsinin yüksək olması qeydə alınıb: “Ona görə də Nizami rayonu ərazisində yerləşən və təmizlənməmiş tüstünü atmosferə atan bütün şadlıq saraylarında da manqalların istifadəsinə qadağa qoyulacaq. Bu gün, sabah yəqin ki, həmin şadlıq saraylarında toylar olacaq. Obyekt rəhbərləri nəzərə alsınlar ki, bizim əməkdaşlar və məhkəmə icraçıları gəlib manqallardan istifadəni dayandıracaq. Odur ki, indidən tədbirlərini görsünlər”.

Yeri gəlmişkən, artııq manqallarına məhdudiyyət qoyulan bir neçə şadlıq sarayının fəaliyyəti bərpa edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Ramal Bağırov jurnalistlərə bildirib ki, təmizləyici qurğular olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atan bir neçə şadlıq sarayında manqalların istifadəsinə qadağa qoyulmuşdu. Artıq "Piano", "Monte Karlo", "Madonna" restoranlarında filtrlər təmizləndiyi üçün onlarda manqalların fəaliyyəti bərpa olunub.

Departament direktorunun sözlərinə görə, həmin obyekt sahibləri barəsində protokollar tərtib edilmiş və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılmışdı: “Qərarın icrasının təmin olunması məqsədilə sənədlər icra və probasiya şöbələrinə göndərilmişdi. Hazırda həmin obyekt sahibləri mövcud problemi aradan qaldırdıqları üçün manqalların fəaliyyəti bərpa olunub. Lakin bu, o demək deyil ki, onlar tətbiq olunan cərimələrdən azad olunurlar. Həmin ictimai-iaşə obyektlərinin sahibləri arxayınlaşmamalı, qurğuların filtrlərinin vaxtaşırı dəyişdirilməsinə nəzarət etməlidirlər. Əks halda, onlar yenidən cərimələnə və manqalların fəaliyyətinə qadağan qoyula bilər".

R.Bağırov eyni zamanda, digər şadlıq sarayları sahiblərinə müraciət edib: "Təmizləyici qurğu quraşdırmaqla iş bitmir, onların filtrlərinin vaxtaşırı dəyişdirilməsi mütləqdir. Belə olan halda onların cərimə edilməsinə və manqalların bağlanmasına ehtiyac qalmayacaq. Bundan sonra da havanı çirkləndirən iaşə obyektlərində araşdırma və monitorinqlər davam etdiriləcək".

Xatırladaq ki, Azərbaycanda atmosfer havasının mühafizəsi “Atmosfer havasının mühafizəsi haqqında” qanunla tənzimlənir. Sənədə görə, atmosfer havasının mühafizəsi sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri insan sağlamlığının qorunmasının üstünlüyü, insanın həyatı, əmək fəaliyyəti və istirahəti üçün əlverişli ekoloji şəraitin təmin edilməsi, atmosfer havasının çirklənməsindən ətraf mühit üçün bərpa olunmayacaq nəticələrinə yol verilməməsi, atmosfer havasının mühafizəsinə elmi cəhətdən əsaslandırılmış, sistemli və kompleks yanaşmadan ibarətdir.

Qanuna əsasən, atmosfer havasına zərərli maddələrin atılmasının dövlət tərəfindən tənzimlənməsi məqsədilə atılmanın texniki normativləri və onun yol verilən həddi müəyyən edilir. Atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri, habelə atmosfer havasının çirklənmə mənbəyi olan nəqliyyat, digər səyyar vasitələrin və qurğuların növləri üçün atılmanın texniki normativlərini müvafiq icra

hakimiyyəti orqanı müəyyən edir. Müvəqqəti razılaşdırılmış atılma atmosfer havasına zərərli maddələrin atılmasının texniki normativlərinə əməl edilməsi və onların miqdarının azaldılması üzrə tədbirlər planının olması şərti ilə, atılmanın yol verilən həddinə mərhələlərlə nail olunması müddəti üçün müəyyən edilir. Atılmanın yol verilən həddinə mərhələlərlə nail olma müddətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İnsan sağlamlığına və ətraf mühitə təhlükə dərəcəsi nəzərə alınmaqla, atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması tədbirlərini hüquqi və fiziki şəxslər hazırlayır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra həyata keçirirlər.

Sənəddə habelə qeyd olunub ki, təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə riayət edilməsinə dair tələblər təmin olunmalıdır. Şəhər və digər yaşayış məntəqələrinin hüdudlarında, yanında, habelə şəhər və digər yaşayış məntəqələrinin salınması, yenidən tikintisi zamanı atmosfer havasının keyfiyyət normativlərinə zərərli təsir edən təsərrüfat obyektləri layihələşdirilərkən, yerləşdirilərkən atmosfer havasının çirklənməsinin fon səviyyəsi və təsərrüfat fəaliyyətinin həyata keçirilməsi nəticəsində onun keyfiyyətinin dəyişməsi nəzərə alınmalıdır.

Qanuna görə, əhalinin yaşayış yerlərində atmosfer havasının mühafizəsi məqsədilə müəssisə və təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada sanitar-mühafizə zolaqları ayrılır. Belə sanitar-mühafizə zolaqlarının ölçüləri atmosfer havasına atılan zərərli maddələrin yayılma dərəcəsi, müəssisə və təşkilatların sanitar təsnifatı ilə müəyyən edilir. Digər tərəfdən, yeni salınan və ya yenidən qurulan təsərrüfat obyektlərində atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin atılmanın texniki normativlərindən və yol verilən həddindən, zərərli fiziki təsirlərin yol verilən həddindən artıq olmaması təmin olunmalıdır. Atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə əsasən, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi, aparatlardan istifadə edilməməsinə görə fiziki şəxslərin 600 manatdan 25 min manata qədər, hüquqi şəxslərin isə 20-25 min manat cərimələnməsi nəzərdə tutulub.

Mövzu ilə bağlı hafta.az-a danışan ekologiya məsələləri üzrə ekspert Telman Zeynalov bildirib ki, dəfələrlə edilən xəbərdarlığa əməl etməyən iaşə obyektlərinin bağlanması ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılmalıdır: “Atmosferə atılan zərərə görə ilk dəfə xəbərdarlıq olunur, sonra isə qanunvericiliyə uyğun olaraq cərimə nəzərdə tutulur, daha sonra həmin müəssisənin fəaliyyəti dayandırıla bilər. Yaxşı olardı ki, belə hallarda cərimənin miqdarı artırılsın, daha sərt tədbirlər görülsün. Digər tərəfdən mən bu yaxınlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcəm. Həmin görüşdə də məsələ qaldıracam ki, bu monitorinqlərə ictimaiyyət nümayəndələri də qatılsın. Bu məsələni əvvəlki nazirə deyirdik, bizə əhəmiyyət vermirdi. Güman edirəm ki, indiki nazir ictimai şura üzvlərinin bu kimi monitorinqlərdə iştirakını təmin edəcək. Hesab edirəm ki, bu kimi tədbirlərdə ictimai nəzarət nə qədər güclü olarsa, görülən işlərin effekti də bir o qədər yüksək olar”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.