Çin istehsalı olan telefonlara maraq azalıb - Səbəb koronavirus təhlükəsi-REPORTAJ

11:19 14.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Hazırda dünya gündəminin baş mövzusu olan Çinin Vuhan şəhərindən yayılan və dünyanın bir çox bölgəsini cənginə almağa çalışan “Koronavirus” ölkələrarası ticarət dövriyyəsinə də təsirsiz ötüşmür. Artıq bir çox ölkələr Çindən gələn məhsullara, hətta hava reyslərinə qadağa qoyub.

İddialara görə, Azərbaycan da adıçəkilən virusa görə “Kitayski” məhsullarla bağlı ölçü götürəcək. Yəni, Çindən gələn mallar gömrük postlarında saxlanacaq. Yoxlandıqdan sonra onların ölkəyə buraxılıb-buraxılmamaları ilə bağlı qərarlar veriləcək.

Paytaxtdakı bir çox telefon, məişət texnikaları satılan mağazalardan hazırda Çindən məhsul gətirilib-gətirilməməsini soruşduq. Mağazalarda Çindən gətirilən telefonların “ayağı kəsilib” desək yalan olmaz. Çünki son üç-dörd aydır ki, mağazalara Çin istehsalı olan telefonlar gətirilməyib.

Satıcıların sözlərinə görə, sonuncu dəfə bu ölkədən telefonlar payız dövründə gətirilib. Yəni, Çin istehsalı olan telefonların qış kolleksiyasının gətirilib-gətirilməyəcəyi sual altındadır.

Başqa bir mağazada isə bildirdilər ki, son bir-iki ayda telefon gətirməyiblər. Çünki payız dövründə gətirilən məhsulların yarısı heç satılmayıb. Üstəlik, mağazanın sifariş hazırlayıb Çinə göndərməsi və oradan məhsulların ölkəyə gətirilməsi də elə bir-iki ay çəkən prosesdir.

Satıcılar bildirdilər ki, “Koronovirus”un bahalı markalı telefonların qiymətinə təsiri olmasa da, ucuz telefon alıcıları “made in China” emblemini üzərində görüncə telefonlardan uzaq durmağa çalışırlar. Satıcılar iddia edir ki, “Koronovirus”un anti-reklamı sadə insanları daha çox öz təsiri altına alıb.

Köşklərdə satılan telefonlarda isə qiymət dəyişkənliyi hiss olunur. Satıcıların sözlərinə görə, məlum virus olayından sonra ucuz qiymətə gətirilən və təklif olunan Çin məhsullarının qiyməti 5-7 faiz arasında qalxıb. Onlar bunu ölkəyə Çin telefonlarının buraxılmaması ilə əlaqələndirirlər. Üstəlik, hazırda “kitayski” telefonların bazarının yaxşı olduğunu vurğuladılar.

Bir sıra mağazalarda isə Çin istehsallı məişət və texniki avadanlıqların bolluğunu gördük. Satıcılar bildirir ki, “koronovirus”dan sonra qiymətlərdə hər hansı bir dəyişiklik yoxdur. Çünki məhsullar virusun dünyada məşhurlaşmasından xeyli əvvəl ölkəmizə gətirilib. Alıcılıq səviyyəsi isə elə əvvəlki kimidir.

Alıcılarla söhbətimizdən məlum oldu ki, “koronavirus” onların seçimlərinə də təsir edib. Artıq bəzi alıcılar məişət texnikası alarkən Çin malı olub-olmamasına diqqət edirlər.

64 yaşlı Əlfinaz xanım deyir ki, qızına cehizlik ütü almaq üçün gəlib amma Çin yox, “Dubay malı” almaq istəyir:

“Nə bilim, dedilər ki, əşyalardan da yoluxa bilən azardı. Ona görə də ehtiyat edirəm”.

Başqa bir alıcı isə “Mİ” telefonu almaq istəsə də fikrini dəyişib və “İphone” telefon alıb.

Satıcıların sözlərinə görə, əhali arasında Çin məhsullarına tələbatın azalacağı təqdirdə digər istehsalçı plkələrin məhsullarına üz tutmaq məcburiyyətində qalacaqlar ki, bu da üzümüzə gələn aylarda telefon və digər məişət texnikalarının satışı bazarında mütləq qiymət artımının baş verəcəyi deməkdir.

Sosial rubrikasından digər xəbərlər