Çin qəsb etdiyi Hindistan ərazisində kənd salıb

11:00 20.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin, az qala müharibəyə səbəb verəcək təxribata imza atıb. Belə ki, Hindistanla həmsərhəd olan yuxarı Subansiri rayonunun Tsari Chu çayı vadisində 101 evdən ibarət kənd salıb.

Hafta.az NDTV-yə istinadən yazır ki, yeni salınan kənd Hindistan sərhədlərindən cəmi 4,5 kilometr aralıdadır və bu bölgə rəsmi xəritələrdə Hindistanın ərazisi kimi göstərilməkdədir. Hansı ki, 1959-cu ildən ərazini nəzarətə götürən Çin ordusu burada hökmranlıq edir. 

NDTV bildirir ki, sözügedən bölgədə əvvəllər Çinin sadəcə bir hərbi nəzarət məntəqəsi varmış və kənd son vaxtlar salınıb. Maraqlıdır ki, 2019-cu ildə çəkilmiş fotoşəkillərdə ərazidə hər hansı tikinti işlərinin aparılmasına rastlanmayıb. Amma 2-3 ay öncə - noyabrda çəkilmiş şəkillərdə kənd aşkar olunub və belə qənaət yaranır ki, kənddəki evlər məhz 2020-ci il ərzində tikilib. 

Hindistanın Xarici İşlər Nazirliyi mübahisəli bölgədə salınan kəndlə bağlı açıqlamada bildirib ki, bu tikinti, Hindistanla Çin arasında imzalanan bir sıra razılaşmaların pozulması mənasına gəlir. 

Oxunma sayı 1036