“Göydələn“lər göyə gedə bilməyəcək...

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt

Memarlar tarixən formalaşmış şəhərsalma nümunələrini qorumaq qərarına gəlib

Artıq neçə ildir ki, Bakını “müvəqqəti narahatlığa görə üzr istəyirik“ yazılı lövhələr mühasirəyə alıb. Bu lövhələrə şəhərdə hər addımbaşı rast gəlmək mümkündür. Ancaq onu da qeyd edək ki, Bakı öz gözəlliyini bu zəhlətökən lövhələrə borcludur. Hələ də davam edən tikililər arasında hündür mərtəbəli binaların çoxluq təşkil etdiyini desək, yanılmarıq. Bu tip göydələnlər əksərən şəhərin mərkəzində inşa edilir. Düzdü, artıq əksəriyyəti inşa edilən bu binaların uzun müddətdir ki, daimi sakinləri də var. Ancaq görünür yeni qəbul edilən qərar nə bu binalarda yaşayan sakinlərin, nə də şəhərin mərkəzində bina inşa etmək istəyənlərin ürəyincə olmayacaq.
“Göydələn“
qadağası...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata əsasən, Bakının mərkəzində hündür mərtəbəli binaların tikintisinə qadağa qoyulacaq. Belə ki, paytaxtın ərazisində yalnız maksimum 5 və 7 mərtəbəli binaların tikintisinə icazə veriləcək. Komitənin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyir ki, müvafiq müfəssəl plan komitə tərəfindən hazırlanıb. Onun sözlərinə görə, Bakının Baş Planı hazırlanarkən London və Madrid kimi şəhərlərin təcrübəsindən istifadə olunub. Onun fikrincə, bu ölkələrin planında
“göydələn“lər azdır və Bakıda da az olacaq: “Müfəssəl planlaşdırma layihəsində binanın hündürlüyü şəhərsalma əsaslandırması ilə, konkret olaraq binaların hündürlüyü hesablama ilə müəyyənləşəcək. Bundan sonra şəhərin mərkəzində “göydələn“ tikintisinə icazə verilməyəcək. İlin sonunadək hökumət orqanlarından rəy və təkliflər alınacaq, sonra isə təsdiq üçün Bakı Şəhər İcra Hakimiyyətinə və hökumətə təqdim olunacaq.
Cahangir Qocayev bildirib ki, hündür mərtəbəli binaların tikintisi sahəsi 1550 min hektar olan ərazidə qadağan olunacaq. Bu ərazi isə “AMAY“ ticarət mərkəzi, Nərimanov prospekti və Bakıxanov küçəsi arasında yerləşir.

“Bu, inşası davam edən
tikililərə aid deyil“

Hazırda şəhərdə ara vermədən davam edən tikintilərin əksəriyyətini hündür mərtəbəli göydələnlər təşkil edir. Onlar xüsusən də şəhərin mərkəzində inşa edilir. Bu tikintilərdən biri də inşası 1 ildən artıqdır ki, davam edən “Nizami“ metrosunun yaxınlığındakı göydələndir. Hazırda orada tikinti işləri gedir və binanın artıq 5 mərtəbəsi inşa edilib. Bundan başqa, Vidadi küçəsində də bu tip tikinti işləri uzun müddətdir ki, ara vermir. Tikililərlə zəngin olan ərazilər sırasına “28 May“ metrostansiyasının yaxınlığını, Bayıl və sair kimi əraziləri misal göstərmək olar.
Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri deyir ki, planlaşdırma layihəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Həmin layihəyə əsasən, şəhərin mərkəzi hissəsinin tarixən formalaşmış mədəni memarlıq irsinin qorunması məqsədilə hündür mərtəbəli binaların inşasına qadağa qoyulub. Onun sözlərinə görə, həmin yerlərdə “göydələn“lərin tikintisi məqsədəuyğun hesab edilmir: “Layihəçilər təklif edirlər ki, burada ən hündür bina 5 və 7 mərtəbədən artıq olmamalıdır. Dünya praktikasına əsasən, tarixi abidələrin zəngin olduğu ərazilərdə hündür mərtəbəli binaların inşası düzgün hesab edilmir. Belə yerlərdə 3, bəzən də 4 mərtəbəli binaların tikilməsi məqsədə uyğundur. Hündür binalar tarixi abidələrin görünüşünə xələl gətirməklə yanaşı, onların dəyərini də aşağı salır. Əgər belə yerlərdə hər hansısa təmir, abadlıq və ya yeni binanın tikilməsinə ehtiyac yaranarsa, bu 5-7 mərtəbədən hündür olmayacaq“.
Cahangir Qocayev onu da qeyd edib ki, bu proqram layihə kimi təqdim olunub və hazırda onun müzakirəsi gedir. Onun sözlərinə görə, yekun cavab ilin sonuna qədər veriləcək: “Ola bilər ki, əlavə təkliflər də olsun. Ancaq biz bu təklifi daha məqsədəuyğun hesab edirik“.
Şöbə müdiri şəhərin mərkəzində tikintisi hələ də davam edən binaların aqibətinə də aydınlıq gətirdi: “Bu layihə tikintisi başa çatmış və ya hələ də davam edən, habelə lahyihəsi təsdiqlənmiş tikintilərə aid deyil. Sənəd təsdiqləndikdən sonra tikiləcək binalara aiddir. Əgər şəhərin mərkəzində hansısa tikinti işi gedirsə buna qadağa qoymağa ixtiyarımız yoxdur. Qadağalar ancaq sənəd qəbul ediləndən sonra olacaq“.
Nigar İxtiyarqızı